Qubadlının azad edilməsi qələbəmizi daha da yaxınlaşdırdı

732

Qubadlının azad edilməsi qələbəmizi daha da yaxınlaşdırd

İşğal altında olan hər bir kəndimizin, hər bir şəhərimizin azad olunduğu gün tariximizə Zəfər günü kimi yazıldı. Çünki bu torpaqların hər qarışı uğrunda Azərbaycan ordusu döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa edib. Qubadlı rayonunun işğaldan azad olunduğu gün – 25 oktyabr tariximizdə daim böyük qürurla xatırlanacaq. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu oldu. Qubadlı rayonunun düşmənlərdən azad edilməsi bir neçə gün çəkdi. Qubadlı şəhərində və ətraf kəndlərdə ermənilər güclü istehkamlar qurmuşdular. Şəhərin ətrafındakı yüksəkliklərdə hərbi birləşmələr cəmləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə ətrafdakı yüksəklikləri götürmək lazım idi. Çünki düşmən yerləşdiyi yüksəkliklərdən davamlı olaraq hərbçilərimizə atəş açırdı. Buna görə də Qubadlıdakı əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.

Azərbaycan ordusu peşəkarlıq və fədakarlıq nümayiş etdirərək ilk növbədə şəhərin ətrafındakı yüksəklikləri, ətraf kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Beləliklə, bu əməliyyatlardan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə təmizlədi.

Qubadlının azad olunması ilə Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yarandı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdan idi. Qubadlının azad olunması ilə Ermənistanla aramızdaki rəsmi dövlət sərhədinin bərpası prosesi paşladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi.

26 Noyabr 2020 -ci ildə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 30 minə yaxın Qubadlı sakini məcburi köçkün kimi respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşıb. Rayon ərazisində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpüdağıdılmış və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə məhv edilib.

Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılıb. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri çayları mövcuddur. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngin olub.

Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Torpaqlarımız azad olunduqdan sonra məlum oldu ki, Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulub. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılıb. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdiriliblər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.

2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Samir Şəfiyev, Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər