“Qarabağda müharibə hər an başlaya bilər” xəbərdarlıqları çoxalır

1518

Böyük sülh anlaşmasının əlçatmaz olması müharibənin “şansını” günbəgün artırır; ədalətli barışa nail ola bilməyən vasitəçi dövlətlər kövrək atəşkəsi saxlaya biləcəkmi? Azərbaycanın müdafiə naziri Belarusa gedir – səbəb…

2018-ci ilin ikinci ayı tamamlanmaq üzrə olsa da, hələ ki Qarabağa dair danışıqlarda əhəmiyyətli hərəkətlilik yoxdur. Əslində başqa nikbin gözləntilər olmayıb da. Səbəblərdən biri – iki əsas vasitəçi dövlət olan Rusiya və ABŞ-ın başının əsasən öz aralarında münasibətləri aydınlaşdırmağa qarışması və getdikcə bu münasibətlərin daha sərt xarakter almağa başlamasıdır.

Bəzi siyasi şərhçilərə görə, Moskva-Vaşinqton çəkişməsi tezliklə özünü Azərbaycanın da olduğu Cənubi Qafqaz bölgəsində də göstərməyə başlayacaq. ABŞ-ın Rusiyaya qarşı elan elədiyi və hərbi-sənaye şirkətlərini özündə ehtiva edən son sanksiyaların bir hədəfinin də Moskvanı zəiflədib Güney Qafqazdan çıxarmaq olduğu deyilir.

*****

“Yeni Müsavat”ın xəbər verdiyi kimi, bu arada Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaar Bakıda səfərdə olub. Prezident İlham Əliyevlə görüşdə həlli uzanan Dağlıq Qarabağ problemi də diqqət mərkəzində olub. Eyni gündə həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən xəbərdə bildirilir ki, görüşdə cəbhə xəttindəki vəziyyətə dair məsələlər müzakirə edilib.

Zakir Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha AB rəsmisinə xatırladıb. Azərbaycanın hərb naziri eyni zamanda təmas xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib.

Zakir Həsənov ile ilgili görsel sonucu

Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər. T.Klaar isə öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək Avropa Birliyinin bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

*****

Sözsüz ki, təşkilat rəsmisinin bu mövqeyi təqdiredicidir. Bir çox analitiklərə görə, bütövlükdə Qərb Dağlıq Qarabağ ixtilafının həllində bundan sonra daha fəal olmaq istəyir. Ancaq bu da var ki, konkret olaraq AB hələlik konfliktin nizamlanmasına Rusiya və ABŞ-la müqayisədə ciddi töhfə vermək iqtidarında deyil. Ola bilsin, zamanla bu imkanlar real olaraq artacaq və problemin həllində Brüssellin iştirakı zərurətə çevriləcək.

Amma hələ ki Rusiyaya qarşı sanksiyalarda Avropa ölkələrinin də yer alması, üstəlik, təşkilatın “Şərq Tərəfdaşlığı” proqramı vasitəsilə Azərbaycan və Ermənistan da daxil, 6 postsovet ölkəsini öz tərəfinə çəkmək yönündə davam edən səyləri Kremli Qarabağ nizamlanmasında AB-nin daha fəal iştirakına şübhəli nəzərlə baxmasını şərtləndirir.

Qeyd edilənlər isə o anlama gəlir ki, bölgədə daimi və böyük sülh anlaşması hələ bir müddət də əlçatmaz ola bilər. Demək, müharibə variantı aktuallığını itirməyəcək və müharibə gerçəkdən də hər an alovlana bilər – hansı ki, əslində böyük vasitəçi güclərin heç birinə, ABŞ-a, Rusiyaya əslində sərf eləmir.

Lakin sülh də çox gözləyə bilməz. Dünən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasından doğan Dağlıq Qarabağ konfliktinin başlanmasının 30 ili tamamlandı. Daha neçə on il keçməlidir ki, bölgədə nəhayət, sabitlik və daimi sülh bərqərar olsun, qonşu ölkələr və xalqlar qarşılıqlı inteqrasiya şəraitində tərəqqi eləsinlər? Əlbəttə ki, sualın cavabı yenə xeyli dərəcədə regionda maraqları toqquşan böyük güclərin – Rusiya və ABŞ-ın mövqeyinə gedib dirənir. Sülhün alternativi isə həmişə müharibə olub və olaraq da qalacaq.

Bəs ədalətli barışa nail ola bilməyən vasitəçi dövlətlər kövrək atəşkəsi nə qədər qoruyub saxlaya biləcəklər? Yəqin ki, 2018-ci ildə bu suala xeyli dərəcədə aydınlıq gələcək.  

*****

Qarabağda müharibə aprel ile ilgili görsel sonucu

Bu arada məlum olub ki, Azərbaycanın müdafiə naziri Belarusa işgüzar səfər edəcək. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

İşgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Qeyd edək ki, Belarus Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərində olduğu və silah tədarükçülərindən biridir (Digər ölkələr – Rusiya, İsrail, Ukrayna, Türkiyə və Pakistandır). Şübhə yox ki, səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələsi də diqqət mərkəzində olacaq.

Məsələ də ondadır ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan silahlanma məsələsində şaxələndirilmiş siyasət apara bilir. Buna onun iqtisadi-maliyyə potensialı da imkan verir. İrəvan isə sırf rusun əlinə baxır, silah-sursatı müstəsna olaraq Rusiyadan, həm də ucuz, daxili bazar qiymətinə alır. Yəni o, bütünlüklə Rusiyadan, onun silah kreditindın asılı bir durumdadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər