Qotur xəstəliyi və Sumqayıtdakı əlil evi

1390

Kanalizasiya balıqlarının alış-verişi davam edir

Təhlükə mənbəyi olan bu alverə “dur” deyən yoxdur

“Mən səhər saat 7-də gəlmişəm bura. Gəldim ki, göldə bütün yaxşı yerlər artıq tutulub. Çalışıb yuxudan tez durmaq lazımdır. Çünki, səhər çağı sakitçilik olur deyə, yaxşı balıq tutmaq olur. Elə gün olur ki, çox balıq tuturam, elə gün də olur ki, 2-3 dənə ancaq”. Bunları bizə Zabratdakı kanalizasiya gölündən balıq tutan Telman dayı dedi.

Bakıda kanalizasiya gölündən tutulan və əhaliyə satılan balıqlar barədə qəzetimiz vasitəsilə bir neçə dəfə məlumat vermişik. Hətta, cari ilin yanvar ayında həmin göllərdən biri ilə tanış olub, balığın necə tutulmasını və satılmasını əyani şəkildə göstərmişik. Amma son aylarda balıqdan zəhərlənmə hadisələri artdığından məsələ yenə aktuallaşdı. Ötən həftəki yazıda yol kənarında balıq satanlarla söhbətimiz zamanı bir daha təsdiq olundu ki, Bakıda yenə də kanalizasiya sularından tutulan balıqlar da satılır.
Ona görə də, üzərindən bir ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, yenə həmin yerə – Sabunçu rayonunun Zabrat-2 qəsəbəsində Kürdəxanı İstintaq Təcridxanası yaxınlığında yerləşən kanalizasiya gölünə yollandıq ki, görək orada yenə balıq tuturlarmı?!

Xatırladaq ki, Zabrat qəsəbəsinin bütün kanalizasiya suları yaxınlıqdakı süni gölə axıdılır. Göldən isə hər gün balıq tutub camaata satırlar. Göldən gələn pis qoxu qəsəbəyə girər-girməz hiss olunur. Hazırda qış ayı olduğundan üfunət elə də hiss olunmur, amma yayda əziyyət dözülməz həddə çatır. Qəsəbə sakini Sahib dayı dedi ki, 40 ilə yaxındır ki, qəsəbənin kanalizasiya problemi həllini tapmır. Azca yağış yağan kimi bütün qəsəbə suyun içində olur, sutəmizləyici heç bir qurğu yoxdur. Qəsəbəyə ilk dəfə qonaq kimi gələn adamlar deyirlər ki, siz bu iyin içində necə yaşaya bilirsiniz! Burada yaşayanlar iyə öyrəşdiyindən bunu hiss etmirlər, amma kənardan gələnlər bu qoxunu asanlıqla hiss edirlər”.

Hər dəfə söz verirlər, amma…

Etibar adlı digər sakin isə bildirdi ki, hava küləkli olanda kanalizasiya gölünün bütün qoxusu qəsəbəyə yayılır: “Yay gələndə burada çox əcaib cücülər peyda olur. Cücü o dərəcədə çox olur ki, qarşı tərəfi görmək mümkün olmur. Bu gölün özü xəstəlik mənbəyidir. Çünki bütün qəsəbənin kanalizasiya suları ora axıdılır. Elə bu göl də süni olaraq həmin sulardan əmələ gəlib. Balıqçılar isə buradan balıq tutub camaata satırlar. Hər dəfə kanalizasiya sisteminin yenilənməsi ilə bağlı söz verirlər, amma hələ də heç bir iş görülmür”.

Hava yağışlı olduğundan palçıq az qala dizə çıxırdı. Gölə yaxınlaşmaq bir növ çox çətin idi. Amma bura qədər gəlib, buradan geri dönməyi özümüzə sığışdırmadıq, odur ki, yavaş-yavaş gölə endik. Dedik yəqin indi balıqçılardan heç kim olmaz, amma yaxınlaşdıqca onları da gördük. Əvvəlki səfərimizdə gölün dörd bir tərəfinə qarmaq sancıldığını görsək də, bu dəfə olar yalnız gölün bir tərəfində idilər. Belə deyək, hava soyuq olduğundan, balıq tutanların da sayı azalmışdı. Onlar gölün o biri başında olduğu üçün yanlarına getmək mümkünsüz idi. Ona görə də, bu yerdə durub əvvəlki səfərimizi xatırladıq. Hər bir balıqçının diqqəti qarmağın “propka”sının tərpənib-tərpənməməsində idi.

Göldə ancaq “karat” var!

Danışmağa belə ehtiyat edirdilər ki, balıqlar səsdən qaçmasın. Amma, 62 yaşlı Telman dayı ilə bir az söhbətləşə bilmişdik. O, da digər balıqçılar kimi gölə iki qarmaq sallamışdı. Onun sözlərinə görə yaxşı balıq əsasən səhərə yaxın olur. Telman dayı ilə söhbətə yeni başlamışdıq ki, qarmağa yaxşı bir balıq düşür. Ayağımızın düşərli olduğunu xatırladan balıqçı, heç bir arx və çayın tökülmədiyi bu göldə balığın necə əmələ gəlməsi barədə sualımızı cavablandırdı. Bildirdi ki, o vaxt kanaldan 4-5 balıq tutub atıblar gölə, onlar da kürü salaraq çoxalıblar.

1983-cü ildən bu qəsəbədə yaşayan Telman kişi kanalizasiya gölündə olan balıq növündən və onun dadından da danışdı: “Hazırda burada ancaq karat deyilən balıq var. Əvvəllər yaxşı sazan balığı olurdu. Sonra gölə “tok” saldılar deyə, sazan balıqlarının hamısı zəhərlənib qırıldı. Həm də balığın karat növünün iri balıqları sazanın balalarını yeyir. İndi göldə yalnız karat var, başqa balıqlar yoxdur. Bu balıqların dadı normaldır, amma əvvəlki sazan balıqları daha dadlı olurdu”.

Balıqçı onu da dedi ki, buradan tutulan balıqları özləri yeməklə bərabər, camaata da satırlar: “Mən əsasən özümüz yemək üçün tuturam. Amma, satmaq üçün tutanlar da çoxdur. Elə olur ki, bir balıqçı gündə 10-15 iri balıq tutur, onu yerindəcə satır”.

Beləcə, gölün antisanitar görüntülərini də qeydə alıb geri qayıtdıq. Amma, həm balıqçıları gördüyümüzdən, həm də yol boyu rastlaşdığımız sakinlərdən öyrəndiyimizdən belə nəticəyə gəldik ki, çirkab sularından əmələ gələn bu göldən tutulan balıqlar hələ də insanlara satılır. Təəssüflər olsun ki, dəfələrlə yazmağımıza baxmayaraq, buna “dur” deyən olmayıb.
Mütəxəssislər hesab edirlər ki, kanalizasiya sularında böyüyən balıqlar toksiki maddələrlə zəhərlənir. Toksinlər isə bağırsaq yollarına gedir və orqanizmdə müxtəlif xəstəliklər yaradır. Buna görə də bu cür balıqları yemək olmaz.

Bu balıqlar tez yayıla bilən xəstəliklərin daşıyıcısıdır!

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bu, insanların təkrar istehsal malları istehlak etməsinin sübutudur: “Su məhsulları təbiətin möcüzələrindəndi və insan üçün ən yararlı qidadır. Baytarın əli hansı qidaya çatmırsa, o qida çox əhəmiyyətlidir. Çünki baytarın əli çatan canlıların hamısında baytarlıq dərmanının qalıqları olur. Lakin, bu cür balıqların istifadəsi Azərbaycan şəraitində insanların təkrar istehsal malları istehlak etməsinin sübutudur. Bu balıqlar böyüdükləri ekoloji mühitə artıq öyrəşiblər, adaptasiya olunublar. Mən əminəm ki, saf suda böyümüş balıq həmin suda bir saat da yaşaya bilməz”.

E. Hüseynov vurğuladı ki, belə balıqlardan qida kimi istifadə olunması çox təhlükəlidir. Onlar müxtəlif epidemik, tez yayıla bilən xəstəliklərin daşıyıcısı ola bilərlər: “Belə hallar nəticəsində yaranan ciddi problemlərin səbəbi ola bilsin ki, 10-20 illərlə tapıla bilməz. Necə ki, 10 il bundan qabaq bütün Azərbaycanı qotur xəstəliyi bürüdü və məlum oldu ki, bu, Sumqayıt ətrafındakı bir əlil evindən yayılıbdır. Kanalizasiya balıqlarının istehlak edilməsinə görə, eynilə bu kimi hallar bir neçə ildən sonra da baş qaldıra bilər. İnsanlar arasında mədə-bağırsaq və hətta, digər məlum olmayan xəstəliklərin yayılma ehtimalı var”.

Birlik sərdi bu cür göllər barədə təklif də irəli sürdü: “Gərək belə ərazilər dövlətin investisiya proqramlarına salınsın. Bu cür göllər ya qurudulsun, ya da oraya təmizlənmiş su buraxılsın.”.

 

kaspi.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər