Qarabağda aparılan quruculuq işlərinin yeni bir mərhələsi başlayır

700

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Müstəqillik Günü ərəfəsində keçirilən mərasim Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsinin müstəqilliyimizin möhkəmlənməsindən asılılığını ifadə etdiyindən çox böyük rəmzi məna daşıyırdı, çünki Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.

Bunu “İki sahil”ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov dedi.

R.Hüseynov qeyd edib ki, doğrudur rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 1918-ci ildə müstəqilliyə qovuşdu və birinci respublika yaradıldı, lakin yaradılmış respublika çox yaşaya bilmədi, 23 ay sonra süqut etdi: “Bir xalq olaraq biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim hörmətlə anırıq. Hamıya məlumdur ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır. Həmçinin bu faktı unutmaq olmaz ki, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Amma Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra da, yəni 1920-ci ilin noyabrında sovet hakimiyyəti tərəfindən heç bir əsas olmadan Zəngəzur da Azərbaycanın əlindən alınaraq Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi, çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə o vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədiyindən xalqımız böyük faciələrlə üzləşmiş, həm Şərqi Zəngəzur, həm də Qarabağ işğala məruz qalmışdı”.

“Müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da vəziyyət təxminən eyni idi. Müstəqilliyimiz faktiki olaraq böyük təhlükə altında idi, çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”, deyən YAP rəsmisi əlavə edib ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşdür: “Artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır.

Bu gün Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən müstəqilliyə malikdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Azərbaycanın heç bir yardıma və kreditə ehtiyacı yoxdur. Siyasi və iqtisadi müstəqillik imkan verir ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq. Bu müstəqilliyimiz imkan verdi ki, erməni işğalına son qoyaq”.

R.Hüseynov bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin hələ on il əvvəl söylədiyi kimi, hazırda beynəlxalq hüquq işləmir və güc amili ön plandadır, gələcəkdə də ön planda olacaq. Bunun üçün güc toplamalıyıq və daha güclü olmalıyıq: “Azərbaycanın Dünya miqyasında ən sürətli inkişaf edən ölkələrdən biri olması hərbi gücümüzü də artırmağa imkan verir. Yeni silahlı birləşmələrin yaradılması, yeni silahların alınması artan iqtisadi gücümüzlə əlaqədar olduğu qədər, ölkə başçımızın yürütdüyi ağıllı, məqsədyönlü daxili və xarici siyasətin də bariz təcəssümüdür.

Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. 44 gün ərzində Müzəffər Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm ərazi bütövlüyümüzü bərpa etdi, həm ədaləti bərpa etdi, həm milli ləyaqətimizi bərpa etdi.

Türk təfəkkürünün dünyaya bəxş etdiyi fundamental ədəbi abidə olan Kitabi-Dədə Qorqudda deyildiyi kimi: “Torpağı əkib-becərmirsənsə qorumağa dəyməz”. Bu gün Azərbaycan xalqı öz müdrik rəhbərinin ətrafında dəmir yumruq kimi birləşərək indi də doğma torpaqlara həyatı qaytarmaq üçün qollarını çirməyib. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, altı və dördzolaqlı avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ağalı kəndinə köçən soydaşlarımız “Böyük qayıdışın” öncülləridir. Böyük qayıdışa xeyir-duasını verən ölkə başçımız Ağalı kəndinə olan köçlə bərabər Zəngilan şəhərinin Baş planının qəbul olunmasını və yaxın günlərdə inşaat işlərinə başlanması xəbərini də elan etdi. Bu Qarabağda aparılan quruculuq işlərinin yeni bir mərhələsidir”.

Orxan İsrafilov,

“İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər