QMİ vətəndaşlara çağırış etdi

1063

Xəbər verdiyimiz kimi, bu il Ramazan ayının 1-ci günü 25 aprelə təsadüf edəcək.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bəyanat yayıb. Bildirilib ki, hazırkı vəziyyəti nəzərə alaraq din xadimləri vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırır:

“Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, öz tərəfimizdən məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar vermişik. Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik.

Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir.  İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq”.

Son olaraq qeyd olunub ki, bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək bayram namazı ilə bağlı vətəndaşlar məlumatlandırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər