Qubadlı cənnətə çevriləcək – deputatın səfər təəssüratı

563

Tahir Mirkişili: “Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib ki, 25 oktyabr Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad edib və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək.

Prezident bildirib ki, bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək: “Onlardan biri bizim əzizimiz Şükür Həmidovdur. Qubadlı rayonunun sakini böyük qəhrəmanlıq göstərmiş və doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm də şəxsən onu bu mükafatla təltif etdim. Ondan sonra məcburi köçkünlərlə bir görüş əsnasında onun atası Nəriman kişi ilə tanış oldum və bilmirdim ki, o, Şükürün atasıdır. Köçkünlər üçün salınmış bir şəhərciyin açılışında mənə dedi, mən də salamlarımı çatdırdım.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon  ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Eşidəndə ki, bu günlərdə, bir neçə gün bundan əvvəl bir ili olub. Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı. Şükürün həlak olması bizim üçün böyük itkidir, onun ailəsi, onun yaxınları, atası üçün, hamımız üçün. Ona görə bu gün Qubadlının azad olunmasının birinci ildönümündə mən Şükürün əziz xatirəsini xüsusilə yad etmək istəyirəm. O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcəkdir.

Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə – Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq. Ancaq görüləsi işlər çoxdur. Sizin bir çoxunuz ilk dəfədir ki, Zəfərdən sonra Qubadlıya səfər edirsiniz və görürsünüz ki, düşmən hər tərəfi dağıdıb. Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq.

1992-ci illərin əvvəllərində Azərbaycanda olan satqınlıq və xəyanət  nəticəsində..." - Tahir Mirkişili

Tahir Mirkişili

Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma eyni zamanda artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.

Prezident İlham Əliyev qeyd edib ki, Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi əhali 40 minə çatıb. Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün çox böyük işlər görüləcək: “Burada infrastruktur işləri birinci sıradadır. Çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun.

Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubadlılılar da bundan istifadə edəcəklər. Əlbəttə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq – məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək.

Sovet vaxtında daha çox fərdi evlər idi. Bir neçə beşmərtəbəli ev var idi. Bir-iki evin qalıqları qalıb. Ancaq Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq. İqtisadi inkişafa gəldikdə, əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir – həm bərpa işlərində, eyni zamanda Qubadlının düzgün inkişaf konsepsiyasının işlənməsində. Çünki rayon böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın, bizim böyük sərvətimizdir. Çünki biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. Ermənilər bizi məhrum etmişdi. Bu, böyük sərvətdir. Özü də indiki şəraitdə ki, su resursları dünyada gələcəkdə əsas, yəni yaşayış üçün əsas resurs kimi artıq tanınır. Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək. Əlbəttə ki, biz bura yerli, xarici investorları cəlb edəcəyik. Yəni böyük planlarımız var, konseptual yanaşma mövcuddur. Ancaq bundan sonra dəqiq planlaşdırma aparılmalıdır və əminəm ki, Qubadlı sakinləri fəal iştirak edəcəklər”.

İlham Əliyev və Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin

Görüşdə iştirak edən Qubadlı sakini, Milli Məclisin İqtisadi siyasət və sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Yeni Müsavat”a təəssüratlarını bölüşüb. Deputat qeyd edib ki, 25 oktyabr onun həyatında ən sevincli və qürurlu günlərdən biridir: “Biz qubadlılılar və Azərbaycan vətəndaşları olaraq bir dəfə keçən il 25 oktyabrda Qubadlının azad olunması gününün böyük sevincini, qürurunu yaşadıq. Bu il 25 oktyabrda isə doğma rayonumuzun azad olunmasını doğma yurdumuzda Ali Baş Komandan, Cənab Prezident və Mehriban xanım Əliyeva ilə birlikdə qeyd etdik. 25 oktyabr bizim yaddaşımızda həm də belə bir möhtəşəm tarix olaraq qalacaq. Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır. Prezident İlham Əliyev bu görüşlərdə azad edilmiş ərazilərimizdə görülən işlərdən geniş bəhs edir, planları açıqlayır. Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq. Cənab Prezident və Mehriban xanım Qubadlı sakinləri ilə çox səmimi söhbət etdi, Qubadlının azad olunmasının əhəmiyyəti, Qubadlının necə azad edilməsi barədə, qəhrəmanlarımız haqqında, eyni zamanda Qubadlının necə qurulacağı barədə ətraflı danışdı. Sakinləri dinlədi. Qubadlıdan çox yüksək təəssüratla və Qubadlının ən müasir səviyyədə qurulacağına əminliklə döndük. Bu səfər, bu görüş bizlərdə Qubadlının gələcəyinə, inkişafına çox böyük inam, əminlik yaratdı. Rayonda artıq bir sıra işlərə start verilib.

Mən görüşdə də bildirdim ki, Cənab Prezidentlə Qubadlı torpağında bir yerdə olmaq bizim üçün böyük şərəfdir, böyük sevincdir. Bu, bizim üçün böyük bir tarixi gündür. Məhz Prezident İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü sayəsində bu torpaqlar əsl sahiblərinə qayıtdı. Cənab Prezident Qubadlını qubadlılılara qaytardı. Cəmi 1 il keçdikdən sonra qubadlılıları Qubadlıya dəvət etməklə Cənab Prezident bizi çoxdankı böyük arzumuza çatdırdı. Cənab Prezident və hörmətli Mehriban xanım yurd-yuvasından uzaq düşmüş insanların dərdini, acısını azaltmaq üçün hər şey ediblər və bu gün də həmin insanların öz yurdlarında yaşamasını təmin etmək üçün çox böyük layihələr həyata keçirilir.

Əminik ki, işğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq, biz Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq.

Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması dövlət başçısının xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da cənnətə çevriləcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər