Qəbulda 700 ballıq şkala ləğv edilir? – DİM sədri cavablayır

603

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin APA -ya müsahibəsi

– Məleykə xanım, bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu yeni qaydalar əsasında aparılır. Abituriyentlərdə, onların valideynlərində bir narahatlıq hiss olunmaqdadır. Yeni dəyişikliklər məzunların bilik səviyyəsinə adekvatdırmı?

– Mənə elə gəlir ki, yeni qaydalar abituriyentləri və onların valideynlərini elə də narahat etmir. Qaydalar hüquqi müstəvidə Dövlət İmtahan Mərkəzi ilə abituriyentlər arasında olan münasibətləri tənzimləyir. Qaydaları isə Nazirlər Kabineti təsdiqləyir. Biz də öz tərəfimizdən onları dəqiq icra edirik. Burada heç bir ciddi narahatlıqdan söhbət gedə bilməz. Zənnimcə, ictimai şüurda “test” məfhumunun bir qədər səhv dərk olunmasını müşahidə edirik. Uzun illər ərzində “test” dedikdə ölkəmizdə elmi-pedaqoji termin deyil, məhz hər bir vətəndaşa öz biliyi sayəsində ali məktəbə qəbul olmaq imkanını yaradan həmin o sosial “lift” nəzərdə tutulurdu. İndi isə insanları o narahat edir ki, əgər əvvəlki sistem işlək və ədalətli idisə, nə üçün bunu dəyişmək lazımdır?! Bax, insanları məhz bu narahat edir. Söz-söhbətlərin özəyi budur. İndi yadımıza salaq, test üsulunun tətbiq olunduğu ilk illərdə bu sistem necə ajiotaj doğurmuşdu.

Hesab edirəm ki, bu ilin qəbul kampaniyası yekunlaşandan və məktəbdə yaxşı təhsil alan, hamının bilikli uşaq kimi tanıdığı şagirdlər yüksək balla ali məktəblərə qəbul olunandan sonra bu narahatlıq hissi aradan qalxacaq.

Bundan əlavə, gəlin razılaşaq ki, bu dəyişikliklər yeni deyil. 11 il bundan əvvəl ölkədə müvafiq dövlət proqramı tətbiq olunanda, bu, yeni sayıla bilərdi. 11 il əvvəl məktəblərdə kurikulum tətbiq olunmağa başlananda, dərsliklər, proqram, təlim və tədris üsulları dəyişəndə hər şeyin necə olacağı məlum idi. Bu illər ərzində məktəbdaxili qiymətləndirmə zamanı da yeni növ ölçmə və qiymətləndirmə materialları istifadə olunub. İki il bundan əvvəl indiki XI sinif şagirdləri hələ IX sinifdə təhsil alarkən ilk yekun qiymətləndirmə prosesindən keçəndə yeni növ imtahanlarda iştirak ediblər. Bu imtahanların nəticələri də ictimaiyyətə elan olunub və təhlillər aparılıb.

Digər tərəfdən, imtahanla əlaqədar müzakirə olunan məsələlər çoxdur, lakin yaxşı olardı ki, bunlar peşəkarlar arasında və akademik müstəvidə müzakirə olunsun. Bizdə isə bu müzakirələr istər-istəməz sosial müstəviyə keçir. Çünki sosial ədalətin təmin olunması ilə bağlı hansısa məsələlər ortaya çıxır. Təəssüflər olsun ki, bu müzakirələr sosial müstəvidən siyasi, bəzən isə şəxsi müstəviyə də keçir. Axı bu yolla biz problemləri həll edə bilmərik.

Dövlət standartları Nazirlər Kabineti tərəfindən hələ 2010-cu ildə təsdiqlənib. Biz isə imtahanları dövlət standartlarına uyğun təşkil etməliyik. Məktəblərdə olan real vəziyyəti də bilirik. Çünki 2013-cü ildən V siniflərdən başlayaraq monitorinq imtahanları keçiririk. İmtahanların məzmunu ilə əlaqədar qərarlar Təhsil Nazirliyi və bizim birgə müzakirələrimiz nəticəsində qəbul olundu. Biz hələ ki, imtahanlarda təhsil proqramında nəzərdə tutulan bütün standartları yoxlamırıq. Müəyyən seçilmiş standartlar əsasında imtahanları təşkil edirik. Burada elmi təhlillərin nəticələrinin düzgün qiymətləndirilməsini bacarmaq lazımdır. Biz məlum dəyişiklikləri məktəbin real vəziyyətinə əsasən etmişik. Amma burada mütləq media amilinə də toxunmaq istəyirəm. Çox zaman jurnalistlər hansısa faktı kontekstdən çıxarıb onu müzakirə etməyə başlayırlar. Başa düşürəm, media həssasdır, amma faktı kontekstdən çıxarmaq olmaz. Belə olduğu təqdirdə, insanlarda yeniliklərə qarşı bir müqavimət hissi formalaşdırılır. Bu isə düzgün deyil.

– Qəbul imtahanları ilə bağlı qanunvericilikdə dəyişikliklər bitdimi?

– Yeniliklər mütləq olmalıdır. Hər bir canlı sistem müəyyən müddətdən sonra dəyişməlidir. O ki qaldı, imtahan və qəbul sisteminə, hər bir model minimum 2 il, maksimum 5 il işlək olur. 5 ildən sonra onu təftiş etmək və yenidən baxmaq lazımdır. Hər 5 ildən bir müəyyən dəyişikliklər baş verə bilər. Zaman dayanmır, zamanın tələbləri də dəyişir. Əgər biz qlobal müstəvidə dünyada gedən yarışa qoşulmaq istəyiriksə, dəyişikliklər qaçılmazdır. Tarix XX əsrin 80-ci illərində və 90-cı illərin əvvəllərində bizə çox ciddi dərslər verib. O dərslərin acı nəticələrini biz hələ də hiss edirik və yaşayırıq. Gərək baş verənlərdən nəticə çıxaraq və bir daha təkrarlanmaması üçün daha çox çalışaq.

– Məlumdur ki, yaz qəbul imtahanları məktəblərdə tədris dövrü başa çatmadan, may ayında keçirilir. Şagirdlər onlara lazım olan müvafiq balı yaz imtahanında toplayır və işini bitmiş hesab edir…

– Sizin bu fikrinizlə razı deyiləm. Axı məktəbdə tədris ilinin sonunda yekun qiymətləndirmə aparılır, illik qiymətlər yazılır. Nizam-intizam məsələləri ilə bağlı sual isə Dövlət İmtahan Mərkəzinə verilməməlidir. Mənə elə gəlir ki, Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşır. Bu proses normal gedir. Bütün dünyada ali məktəblər öz tələbə kontingentini fevral-mart ayından formalaşdırır. Buraxılış sinfi şagirdləri artıq ilin əvvəllərindən hansı universitetlərə qəbul olunduqlarını bilirlər. Bundan başqa, bizdə yaz qəbul imtahanlarında iştirak etmiş 80 faiz abituriyent yay qəbul imtahanlarına da yazılıb və biz hesab edirik ki, bu, onlar üçün böyük bir şansdır. Həmçinin abituriyentlər yaz qəbul imtahanında iştirak etmədən də yay qəbul imtahanlarına yazıla bilərlər. Ancaq təcrübə göstərir ki, onlar hər iki şansdan istifadə etməkdə maraqlıdırlar və bu, müsbət qiymətləndirilməlidir.

– I və IV qruplar üzrə yaz qəbul imtahanlarının və buraxılış imtahanlarının nəticələri artıq açıqlanıb. Nəticələri necə dəyərləndirirsiniz?

– Biz imtahan modelini Təhsil Nazirliyi ilə müzakirə edəndə monitorinq imtahanlarının nəticələrinə əsasən indiki imtahanların nəticələrini də proqnozlaşdırmışdıq. Həmin proqnozlar doğru çıxdı. Xarici dil fənni ilə bağlı proqnoz biz gözlədiyimizdən də yaxşı oldu. Son iki ildə Azərbaycan dili fənni üzrə müşahidə olunan tendensiya da nəticələrin yaxşı olacağından xəbər verirdi. Bu fakt da təsdiqləndi. Eyni zamanda bilirdik ki, riyaziyyat fənni üzrə müəyyən problemlər var. Bu problemləri görürük və onun həlli üçün elmi müzakirələr aparırıq. Hazırda nəticələrlə bağlı tam elmi təhlil aparılmadığı üçün dəqiq fikir söyləmək bir qədər tez olardı.

Bundan başqa ötənilki və builki imtahanların nəticələri müqayisə edilərkən, deyə bilərəm ki, biz indi şagirdlərin daha çox koqnitiv xüsusiyyətlərini yoxlayırıq. Yeni növ tapşırıqlardan istifadə bizə daha çox bacarıqları yoxlamağa imkan yaradıb. 700 ballıq şkalanı saxlamaq o demək deyil ki, biz nəticələri mütləq ötən illə müqayisə etməliyik. Bu müqayisə düzgün deyil. Elmi-statistik təhlillər bütün imtahanlar başa çatdıqdan sonra aparılacaq və həmişə olduğu kimi, 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində ictimaiyyətə təqdim olunacaq.

Fürsətdən istifadə edib, bir məsələni də qeyd etmək istərdim. Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci ildə keçirilmiş tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu “Abituriyent” jurnalının 12 nömrəli buraxılışı nəşr olunub. Uzun illərdir ki, mütəxəssislərin gərgin əməyi sayəsində tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili aparılır, təklif və tövsiyələr bildirilir. Təhlil elmi-statistik xarakter daşıdığından burada müzakirə obyekti daha çox aydın müqayisəli nəticələrə əsaslanmalı, kontekstdən çıxarılmış statistikaya söykənməməlidir. Nəticələr ilk növbədə mütəxəssislər tərəfindən elmi müstəvidə müzakirə olunmalıdır.

Amma bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür yaratmağa çalışırlar. Bir daha Dövlət İmtahan Mərkəzi olaraq media qurumlarından xahiş edirik ki, tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə şəxsi müstəvidə deyil, peşəkar media güzgüsündə baxsınlar.

– Siz “700 ballıq şkalanı saxlamışıq” ifadəsini işlətdiniz. 700 ballıq şkala ləğv oluna bilər?

– Ola bilər, mən burada bir problem görmürəm. İnsanların təfəkküründə, ictimai fikirdə dəyişikliklər çox gec baş verdiyi üçün biz 700 ballıq şkalanı saxlamışıq. Yenə deyirəm ki, insanlar buna öyrəşdiyi üçün biz bunu saxlamışıq. 700 bal bu şkala üzrə rekord nəticədir. Amma hər müsabiqənin öz çempionu var. Bu il də kifayət qədər yüksək nəticə göstərən şagirdlər var. Bütün şagirdlər eyni şəraitdə imtahan verirlər. Tələblər də hamı üçün eynidir. 1992-ci ildən kütləvi imtahanlar keçirilir. İlk dəfə 2007-ci ildə 700 bal toplanılıb. 700 bala yaxın toplayan şagirdlər indi də var. Hazırda yay qəbul imtahanları keçirilir. Ümumiyyətlə, maksimal balın toplanılmamasına görə narahat olmamalıyıq. Bizi əsas maraqlandıran abituriyentlərin elmi müstəvidə biliyin qiymətləndirilməsinə aid olan göstəriciləridir.

– Bu yaxınlarda təşkil etdiyiniz mətbuat konfransında müxtəlif kurslara və repetitorlara xəbərdarlıq etdiniz, bildirdiniz ki, onlar abituriyentləri qayda pozmağa sövq edirlər. Ümumilikdə bu il neçə abituriyentin imtahan nəticələri ləğv olunub?

– Bu il keçirilmiş IX sinfin buraxılış imtahanlarında 45 iş, XI sinfin buraxılış imtahanlarında 47 iş ləğv olunub. Yaz qəbul imtahanına təxminən 67 min abituriyent qatılıb, 23 iş ləğv edilib. Repetitorlar, hətta valideynlər şagirdləri imtahana yola salanda deyirlər ki, bir-birinizə kömək edin. Bütün bunlar var. Bu isə şagirdləri qayda pozmağa sövq etməkdir. Biz qayda pozuntularının qarşısını alırıq və nəticələr ləğv edilir. Bundan sonra isə narazılıqlar başlayır. Biz məcbur olub, qayda pozuntularının araşdırılmasına daha çox vaxt ayırmalı oluruq. İmtahanda binaya buraxılış zamanı da başqalarının əvəzinə keçməyə cəhdlər edilir. Bu ay Gəncədə qeyd etdiyim faktlarla bağlı 3 məhkəmə iclası keçiriləcək. Başqalarının yerinə imtahan vermək istəyənlər artıq məhkəmə qarşısında cavab verirlər. İşlər məhkəmədə olduğu üçün əlavə şərh verə bilmərəm, amma yenə də deyirəm, qayda pozmağa cəhd edənlərin qarşısı alınacaq və bu məsələdə güzəştə getmək olmaz. Məhkəmə prosesi bitəndən sonra belə problemlər üzrə ictimai müzakirələrin təşkil edilməsi çox vacibdir və ümid edirəm ki, siz də media qurumu olaraq bu problemlərin işıqlandırılmasında fəal iştirak edəcəksiniz. Gərək abituriyentlərdə nizam-intizam hissini formalaşdıraq və onlar öz üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirsinlər.

– Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq?

– Bu il dövlət sifarişli yerlərin sayında çox böyük dəyişiklik var. Belə ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8 min artıb. Bu, böyük rəqəmdir. Ötən il dövlət sifarişli yerlərin sayı 12 min idisə, bu il 20 mindir. Bu o deməkdir ki, müsabiqəyə buraxılacaq təxminən 40 min namizəddən hər ikincisi dövlət sifarişli yerdə təhsil almaq şansı qazanacaq. Məlumdur ki, müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə yaranır. Ötən il ödənişli əsaslarla olan müəyyən yerlər boş qalmışdı, namizədlər bu yerlərə ərizə verməmişdilər.

Qəbul qaydalarında da liberallaşma baş verib. Ötən ildən fərqli olaraq, bu il həm ödənişli, həm də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 200 bal, imtahanın ikinci mərhələsində isə 100 bal toplamaq kifayətdir. Fənlər üzrə bal məhdudiyyəti də ləğv olunub.

– 2018-ci ildə ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq müşahidə olunurdu?

– Ümumiyyətlə, qəbul planı əmək bazarının tələbatına uyğun şəkildə hazırlanır və hökumət tərəfindən təsdiq olunur. Abituriyentlərin hansı ixtisas qrupuna daha çox üstünlük verməsi ilə bağlı hər il müxtəlif meyllər müşahidə oluna bilər. Bəzən II, bəzən isə III ixtisas qrupu üzrə sənəd verənlərin sayı daha çox olur. Qəbul planı tərtib olunarkən cəmiyyətdə formalaşmış hansısa dəbli tendensiyalar və yaxud abituriyentlərin sadəcə ali təhsil almaq istəyi nəzərə alınmamalıdır. Misal üçün, bu gün qabiliyyət tələb edən ixtisaslara axın çoxdur, ona görə ki, bəzi hallarda abituriyentlər – xüsusi qabiliyyətə malik olanları nəzərdə tutmuram – I-IV ixtisas qrupları üzrə tələb olunan bilik səviyyəsini nümayiş etdirə bilmədikdə V qrupa üz tuturlar, yaxud qabiliyyət tələb edən ixtisasları ikinci şansları kimi görürlər və kütləvi şəkildə bu qrupa sənəd verirlər. Bizim əsas məqsədimiz abituriyentlərin peşə-ixtisas seçimlərini şüurlu şəkildə həyata keçirmələrinə nail olmaqdır. Əmək bazarında peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində abituriyentlərin düzgün peşə, ixtisas seçimi vacib amillərdəndir və bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Media da burada öz rolunu oynamalıdır. Gərək təbliğat və maarifləndirmə işləri düzgün aparılsın ki, məktəbliləri düzgün ixtisas seçiminə yönləndirə bilək.

– Sizin rəhbəri olduğunuz Mərkəzdə SAT (Scholastic Aptitude Test) imtahanları da keçirilir. Lakin bir çox hallarda bu imtahana qatılmaq istəyənlər sosial şəbəkələrdə yazırlar ki, SAT imtahanı üçün Tbilisiyə gedirlər. Çünki onlar iddia edirlər ki, cavablar öncədən satılır, imtahan nəticələri dəfələrlə ləğv olunur və nəticədə, ölkəmizdə əldə olunan SAT nəticələrinə artıq hər yerdə şübhə ilə yanaşılır. Bu iradlar nə dərəcədə reallığı əks etdirir?

– SAT imtahanları beynəlxalq imtahanlardır. Azərbaycanda 6 mərkəzdə SAT imtahanları keçirilir. Onlardan biri də Dövlət İmtahan Mərkəzidir. Burada imtahan materialları quruma daxil olur, biz administrativ mərkəz kimi imtahanı təşkil edirik, materialları vaxtında ABŞ-a göndəririk və onlar bunu yoxlayırlar. Bizim mərkəzdə kiminsə başqasının yerinə imtahana daxil olması da mümkün deyil. Başqa test mərkəzlərinin işinə biz cavabdeh deyilik. DİM-də bu imtahanlar 2016-cı ildən etibarən keçirilir və bu illər ərzində yalnız bir dəfə- 2018-ci ilin mayın 5-də imtahanı təşkil edən “The College Board” rəsmi olaraq imtahanların keçirilməsini Azərbaycan, Qazaxıstan, Yeni Zelandiya, İrlandiya, Belçika və ABŞ-ın müxtəlif ştatlarında ləğv edib. Bu, onların öz qərarı idi. Çünki onlar materialların imtahandan əvvəl paylanması halları ilə rastlaşıblar. Bu isə bizə aid olan məsələ deyil. 2018-ci ildə ABŞ-ın özündə bu imtahanla bağlı çox böyük qalmaqal baş vermişdi.

– Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsi gündəmdə varmı?

– Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamışdı. Həmin müddətdən bu vaxtadək DİM göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparırdı. Son nəticədə müvafiq qanunvericiliyə əsasən,təhsil xidmətləri ƏDV-dən azad olundu, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV tətbiq edildi. Növbəti tədris ilində Tarif Şurasına müraciət edəcəyik. Çünki imtahanların modeli dəyişib. Hazırda xərclərimiz fərqlidir. Bizim indiyə qədər topladığımız müəyyən qeyri-maddi resurslarımız var idi, onların qiymətləndirilməsi də aparılıb və saytımıza yerləşdirilib. Həmin qeyri-maddi resurslar – test tapşırıqları, müxtəlif proqramlar və s. istifadə olunub. Biz müvafiq hesablamalar aparıb yenidən Tarif Şurasına müraciət edəcəyik.

– Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqi aparılır. Bu sahədə vəziyyət necədir?

– 2012-2016-cı illərdə respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan ənənəvi və yeni təhsil proqramları (kurikulumlar) əsasında I-XI siniflər üzrə hazırlanmış 391 dərslik, 154 müəllim üçün metodiki vəsait və 58 iş dəftərinin məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki cəhətdən məzmuna uyğunluğu baxımından elmi-metodiki monitorinqi aparılıb və yekun rəylər Təhsil Nazirliyinə göndərilib.

Dövlət İmtahan Mərkəzinin Nizamnaməsinə görə, 2016-cı ildən dərsliklərin monitorinqi, yəni qiymətləndirilməsi Təhsil Nazirliyinin sifarişi əsasında aparılır. Təhsil Nazirliyin sifarişi əsasında 2017-2018-ci illərdə ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün yeni kurikulumlar üzrə hazırlanmış Azərbaycan və rus bölmələri üzrə birlikdə 72, 2019-cu ildə isə I, IV, VII və VIII siniflər üçün 31 adda 112 dərslik komplektinin nəşrəqədərki monitorinqi, qiymətləndirilməsi aparılıb. Monitorinq nəticəsində hazırlanmış rəylər Təhsil Nazirliyinə təqdim edilib.

– Dövlət qulluqçularının əmək kitabçalarına daxil edilmiş məlumatlarla onlar barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar arasında uyğunsuzluq halları hələ də aşkar edilir?

– Mən ilk növbədə bütün dövlət qulluqçularını 23 iyun – peşə bayramı münasibətilə təbrik etmək istəyirəm. Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis edilib və hər il yüksək səviyyədə qeyd olunmaqdadır. Ölkə Prezidenti tərəfindən dövlət qulluqçularına xüsusi diqqət və qayğı daim hiss olunmaqdadır. Bu yaxınlarda dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların əmək haqlarının artırılması, eləcə də bayram münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslərin təltif edilməsi bunun bariz nümunəsidir.

Sualınıza gəldikdə isə, bəli, belə hallar aşkar edilir. Bu hallar əsasən dövlət qulluqçusu Mənzil İnşaat Dövlət Agentliyinə (MİDA) və Kredit Zəmanət Fonduna təqdim edilməsi məqsədilə dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək üçün müraciət etdikdə, ehtiyat kadrlar siyahısından dövlət qulluğunda inzibati vəzifəyə təyinat aparıldıqda aşkar olunur. Bundan dərhal sonra tədbirlər görülməsi üçün tərəfimizdən aidiyyəti dövlət orqanlarına müraciət edilir.

– Dövlət qulluğuna qəbul zamanı müsabiqədən uğurla keçmiş namizədlərin vəzifəyə təyin olunmama hallarına, habelə müsahibə təşkil edilmədən qəbul aparılması hallarına rast gəlinir?

– 2018-ci ilin sonunda reyestrə daxil edilmiş məlumatlar üzrə aşkar edilən dövlət qulluğu sahəsində qanunvericiliyə zidd halların sayı 2017-ci ilin sentyabr ayı ilə müqayisədə 93 faizdən çox azalıb. Müsahibədən uğurla keçmiş namizədin dövlət qulluğunda inzibati vəzifəyə təyinatının aparılmaması ştat cədvəli üzrə həmin vəzifə ixtisar edildikdə, dövlət orqanı ləğv edildikdə, bir vəzifəyə bir neçə namizəd iddia etdikdə və dövlət orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində təyinatla bağlı qərar qəbul edilmədikdə baş verir.

Bir məlumatı da deyim ki, hazırda dövlət orqanlarında inzibati vakant vəzifələrdə müddətli əmək müqaviləsi əsasında çalışan 2348 şəxs mövcuddur. Bu isə ümumi vakant inzibati vəzifələrin 42 faizini təşkil edir. Mövcud qanunvericiliyə görə, bu şəxslər dövlət qulluqçusu hesab edilmirlər. Ona görə də həmin şəxslər dövlət qulluğuna qəbul olunmaq üçün mütləq test imtahanında və müsahibədə iştirak edərək uğur qazanmalıdırlar. Dövlət Qulluğu İdarəetmə Şurasının 5 dekabr 2018-ci il tarixli 1 nömrəli qərarında dövlət orqanlarında inzibati vəzifələrdə müddətli müqavilə əsasında çalışan şəxslərin dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarına cəlb edilməsi zərurəti qeyd edilib. Həmin qərar Prezident Administrasiyası tərəfindən müvafiq dövlət orqanlarına göndərilib.

– “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyada” göstərilir ki, dövlət qulluqçularının regionlarda işləməyə həvəsləndirilməsi məqsədilə kompensasiya və birdəfəlik ödənişlər qanunvericilikdə nəzərdə tutulmalıdır. Bununla bağlı DİM tərəfindən hansı zəruri tədbirlər görüləcək?

– Strategiyada nəzərdə tutulmuş tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi ilə bağlı Mərkəz tərəfindən lazımi işlər görülür. Strategiyaya uyğun olaraq 2019-cu ildə Mərkəzə tapşırılmış vəzifələrin əksəriyyətinin icrası təmin edilib.

Dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Mərkəz tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr müəyyən ediləcək, onun tətbiqi mexanizmlərinə dair təkliflər hazırlanacaq. Dövlət orqanlarının rəhbərləri tabeliklərində olan dövlət qulluqçularının, o cümlədən rəhbər vəzifəli dövlət qulluqçularının rotasiyasında maraqlı olmalı, dövlət orqanının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bu alətdən mütəmadi istifadə etməlidirlər.

Dövlət qulluğu vəzifələrinin əksəriyyəti dövlət orqanlarının regionlarda yerləşən bölmələrinə aiddir. Bu baxımdan dövlət qulluqçularının regionlarda işləməyə həvəsləndirilməsi ilə bağlı zəruri tədbirlər görülməlidir. Rotasiya zamanı dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial təminat məsələsi diqqətdə saxlanılmalıdır. Bu məqsədlə regionlara rotasiya ediləcək dövlət qulluqçularına kompensasiya verilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təkliflər hazırlanır. Həmin təkliflərə uyğun olaraq rotasiya ediləcək dövlət qulluqçularına aylıq vəzifə maaşlarına əlavə olaraq müvafiq kompensasiyanın verilməsi, altı aydan çox müddətə rotasiya edilənlərə isə ayrıca xidməti mənzilsahəsinin verilməsi nəzərdə tutulur. Eyni zamanda regionlara rotasiya ediləcək dövlət qulluqçularına birdəfəlik müavinət verilməsi ilə bağlı təkliflər də hazırlanır və müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək.

Bu yaxınlarda cənab Prezidentin müvafiq sərəncamları müəyyən kateqoriyalı dövlət qulluqçularının əmək haqlarının artımına imkan verdi. Bu, çox yaxşı və təqdirəlayiq bir addımdır. Eyni zamanda qeyd edim ki, dövlət qulluqçularının əmək haqlarının xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun müəyyən edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təkliflər hazırlanıb. Bu təklif qəbul edildiyi halda dövlət qulluğunda əmək haqqı işin nəticəsinə uyğun olaraq təyin olunacaq. Bu, çox vacibdir və dövlət qulluğunda işi ilə fərqlənən dövlət qulluqçularında motivasiya yaradacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər