Qonşusunun arvadını hamamda izlədi, əri tərəfindən döyüldü – BAKIDA

1336

Hamamda arvadını gizli şəkildə izləyən qonşusunu döyməkdə təqsirləndirilən Marif Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılıb.

İstintaqla müəyyən edilib ki, Marif Nəcəfov arvadını hamamda gizli izləyən qonşusunu döyüb. Belə ki, M. Nəcəfov azyaşlı uşağını çimdirən həyat yoldaşının hamam otağından qəzəbli şəkildə çıxdığını görüb. Bunun səbəbini yoldaşından soruşsa da, arvadı heç bir söz deməyib.

M. Nəcəfov özü hamam otağında daxil olub və bu zaman qonşu mənzildən kiminsə hamamın şaxtasının pəncərəsindən ona baxdığını görüb. Bundan qəzəblən M.Nəcəfov əynini geyinib və ailə üzvlərinin narahatçılığına səbəb olan davranışlara yol verən Rüfət Əhmədovun mənizlinə gedib. Onu dəhlizə dəvət edib. M.Nəcəfov qonşusuna onun evinin hamamına baxmasının ədəbsizlik olduğunu bildirib. Bu zaman qonşular arasında mübahisə yaranıb. M.Nəcəfov R.Əhmədovun sol göz və sol qulaq nahiyələrinə yumruqla zərbələr vuraraq yerə yıxıb, daha sonra onun qarnına təpiklə zərbələr endirib.

R. Əhmədov şikayəti əsasında M.Nəcəfov həbs edilib. Ona Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən M.Nəcəfov ifadəsində bildirib ki, qonşusunu onun evinin hamamına baxdığı üçün döyüb: “Evdə idim, yoldaşım uşaqları çimdirdi. Birdən əsəbi halda hamamdan çıxdı. Səbəbini soruşdum, heç nə demədi. Hamama özüm girdim. Hələ işığı yandırmamış şaxtadan hamama işıq düşdüyünü gördüm. Şaxtanın pəncərəsindən baxanda Rüfət Əhmədovun hamama baxdığını gördüm. Rüfətin bu hərəkətinə çox əsəbiləşdim. Evdən çıxıb Rüfətin evinə getdim. 2-3 dəqiqə keçdikdən sonra Rüfət bloka çıxdı və ondan nəyə görə şaxtanın pəncərəsindən hamamın içinə baxdığını soruşdum. Rüfət də pəncərədən baxmadığını dedi. Ayıb deyil, hər kəsin anası-bacısı var dedim. Rüfət yenə dandı ki, baxmamışam. Rüfətin sifətinə əlimlə bir dəfə vurdum və sonra əlbəyaxa olduq. Rüfəti yerə yıxıb bir dəfə onun sol böyür nahiyəsinə təpiklə vurmuşam. Sonra çıxıb evə getdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, evdə Rüfətin gəlib üzr istəməsini gözləyib: “Lakin o gəlmədi. Səhəri gün ərazinin polis sahə rəisi zəng edərək məni idarəyə dəvət etdi. Onda bildim ki, Rüfət məndən şikayət edib amma onun xəstəxanaya getdiyini bilməmişəm. Polisdə dedilər ki, xəstəxanaya gedib və əməliyyat olunub. Ona ağır xəsarət yetirmək niyyətim olmayıb. Rüfət Əhmədov üzr istəsəydi, onu vurmazdım”.

Zərərçəkmiş şəxs qismində dindirilən Rüfət Əhmədov isə bildirib ki, hadisə olan gün hamama girib şaxtanın kiçik pəncərəsini açaraq orada olan su kranını açıb: “Sonra otağa keçib çay içdim. Qapı döyüldü və cavan bir oğlanın dayandığını gördüm. Həmin oğlan qonşu olduğunu və mənimlə söhbət etmək istədiyini dedi. İdman paltarında olduğum üçün paltarımı geyinib qapıdan bloka çıxdım. Adının Marif olduğunu sonradan bildiyim oğlan evdə tək qalıb-qalmadığımı soruşdu. Dedim tək yaşıyıram. Sonra Marif mənə hamamın şaxtasından niyə onun evinin hamamına baxdığımı soruşdu. Məndə ona dedim ki, mən onların hamamına baxmamışam. Sonra o qəfilətən yumruqla sol gözümdən və sol qulağımdan iki dəfə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Yıxıldıqdan sonra Marif qarnıma təpiklə zərbələr endirdi”.

Zərərçəkən qeyd edib ki, evdə su kranını açıb-bağlayanda qarşıdakı mənzilin hamamına baxmayıb: “Hadisədən sonra özümü çox piss hiss etdim və qonşudan kömək istədim. Qonşunun çağırdığı taksiyə minib xəstəxanaya getdim”.

Təqsirləndirilən şəxsin həyat yoldaşı ifadəsində bildirib ki, uşaqları hamamda çimdirən zaman qonşu ona baxıdığını görüb: “Həmin şəxsə hirsli formada nəyə baxdığını soruşdum. Cavab vermədi ,şaxtadan hamamlarına baxmağa davam etdi. Pis oldum, uşağı da çimdirmədən hamamdan çıxdım. Marif gördü ki, çox əsəbiyəm. Səbəbini soruşdu, demədim. Özü hamama girib vəziyyəti başa düşdü. Evdən çıxdı. Marif evdən çıxandan 3-4 dəqiqə sonra blokda səs-küy eşitdim, qapını açaraq Marifin blokda bir nəfərlə əlbəyaxa olduğunu gördüm. Marifə qışqırdım və o da gəlib içəri girdi”.

Hakimlər kollegiyasının hökmünə əsasən Marif Nəcəfov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, istintaqda tərəflər arasında barışıq olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər