Qubadlı yaxın gələcəkdə necə olacaq? -TAHİR MİRKİŞİLİDƏN AÇIQLAMA

921


Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Qubadlının azad olunmasının 1 ili münasibəti ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü barədə təəssüratlarını bölüşüb: “Qubadlıda düşmən elə şeyləri söküb aparıb ki, adam düşünür bunu sökən insanlar, qüvvələr və ya dövlət o dərəcədə kasıb olublar ki, adi bir daşı da söküb aparıblar. Çünki daşları söküb aparmaq iqtisadi cəhətdən heç bir halda səmərəli deyil. Bəlkə də bunu qəsdən dağıdıblar ki, insanlar bura qayıtmasın”.

Millət vəkili söyləyir ki, Qubadlıya getmək həm insana ağrı-acı verir, həm də ürəkləri sevinc, fəxr hissi ilə doldurur. Onun sözlərinə görə, dağıntılara baxmaq, xarabalığa çevrilən rayonun mənzərəsi fonunda keçmiş abad Qubadlını xatırlamaq insanın qəlbini, ruhunu ağrıdır.

Amma bir tərəfdən də ərazidə gedən nəhəng quruculuq işləri, yeni salınan tam müasir, ağıllı yurd yerləri, çəkilməkdə olan enli, hamar yollar insanın ürəyini dağa döndərir: “Cənab Prezident dünən sərəncam verdi və beləliklə Qubadlını baş planı hazırlanacaq. Bu plan təxminən iki-üç ay ərzində hazır olacaq. Bundan sonra isə Qubadlıda böyük mərtəbəli deyil, daha alçaq mərtəbəli evlərin qurulması və insanların yaşayış tərzi üçün bütövlükdə relyefin, təbiətin buna uyğunlaşması ilə bağlı cənab Prezidentin ümumi fikirləri vardır ki, rayon ictimaiyyəti də, qubadlılar da bu ideyanı dəstəkləyirlər. Rayon kifayət qədər geniş əraziyə malikdir, çox geniş strateji yerləşməsi var. Həm iqtisadi-siyasi, həm də hərbi cəhətdən Qubadlının əhəmiyyəti kifayət qədər böyükdür. Müharibə illərində hər bir rayonun çox böyük strateji əhəmiyyəti olsa da, hər birində ayrı-ayrılıqda xüsusi özəl yeri vardır. Qubadlının azad edilməsi ilə artıq bizim ordumuz Laçın koridoruna çatdı. Məhz bununla da eyni zamanda düşmənin bununla bağlı bütün ümidləri puç oldu. Mən düşünürəm ki, ümumiyyətlə Ermənistan təsəvvür belə edə bilməzdi ki, Azərbaycan ordusu Qubadlıda döyüşür, çünki Qubadlını azad olunması ilə həm də eyni zamanda Şurnux və Eyvazlı kəndlərinin azad olunması ilə Gorus-Qafan yolu da bizim nəzarətimizə keçdi”.

İkinci bir tərəfdən Qubadlının Ermənistanla ən böyük sərhəd rayonlardan biri olduğunu deyən deputat hesab edir ki, sərhədlərin möhkəmlənməsi bu istiqamətdə hərbi quruculuq işlərinin aparılması da olduqca ciddi məsələlərdən biridir. “İkinci tərəfdən baxsaq evlərin bərpa olunması ilə bağlı cənab Prezidentin fikirləri və insanların bunu ümidlə, inamla gözləməyi onu deməyə əsas verir ki, yaxın müddətdə infrastruktur layihələri bərpa olduqdan sonra ki, əslində əvvəllər Qubadlıda iki zolaqlı yollar vardı. Məsələn Qubadlı-Laçın yolu iki zolaqlı idi, bəzi yerlərdə bir zolaqlı idi, ancaq indi dördzolaqlı kifayət qədər geniş yollar çəkilib. Bu yollar həm də ölkədə quruculuq işlərinin mühüm bir arteriyasını təşkil edəcəkdir. Çox önəmli məsələlərdən biri cənab Prezident çıxışında da qeyd etdi, insanların köçürməklə yanaşı, onları işlə təmin etmək məsələsi dövlətin qarşısında duran çox ciddi məsələdir. Yeni proqramlar hazırlanır, böyük ehtimalla Milli Məclisdə də bu barədə müzakirələr olacaq. Məhz insanların yeni iş yerləri ilə təmin olunması, yəni məşğulluğun təmin olunması həmin ərazilərdə investisiyanın cəlb olunması, yeni müəssisələrin açılması, turizmin inkişaf etdirilməsi və insanların məşğuliyyətlə təmin olunması təbii ki, şəhərsalma və kəndsalma ilə bərabər paralel gedən prosesdir ki, Qubadlıda bunu hökmən müşahidə edəcəyik”.

Cəbrayıldan sonra Qubadlının Şərqi Zəngəzur iqtisadi zonasında ən çox əkin sahələrinə sahib olan bir ərazi olduğunu deyən deputat onu da bildirdi ki, 11 min hektar əkin sahəsi olan Qubadlıda torpaqların dövriyyəyə girməsi bizim iqtisadi təhlükəsizliyimizdə olduqca önəmli əhəmiyyət daşıyır: “Bu zonada gələcəkdə artıq turizmin cəlb olunması ilə bütövlükdə regionun iqtisadi faydaları, orada olan çox ciddi şəkildə iqtisadi resurslar, faydalı qazıntılar var. Azərbaycanın ən böyük su ehtiyatlarından biri olan Həkəri və Bərgüşad çayı məhz Qubadlıdan keçir. Bu cür bol sulu çayların bu rayonda olması və rayonunun azad edilməsi gələcəkdə Azərbaycanın əkin sahələri üçün su ehtiyatlarını tapmaq baxımından çox önəmli bir rol oynayır. Ən mühümü isə təbii ki, insanların üzündə qürur vardır, çünki biz hamımız, Qubadlı ictimaiyyəti uzun müddətdən sonra 27 ildən sonra ilk dəfə idi ki, Qubadlıya gedirdik və bu hissləri təsəvvür etmək çox çətindir. Bir tərəfdən acı olsa da, digər bir tərəfdən minnətdarlıq və qürur hissi vardır. Məhz Ali Baş komandanın və hörmətli Mehriban xanımın keçən bu bütöv 18-20 il ərzində bu zonadan olan insanların daim yanında oldular və onları dəstəklədilər. Heç bir halda onların problemlərini həll olunmamasına izin vermədilər. 300 minə yaxın qaçqın, məcburi köçkün ailəsi evlərlə təmin olundu, bu keçən dövr ərzində onların övladları dövlət hesabına oxudu.

Bəli, müharibə artıq bitib. Bundan sonra qarşımızda duran əsas məsələ bölgənin bərpası, insanların daha rahat yaşaması, yeni bir nəslin, qalib xalqın nümayəndələrinin öz gücünü, potensialını quruculuq işlərinə həsr etməklə arzuladığımız inkişaf dərəcəsinə nail olmaqdır.

İlahə Vəliyeva, Faiq Həsənov, APA TV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər