Qlobal koronavirus pandemiyasının iqtisadi təsirləri

141

Kənan Aslanlı, iqtisadçı ekspert

Çindən başlayıb bütün dünyaya yayılan koronavirus pandemiyası qlobal miqyasda sosial-iqtisadi və humanitar sahələr üzərində dərin neqativ təsir yaratdı. Dünya iqtisadiyyatının 2020-ci ildə 5% kiçiləcəyi proqnozlaşdırılır. BMT qlobal pandemiyanın səhiyyə, təhsil, məğulluq və həssas sosial qruplara təsirinə dair hesabat yayımlayıb və bu hesabatda qlobal risklər ilə bağlı maraqlı məqamlar önə çıxır:

Dünyadakı kənd əhalisinin 50%- dən və şəhər əhalisinin 20%-dən çoxunun tibbi sığorta vasitəsilə ilə davamlı səhiyyə xidməti təminatı yoxdur.

  • 2 milyard insan içməli su təminatına və 4.2 milyard insan isə təməl sanitariya imkanlarına sahib deyildir. Bu insanlar virusa qarşı ən effektiv profilaktik tədbir olan əllərini teztez yumaqdan məhrumdurlar.
  • İnkişaf etməkdə olan ölkələr orta hesabla ÜDM-in yalnız 2%-ni səhiyyəyə xərcləyir ki, ümumdünya ortalaması 4.7%-dir. Dünyada səhiyyə işçilərinin və sosial işçilərin 70%-i qadınlardır və onlar ciddi şəkildə infeksiya riski altındadır.
  • Digər sosial risk qrupları yaşlılar, əlillər, həbsdə olanlar, konflikt bölgəsində yaşayanlar və miqrantlardır. 25 milyonadək insan pandemiya nəticəsində iş yerini itirə bilər və əmək gəlirləri itkisi ən azı 860 milyard dollar təşkil edəcək. Kiçik və orta müəssisələr, fərdi şəkildə və gündəlik qazancla çalışanlar üçün vəziyyət daha çətin olacaq.
  • Dünyanın 166 ölkəsində məktəb və universitetlər bağlanıb. 1.5 milyarddan çox uşaq və gənc hazırda məktəbə və ya universitetə getmir (qeydiyyatda olan tələbə və şagirdlərin 87%-i) və canlı sosial ünsiyyətdən uzaqdırlar.
  • Daha böyük hissəsi az inkişaf etmiş ölkələrdə olmaqla təxminən 3.6 milyard insan “offline” rejimdədir və keyfiyyətli internet bağlantısının olmaması uzaqdan təhsilə və səhiyyə konsultasiyalarına maneə törədir

Pandemiyanın ortaya çıxartdığı iqtisadi qeyri-aktivlik və tələb daralması xammal formasında olan müxtəlif enerji daşıyıcılarının, metalların və kənd təsərrüfatı məhsullarının qiymətinə azaldıcı təsir edib. İstisna təşkil edən və qiyməti pandemiya dövründə də artan əmtəələr də var (buğda, düyü, kofe və uran). Təchizat zəncirinin pozulacağı gözləntisi ilə istehsalçı ölkələr ixracı azaldıb, qiyməti isə yüksəldib. UNCTAD hesablamalarına görə 2020-ci ilin birinci rübündə beynəlxalq ticarəti ən çox azalan sektor tekstil olub. 2020-ci ilin aprel ayında isə ən kəskin azalma nəqliyyat vasitələri və enerji daşıyıcılarının ticarətində yaşanıb.

Koronavirus pandemiyası və neft bazarı

Dünya Səhiyyə Təşkilatının koronavirusu qlobal pandemiya elan etməsi, beynəlxalq səyahətlərin qadağan edilməsi, neftayırma zavodlarının işini dayandırması, neft istehsalçıları arasında “qiymət müharibəsi”nin dayandırılması ilə bağlı müsbət siqnalın olmaması dünya bazarında xam neftin qiymətini 2020-ci ilin mart ayında daha da ucuzlaşdırdı və qlobal səhm bazarlarına neqativ təsir etdi. Dünya bazarında neftin qiyməti 1991-ci il Körfəz savaşından (34%) sonra ən sərt düşüşü yaşadı (31%). Koronavirusun neftə tələbi daraltması ilə başlanan azalma “OPEC+” formatında Rusiya və Səudiyyə Ərəbistanı arasında razılaşma olmaması ilə 2020-ci il mart ayında daha da dərinləşdi. Səudiyyə Ərəbistanının hasilatı yenidən 10 milyon barrelə yüksəltməsi qərarı və öz neftinə endirim tətbiq etməsi bu tarixi düşüşü zəruri etdi.

Ən böyük neft istehsalçıları olan ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı arasında bazar payı uğrunda “qiymət savaşı” (price war) başladı. Amma heç bir ölkə 20- 30 dollar kimi aşağı neft qiymətinə orta və uzun müddətdə hazır deyildi. Səudiyyə Ərəbistanının dövlət büdcəsinin balanslı olması üçün neftin qiyməti 80 dollar civarında olmalıdır. Rusiya 2020-ci il dövlət büdcəsində neftin qiymətini 42 dollardan hesablayıb, amma cəmi 1%- lik iqtisadi artım və sanksiyalar fonunda onun da aşağı neft qiymətinə immuniteti zəifdir.

Hazırda isə müxtəlif marka xam neft qiymətləri 40 dollar civarında dəyişir. Amma ümumilikdə 2020-ci ildə neft tələbinin illik müqayisədə günlük 9.3 milyon barrel azalması gözlənilir, yəni yüksək neft qiymətləri 2020-ci il ərzində gözlənilmir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə 2020-ci ilin aprel ayında neftə olan qlobal tələb bir il əvvələ nisbətən günlük 29 milyon barrel azalaraq 1995-ci ilin səviyyəsinə endi. 23 ölkədən ibarət olan “OPEC+” qrupu gündəlik xam neft hasilatını 9.7 milyon barel azaltmaq qərarını uzatdı və bu qərar dünya bazarında neft qiymətini 40 dollar psixoloji hədd ətrafında saxlamağa təkan verdi.

Koronavirus pandemiyası və Azərbaycana iqtisadiyyatı

Azərbaycana iqtisadiyyatına koronavirus pandemiyası və neftin qiymətinin düşməsi eyni anda mənfi təsir göstərdi. Zəruri addım olaraq tətbiq edilən xüsusi sərtləşdirilmiş karantin rejimi iqtisadi aktivliyi daha da azaltdı. Sərhədlərin və hava limanlarının bağlanması, ölkədaxili hərəkətin məhdudlaşdırılması turizm, restoran və digər xidmət sahələrinin gəlirini kəskin azaltdı. Dünya Bankının hesablamalarına əsasən Azərbaycanda 2020 və 2021-ci illərdə ÜDM-in real artım tempinin ən azı 2% azalacağı proqnozlaşdırılır. Anti-böhran tədbiri olaraq hökumət səhiyyə xərclərini artırdı, böhrandan təsirlənən özəl sektora yönəldilən birbaşa və dolayı dəstəyin isə ÜDM-in 4.1%-i həcmində olacağı elan edildi. Vətəndaşlara və kiçik ölçülü müəssisələrə yönəldilən maddi dəstək ictimaiyyətdə tam adekvat hesab edilmədi. Büdcə gəlirlərinin və ixrac səbətinin diversifikasiyasının önəmi böhran dövründə bir daha ortaya çıxdı.

Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən maliyyələşdirmə dərəcəsində ciddi dəyişiklik etmədi, amma faiz dərəcəsi koridorunun aşağı həddini bir qədər yüksəltdi və yuxarı həddini bir qədər azaltdı. AMB bu müddətdə dörd banka müvəqqəti inzibatçı təyin etdi və tədricən bunları bağladı. AMB pandemiya müddətində maliyyə sektoruna dəstək məqsədilə bir sıra digər tədbirləri də həyata keçirdi: sistem əhəmiyyətli banklar üçün kapital tələbləri və risklər ilə bağlı tədbirlər, gecikmiş ödəmələr və faiz cərimələrinə moratorium, sığorta haqları üzrə təminatlar, kredit təşkilatlarında yoxlamaların dayandırılması. AMB xarici maliyyə tərəfdaşlarından biri ilə 200 milyon dollarlıq valyuta mübadiləsi sazişi (“swap agreement”) imzaladı. AMB və Dövlət Neft Fondu valyuta hərracları vasitəsilə xarici valyutaya olan tələbləri ödədilər və valyuta məzənnəsi ən azından 2020-ci ilin mart-iyun ayları ərzində stabil qaldı. 2020-ci il ərzində tədiyyə balansının vəziyyəti məzənnə siyasətini müəyyən edən önəmli faktor olacaq.

Digər ölkələrin antiböhran tədbirləri və perspektivlər

Cənubi Koreya hökuməti aşağı gəlirli ailələrə maddi yardımların verilməsindən kiçik və orta bizneslərin 4 fərqli növdə məcburi sosial sığorta ödənişlərinin təxirə salınmasına qədər çeşidli anti-böhran tədbirlərini elan etdi. İrlandiya hökuməti pandemiya dövründə potensial risk daşıyan insanları sosial təcridə təşviq etmək üçün həkim məsləhəti ilə evdə karantinada olan işləyən şəxslərə həftədə 350 avro müavinət ödədi. Gürcüstan hökuməti müxtəlif xarici ölkələrə gedib mövsümi işlərdə çalışan işçilərə təqribən 100 dollar məbləğində birdəfəlik maddi yardım edir. Türkiyədə ehtiyacı olan ailələrə pul yardımı edildi və böhrandan təsirlənən dövlət şirkətlərinə dövlət subsidiyaları yönləndirildi.

“Pandemiya iqtisadiyyatı” örnəkləri içərisində karantin dövründə insan resursu çatışmazlığı və dövlətin iqtisadi yükünün azaldılması tədbirləri də ön plana çıxdı. Rusiyada 15 iyun 2020-ci ilə qədər işəgötürənlər iş icazəsi olmayan xarici vətəndaşları işə götürə bildilər. İranda isə dövlətə məxsus ən böyük sosial sığorta şirkəti, “Esteghlal” və “Persepolis” futbol klubları özəlləşdirməyə çıxarıldı. Almaniya Federal Əmək və Sosial İşlər Nazirliyi pandemiya bitdikdən sonra da istəyən və işinin mahiyyəti buna uyğun olan işçilərin evdən çalışmasına imkan verən qanun layihəsi hazırladı. Mərkəzi hökümətlə yanaşı yerli idarəetmə strukturları da müxtəlif ölkələrdə pandemiya dövründə maraqlı sosial dəstək tədbirləri (“soft measures”) həyata keçirdi.

Pandemiyanın mövcud iqtisadi qaydalarda, vərdişlərdə və siyasətlərdə daha qalıcı dəyişiklik yaradacağı və öncədən başlayan sosial-iqtisadi dəyişiklikləri gücləndirəcəyi təxmin edilir. Harvard Universitetinin professorlarından Dani Rodrikin dediyi kimi “Pandemiya böhranı hər bir ölkənin siyasətinin dominant xüsusiyyətlərini üzə çıxardı və ölkənin idarəetmə sisteminin təbiətinə uyğun olaraq qarşılandı. Pandemiya dünyanın trayektoriyasını tamam fərqli istiqamətdə dəyişmək əvəzinə, böhran öncəsi mövcud olan meylləri daha da gücləndirəcək”.

Ecovision” jurnalı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər