Qəzetlərə niyə reklam verən yoxdur?

1224

Bu gün qəzetlərə reklam verilməsinə maraq və bu işin təşkilində kifayət qədər zəiflik özünü göstərir

İstehsalçıdan istehlakçıya ən dolğun məlumatların ötürülməsi mexanizmi olan reklamın müxtəlif yerləşdirmə formaları mövcuddur ki, onun da ən əsaslarından biri KİV-dir. Amma bu gün qəzetlərə reklam verilməsinə maraq və bu işin təşkilində kifayət qədər zəiflik özünü göstərir. Görəsən şirkətlərin xidmət və məhsullarına reklam lazım deyil, yoxsa qəzet bunun üçün uyğun sahə sayılmır?
Şəxsi münasibətlərə görə reklam

Reklam meneceri Rüfət Nəbiyev hazırda Azərbaycanın reklam bazarında sivil fəaliyyətin mövcud olmadığını deyir: ”Çünki hər hansı bir şirkət bu və ya digər məhsulun istehsalı və ya xidmət göstərməsi ilə yanaşı, həm də özünün reklam şirkətini yaradırsa, burada reklamdan söhbət gedə bilməz. Hazırda bazarın 80 faizini bu cür şirkətlər təşkil edir. Yəni belə desək, şirkətlər özü əkir, özü biçir, özü də satır. Bütün bunlar isə reklam bazarının yanlış formalaşmasından irəli gəlir. Bu faktı ekspertlər də təsdiqləyir”.
Məsələn, sahə üzrə ekspert Hacıəmi Atakişiyev reklam bazarında köklü dəyişikliklərə nail olmaq üçün ümumilikdə strukturun dəyişdirilməsini vacib sayır. Problemlərə son qoymaq üçün reklam hazırlayan agentliklər və reklam yerləşdirilməsi ilə məşğul olan şirkətlər yaradılmalıdır. Ümumiyyətlə, reklam bazarının inkişafı üçün rəqabət mühitinin yaradılmasına ehtiyac var. Menecer reklam bazarındakı vəziyyətin mətbuata da təsirsiz ötüşmədiyini deyir: ”Bu gün ölkənin əksər ciddi qəzetləri reklam tapmaqda çətinlik çəkir. Bəzi qəzetlərin reklam agentləri şirkətlərdən reklam almağa çalışır. Azad iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirlər hesab olunur. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycanda isə qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər”. Statistikaya nəzər yetirdikdə, son illər Azərbaycanın reklam bazarının böyüdüyünü demək olar. Məsələn, əvvəllər mətbuatın reklam bazarının ümumi həcmi 25 milyon dollar idisə, indi 40 milyon manata çatıb. Amma bu böyümədən yazılı mətbuata pay düşmür. Belə ki, televiziya və radio kanallarının reklam həcmi artsa da, mətbuat reklamlarının həcmini artıra bilmir: ”Əgər bu sahədə rəqəmlər uzun illərdir ki, dəyişməz vəziyyətdə qalırsa, deməli, reklam bazarında heç bir inkişaf yoxdur. Əgər ölkədə yüksək tempdə iqtisadi inkişaf gedirsə, onda reklam olunan məhsulların da sayı artmalıdır. Əksər qəzetlərə reklamlar çox vaxt məhsulun cəmiyyətə təqdim olunması üçün verilmir, şəxsi münasibətlər, siyasi sifarişlər rol oynayır. Əvvəlkindən fərqli olaraq hazırda reklamın qiyməti təxminən 30 faizədək ucuzlaşıb”. Bununla yanaşı reklam yerləşdirmək istəyənlərin sayı da kəskin azalıb. Belə ki, maliyyə çətinliyi ilə üzləşən əksər şirkətlər reklam xərclərini kəskin surətdə azaldıblar. Əksər şirkətlər isə sifarişlərinin azaldılmasını reklam yerləşdirilməsi üçün qiymətlərin bahalığı ilə izah edirlər.
Bəs reklam bazarında canlanmanı necə yaratmaq olar? Bunun üçün xüsusi fondun yaradılması və bu qurum vasitəsilə reklamların qəzetlər arasında ədalətli təminini irəli sürən təkliflər də var. R.Nəbiyev bu təklifin mütərəqqi hesab oluna biləcəyini deyir: ”Amma bu zaman ciddi nəzarət lazımdır. Yəni reklamlar fonda verilərsə, onun şəffaf fəaliyyət göstərəcəyi məsələsi də tam həll olunmalıdır. Qəzetlərin tirajı və oxucu sayına əsasən kriteriyalar müəyyənləşdirilməli və reklamlar da bu parametrlərə görə verilməlidir. Bu problemlər həll olunarsa, düşünürəm ki, təklif effektiv rol oynaya bilər”.

“Bu gün oturub hansısa şirkətdən reklam təklifi gözləmək sadəlövlük olardı”

“Sumqayıt Xəbər” qəzetinin baş redaktoru Eyvaz Qocayev də qəzetlərin maliyyə mənbələrinin reklamlar və satış hesabına formalaşmalı olduğunu deyir: ”Ölkəmizdə hər hansı bir siyasi partiya və ya təşkilatların maliyyə hesabına nəşr olunan qəzetlər də mövcuddur və bunu normal hal kimi qəbul etmək olar. Digər maliyyə mənbələri mövcud olmayan qəzetlər isə adətən reklam və satışdan gələn gəlirlər hesabına qəzeti nəşr edirlər. Etiraf etməliyik ki, bu gün birbaşa satışdan və abunə haqqından gələn gəlirlə nəşr olunan qəzet yox dərəcəsindədir. Satışın aşağı olmasının səbəblərini araşdırdıqda, qəzetlərdə yazılan yazılara inamın olmaması, informasiyanın başqa mənbələrdən əldə olunması – xüsusilə də informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq məlumatların internet üzərindən oxumaları və digər amillərə rast gəlinir”. Baş redaktor qəzet oxuyanların sayında getdikcə azalmanın müşahidə olunduğunu deyir. Onun fikrincə, bu halda maliyyə mənbəyi kimi reklamlara və satışdan olan gəlirlərə ümidini bağlayan qəzetlərin yeganə yolu reklamlara çıxışı əldə etməkdir: ”Reklam bazarında da vəziyyət heç də ürəkaçan deyil. Bu problemin mövcud olması da bir çox amillərlə bağlıdır. Qəzetlərdə reklam menecerlərinin olmaması, qəzet oxucularının şirkətlərin hədəf qrupları ilə uyğun gəlməməsi və digər amillərdir. Şirkətlərin qəzetlərə niyə reklam verməməsini araşdırdıqda məlum olur ki, bu, birbaşa qəzet alıcılarının aşağı olması ilə bağlıdır. Əgər şirkət sahibi və ya bu sahəyə cavabdeh şəxslər qəzetin satıldığını və geniş oxucu kütləsinin mövcudluğunu görsə, o zaman özləri reklam üçün qəzetlərə üz tutacaqlar. Başqa sözlə, reklam bazarının aşağı olması da gəlib satışa bağlanır. Digər tərəfdən, konkret hədəf kütləsinə yönəlik qəzetlərin olmamasıdır”.
“Sumqayıt Xəbər”in də bu məsələni araşdırdığını deyən E.Qocayev reklam verənlərin məhz sadalanan səbəblərdən qəzetlərdən uzaqlaşdığını vurğulayır: ”İnsanların qəzetə marağını artırmaq və reklam verənlərin maraqlarını cəlb etmək üçün biz qəzeti pulsuz paylamaq qərarına gəldik. Araşdırma göstərdi ki, reklam verənlər onların reklamlarının qəzet vasitəsi ilə şəhərdə paylanmasını gördükdə buna daha da maraqlı olurlar. Əlbəttə, bizim də bu sahədə qarşılaşdığımız problemlər var. Ona görə də davamlı araşdırmalar aparır, reklam verə bilən potensial şirkətlərin maraqlarına uyğun addımlar atırıq. Yaxşı olar ki, qəzetlər reklam strategiyası hazırlasınlar və davamlı olaraq bazarı araşdırsınlar və təkliflərlə çıxış etsinlər. Bu gün oturub hansısa şirkətdən reklam təklifi gözləmək sadəlövlük olardı”.

Düzgün istiqamətləndirilməyən şirkətlər də şikayətçidir

“Timse Consulting” şirkətinin Times Marketing direktoru Ruhiyyə Kaçan Yolçuyeva isə 6 ildən artıqdır ki, Azərbaycanda dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin inkişafında, bu yolda düzgün strategiya seçməsində onlara dəstək verilməsi üçün xidmət göstərdiklərini deyir: ”Şirkəti treninq, ictimaiyyətlə əlaqələr, xüsusi servis, eləcə də reklam ilə xidmətləri məşğul olur. Bizim üçün müştəri özümüz qədər dəyərlidir və onun uğuru bizim uğurumuzdur. Bizim xidmətlərimizdə əhalinin ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri olan sərnişin daşıma avtobuslarında reklamların yayımlanması, əhalinin sıx ziyarət etdiyi iş mərkəzlərində və istirahət yerlərində reklamların yerləşdirilməsi də daxildir”. Şirkət rəsmisinin fikrincə, reklam özünü tanıtmaq, bazarda var olmaq və satışını sürətləndirmək istəyən hər bir şirkət üçün vacibdir: ”Mən bunun fərqində olan və reklamdan fayda görən özəl şirkətlərin reklama biganə yanaşdıqlarını düşünmürəm. Bunu artıq bəzi böyük şirkətlərin hər an gözümüz önündə olan müxtəlif reklam vasitələrində yer alması da təsdiqləyir. Büdcəsi kifayət qədər olan şirkət reklam vasitəsini çox incələmir. Amma büdcələrini doğru yer yonləndirmək və effekt almaq istəyən özəl şirkətlər isə bəzən doğru reklam vasitəsi və ya ona bu istiqaməti göstərən agentliklə qarşılaşa bilmirlər. Hətta Azərbaycan bazarında əvvəllər reklam olunmuş bir çox şirkətlər məhz istədiyi nəticəni ala bilmədiyindən və doğru istiqamətləndirilmədiyindən şikayətçidir”.

“Şirkətlər reklama biganə deyil, tərəddüdlə yanaşırlar”

R.Yolçuyeva əslində ölkəmizdə reklam və bu sahədə peşəkar xidmət təkmilləşməyib. Reklam qanunvericiliyində də boşluqlar özünü göstərir: ”Bunun üçün də şirkətlər reklama biganə deyil, tərəddüdlə yanaşırlar, desək, daha doğru olar”. Direktor şirkətlərin qəzetlərdə reklama maraq göstərməməyinə də aydınlıq gətirib: ”Əslində, bunun məni təəssüfləndirən bir cavabı var. Hər reklam vasitəsi hədəf kütləsinə görə şirkətləri cəlb edir. Reklam verən media satınalma, outtdoor reklamları və digərləri ilə nə qədər insana çata biləcəyini planlayır”. Məhz oxucu kütləsi də nəzərə alınaraq inkişaf etmiş ölkələrdə qəzet reklamları həyata keçirilir: ”Amma çox təəssüflə deməliyəm ki, bizim qəzetlərimiz artıq heç də yetərli qədər oxucu toplaya bilmir. Bunun səbəbini əhalinin alış gücü ilə bağlayanların əksinə olaraq, mən səbəbi xalqımızın nədənsə oxumağa marağının azalmasında görürəm. Bəlkə də oxucu qəzetdə istədiyi məlumatı tapa bilmir, bəlkə də qəzeti kifayət qədər tanımır və s. Dünyadakı yazılı mətbuata örnək olaraq baxsaq, onlar dəyərli qələm sahiblərini transfer edərək və hətta yazılarını belə mediasatınalma ilə xalqa çatdıraraq reklam paylarını artırırlar”.
Müvafiq fondun yaradılması təklifinə gəlincə, R.Yolçuyeva bunu normal saymır: ”Bəlkə dövlətin reklama ayırdığı büdcə bərabər dağıdıla bilər. Amma özəl şirkətlərə bu necə tətbiq oluna bilər axı? Oxucu kütləsi olmayan və çox olan qəzetlərə eyni pay verilməsi doğrudurmu? Özəl şirkətlər daha çox insana çatmaq üçün daha çox oxucusu olan mətbuat orqanına üstünlük verərlər”.
Şirkət rəsmisi reklam sahəsində işlərin qurulması ilə bağlı tövsiyələrini də bölüşüb: ”İlk öncə şirkətlərin mütləq reklam strategiyaları olmalı, doğru reklamçılarla çalışmalıdırlar. Reklamdan gözlənilən nəticəni almaq istəyən şirkət mütləq profilinə uyğun reklam seçməli, əməkdaşlıq etdiyi reklamçı onu doğru istiqamətləndirməlidir. Amma bu heç də belə olmur. Məsələn, bölgədəki xalqa çatmaq istəyən bir şirkət Bakıdakı bilbord vasitəsini seçir və fikirləşir ki bu bölgənin insanı paytaxta gələndə həmin bilbordun önündən keçəcək. Bu gülüncdür. Digər tərəfdən, reklam agentlikləri də çoxalır və hər biri öz xidmətini satmaq istəyir. Müştəriyə uyğun olsun və ya olmasın”. Qəzetlərə gəldikdə isə onlar əvvəlcə oxucu kütləsinin sayını artırmağı hədəfləməlidirlər. Oxucunu maraqlandırmalı, ictimaiyyətlə əlaqələri güclü olmalıdır: ”Artıq həftədə bir dəfə çıxan qəzetlər gündəlik nəşr olunmalı və ya madiyyatla əlaqədardırsa, reklamverənə sitəm etməməlidirlər. Qəzet informasiya vasitəsidir, maarifləndiricidir. Köhnələn informasiya kimsəyə lazım deyil. Qəzetlər gündəlik yazı köşələri olan qələm əhlinə, tanınmış adamlara səhifələrində yer verməlidir. Əslində bəzən şirkət tanınmış müəllifin yazısı çıxdığı qəzetdə də reklamının yer almasını özü üçün imic hesab edər. Yəni reklam verənin ehtiyacı olduğu bir vasitəyə çevrildikdən sonra təbii reklam işini də doğru quraraq, bu ehtiyacı şirkətə anladaraq hər qəzet böyük gəlir əldə edə bilər”.

Həqiqət İSABALAYEVA, KASPI qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər