Qalib Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir  

918

Hər  bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Azərbaycan xalqı da tarix boyu azadlığa qovuşması üçün keşməkeşli yollardan, tarixi sınaqlardan keçib. XX əsr Azərbaycan tarixinin parlaq səhifələrindən biri də Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər gördü. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əlağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. AXC-nin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda qarşısıalınmaz bir prosesə başladılar. Bu tarixi hadisə Milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti süqutundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə ordu quruculuğu prosesinə yenidən başlanıldı. Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsası qoyuldu. Dahi rəhbərin güclü, intizamlı ordunun yaradılması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi üçün atdığı addımlar danılmazdır. Belə ki, 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Diviziya komandiri C.Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış  Hərbi Liseyin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
1993-cü ilin ikinci yarısında ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.Ulu öndər görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə də ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Ulu öndərin vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nizami ordunun yaranmasına səbəb olmaqla yanaşı, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəs haqqında müqavilə imzalandı. Nəticədə mərkəzləşdirilmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, fərarilik hallarının qarşısı alındı,şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə  diqqət artırıldı, hərbi-vətənpərvərlik tərbiyəsi gücləndirildi. Hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi.
Milli Ordunun yaradılması günü 1998-ci ilə qədər hər il oktyabrın 9-da qeyd edilsə də, umummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olaraq Milli Ordunun yarandığı 26 iyun günü Silahlı Qüvvələr günü elan olundu. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Qüdrətli Azərbaycan Ordusu qarşısına qoyulan hər tapşırığı yerinə yetirmək iqtidarına malik olub bu gün Nato standartlarına cavab verən səviyyədə formalaşmışdır. Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun Brüsseldə keçirilmiş “Partnership for peace”-“Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qəbul edilib. Bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi tərəfdaşlıq üzrə əməliyyat Planı”na qoşulub. Hər il Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri SNT çərçivəsində keçirilən 500-ə yaxın təlim və seminarda, Nato proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək hərbin ən son yeniliklərini mənimsəyiblər. Ümumilikdə isə bütün bu təlimlər  ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır.
Azərbaycanda hərbi quruculuq işləri bu gün də uğurla davam etdirilir. Bunun başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti, silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Ümummilli liderimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirməsidir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordu sıralarında layiqli yer tutmuşdur. Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən aslı olmamaq üçün mili hərb sənayesini də formalaşdırır və birgə istehsal müəssisələri də yaradılır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının bariz nümunəsidir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah,  sursat, texnika ilə təchiz etmək üçün imkanlar yaradıb. Eyni zamanda,dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın istehsal etdiyi hərb məhsulları da nümayiş olunur. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması Ali baş komandanın yürütdüyü siyasətin nəticəsidir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli ordusu Hərbi Hava və Hava hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması 1992-ci ilə təsadüf edir. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir. Sözügedən qoşun növləri potensial rəqiblə qırıcı və bombardımançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadırlar. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən biri sayılır. Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Dəniz Qüvvələri üçün tikilən yeni bazada tikinti-tamamlanma işləri davam edir. Yeni bazada müasir standartlara cavab verən qərargah, körpülər, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi şəhərcik tikilir, kommunikasiya və digər infrastrukturla təmin olunur. Perspektivdə yeni gəmilərin inşası, müxtəlif tipli gəmi və katerlərin modernləşdirilməsi nəzərdə tutulmuşdur.
Quru Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir.Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir. Quru Qoşunlarının peşəkar kadr təminatını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər hərbi təhsil müəssisələri təmin edir. Quru Qoşunları Azərbaycan torpaqlarını, o cümlədən 1000 km.dən artıq erməni silahlı birləşmələri ilə sərhəd olan əraziləri şərəflə qoruyur.
Bu gün cənab İlham Əliyevin yürütdüyü siyasət, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu baxımdan aparılan islahatlar ordu quruculuğunun tərkib hissəsi olmaqla dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması vaxtında aparılan islahatlarla bağlıdır. Prezident cənab İlham Əliyev ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə aslılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsidir.”
Bu gün iftixarla, fəxrlə deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, döyüşlərin gedişində Silahlı Qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi. İşğaldan azad edilmiş ərazilərdə müasir hərbi infrastrukturun yaradılması işi də yüksək səviyyədə aparılmışdır. Belə ki, ilk dəfə olaraq Xocavənd rayonunda Azərbaycan Ordusunun peşəkarlığının artırılması üçün istənilən hərbi vəzifəni yerinə yetirə biləcək “Komando” briqadası yaradılmışdır. Xatırladaq ki, ötən ilin dekabr ayının 24-də Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində hərbi hissənin açılışındakı çıxışında bildirmişdi ki, Komando briqadasının yaradılması Azərbaycan üçün bir yenilikdir və əlavə olaraq da onu vurğulamışdı ki, bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbiçimiz bu briqadalarda xidmət edəcəklər” – deyən Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universiteti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək, tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri vasitəsi ilə ali təhsilin bütün səviyyələri  üzrə mütəxəssis hazırlayacaq , komandir və qərargah zabitləri hazırlığında idarəetmənin mexanizmini təkmilləşdirəcək. Milli Müdafiə Universiteti şəbəkəsində həm də tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramları da həyata keçiriləcək. Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.Bu təhsil islahatı millilik və dünyəvilik-milli və ümumbəşəri dəyərlərin dialektiki vəhdətinin təmin edilməsi əsasında inkişafa və dünyəvi təhsil sisteminə inteqrasiyaya əsaslı, dayanıqlı nümunə ola bilər. Bu islahatda ulu öndər Heydər Əliyevin “Bizim ölkənin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyimizdən aslıdır” kəlamının da işığı görünür. Bu islahat ordumuzun gücünün, qüdrətinin yüksəlməsi baxımından əhəmiyyətli olacaq.

Azərbaycanın 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistana qarşı başladığı əks-hücum əməliyyatı ilə təcavüzkarın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad olundu. Bu, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasətinin və Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı, qüdrəti, rəşadəti, cəsarəti, qəhrəmanlığı eyni zamanda döyüş ruhunun məntiqi nəticəsi idi.  Belə bir müzəffər ordunun yaradılması isə dövlətimizin başçısının prezidentlik fəaliyyəti dövründə hər zaman diqqət yetirdiyi prioritet istiqamətlərdən biri idi. Cənab İlham Əliyevin vurğuladığı kimi, Müzəffər Silahlı Qüvvələrimiz bu savaşla təkcə faşist Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğratdı.Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı- canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Ordumuzun gücü hesabına düşmənin kapitulyasiyası əldə olundu. 44 gün ərzində dövlətimiz həm ön, həm də arxa cəbhədə mübarizə apararaq bütün xarici təziqlərə, təhdidlərə rəğmən mənfur düşmən üzərində zəfər çaldı. Müzəffər ali baş komandan bununla tarixi ədaləti bərpa etdi və 30 illik həsrətə son qoyuldu.
Vətən müharibəsində Azərbaycan Ordusu böyük zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin və mülki əhalimizin qisasını aldılar.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını ləyaqətlə, vicdanla, uğurla yerinə yetirmiş hərbi qulluqçularımız ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə”, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, Vətən müharibəsi iştirakçılarına (və ya şəhidlərimizin ailə üzvlərinə) təqdim olunmuşdur. “Vətən Müharibəsi Qəhrəmanı” adı başda olmaqla, bu təltiflərin önəmli hissəsi yeni təsis olunub və ilk dəfə təqdim edilib.

Vətən torpağı müqəddəsdir. Tarix bizə sübut edir ki, xalqımızın igid oğulları hər zaman ana Vətənin keşiyindədirlər. Onlar Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər zaman hazırdırlar. Vətənə olan məhəbbəti canından üstün tutanlar 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində qorxmazlıq və mərdlik nümayiş etdirərək qəhrəmanlıq səlnamələri ilə tarix yazdılar.
Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Xalqına güvənən ordu, ordusuna güvənən xalq qələbəyə kökləndi. Millətimiz bir yumruq tək həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu. Əsgərlərimiz səngər-səngər, döyüş-döyüş irəlilədikcə xalqın sevinc harayı dünyaya car çəkirdi. “Qələbə bizimdir!”, “Qarabağ Azərbaycandır!” şüarları düşməni qorxuya salırdı. Qorxu isə düşmənin məğlubiyyətinin təməliydi. Bütün dünya Azərbaycan xalqının nələrə qadir olduğunu bir daha gördü, əsl vətənpərvərliyin şahidi oldu. Bu cür dəstəkdən və Ali Baş Komandanın siyasi iradəsindən ilham alan cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edirdilər.Sürətlə irəliləyən Azərbaycan Ordusu bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi. Düşməni tarixi torpaqlarımızdan qaçmaq məcburiyyətində qoydu. Bundan başqa, haqq savaşımızın gedişatında Ermənistan dövlətinə ağır siyasi və iqtisadi zərbələr endirildi. Heç bir qüvvənin durdura bilmədiyi Azərbaycan Ordusunun gücü Ali Baş Komandanın illərlə döyüş hazırlığının yüksəldilməsinə yönələn ordu quruculuğu siyasətinin təzahürü oldu.
Hər dövlətin ərazi bütövlüyünün, təhlükəsizliyinin qarantı güclü ordusudur. Xalq ordunun ordu xalqın dayağıdırsa, onda dövlətin qüdrəti, özünümüdafiə bacarığı daha da yüksəkdir. Bu gün Azərbaycan əsgəri Vətənə və xalqa sədaqətli xidməti ilə öz övladlıq missiyasını layiqincə yerinə yetirir. Əbəs yerə deyilməyir: “Vətəni qorumaq – onun varlığı üçün hər şeyini qurban verməkdir”.
Xalq öz qəhrəmanları ilə tanınar. Azərbaycan xalqının belə qəhrəmanları minlərlədir. İgid oğullarımız var olduğu müddətcə Azərbaycanımız var olacaq, Vətənimiz yaşayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində dediyi sözləri xatırlamamaq mümkün deyil : “Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, baxmayaraq ki, onların əlində əlverişli mövqelər varıydı ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində  5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdur, geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində 1 nəfər də olsun fərari olmamışdır. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. Onların qəhrəmanlığını heç vaxt unutmayacağıq”.
Azərbaycan Ordusunun hərbi taktikası ABŞ-ın 1946-cı ildə (II Dünya müharibəsindən sonra) qurulmuş Milli Müharibə Kollecinin (National War College) və 1856-cı ildə qurulmuş Seton Hall Universitetinin (Seton Hall University) diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Bu, Qərbin bəzi aparıcı media orqanlarının qənaəitidir. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. 44 günlük müharibə zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və artıq ali hərbi məktəblilərin dərsliklərinə salınır, öyrənilir. Heç şübhəsiz, ordumuzun döyüş hazırlığının, manevr təcrübəsinin artırlmasında Türkiyə ilə müxtəlif dövrlərdə keçirilmiş birgə hərbi təlimlərin özünəməxsus yeri olub. Birgə təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevretmə səriştəsi əsaslı şəkildə artmışdır. Bütün bu deyilənlər hərbi quruculuq işinin cənab Prezidentin dövlət siyasətinin strateji prioritetlərindən biri olduğunu bir daha əyani şəkildə göstərməkdədir.
Azərbaycan XXI əsrin müharibəsini aparmaqla və müharibədə qalib gəlməklə tarix yazdı. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq ordu birliyinin rəmzidir. Vətən müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Müharibənin gedişatına gəlincə, “Dəmir yumruq” əməliyyatının xarakteri və nəticəsi də göstərdi ki, Azərbaycan xalqı və rəşadətli ordumuz son 30 il ərzində öz torpaqlarını azad etməyə hər an hazır olub. 44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblərə nəzər salarkən, burada əsas faktor kimi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən daxili və xarici siyasətdə əldə etdiyimiz uğurları və güclü iqtisadi potensialımızı qeyd etməliyik. Bununla da müstəqil  Azərbaycan Respublikası bütün dünyaya sübut etdi ki, müstəqilliyimiz əbədidir, dönməzdir. Azərbaycan xalqı hər an ərazi bütövlüyünü canı qanı bahasına olsa da təmin etməyə qadirdir.

Nailə Tağıyeva,
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər