Rafael Ağayev idmançı karyerasına son qoyacağı vaxtı açıqladı

1444

Serbiyanın Novi Sad şəhərində 11-ci dəfə Avropa çempionu olan Rafael Ağayev “Report”un suallarını cavablandırıb.

33 yaşlı idmançı əvvəlcə yarışla bağlı təəsüratlarını bölüşüb.

– Bu, mənim böyüklər arasında Avropa çempionatında 11-ci qızıl medalım idi. Ümumilikdə gənclərlə birgə 14 dəfə qitə çempionu olmuşam. Bu da sevindirici haldır. Düşünürəm ki, öz rekordumu qırdım. Qarşıda bizi mötəbər yarışlar, ən əsası, dünya çempionatı gözləyir. Çalışacağam ki, mundialda da qızıl medal qazanım. Həm 6-cı dəfə dünya çempionu olmaq, həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq niyyətindəyəm. Çempion olduğum üçün ilk növbədə, ailəmə və məşqçilərimə təşəkkürümü bildirirəm. Çalışacağam ki, Vətənimin adını və bayrağını bütün dünyaya nümayiş etdirim.

– Olimpiadaya hələ 2 ilin qaldığını nəzərə alsaq, o vaxtadək yaş öz sözünü deyə bilərmi və Tokioda da qızıl medal şanslarını necə dəyərləndirirsən?

– Yaş öz sözünü deyir ifadəsini dırnaqarası qeyd edərdim. İdmanı bilən də, bilməyən də “Yaşın gedir, bu idman növü ilə vidalaş” söyləyir. Amma mən belə düşünmürəm. Peşəkar idmançının zədəsinin olması normaldır. Sadəcə, iradəli olmaq lazımdır. Bu gün öz çəki dərəcəmdə dünya reytinqində birinciyəmsə, deməli, yaş heç də öz sözünü demir. Çalışacağam ki, nəinki olimpiadaya vəsiqə qazanım, həm də olimpiya çempionu olmaq ən böyük arzumdur. Ondan sonra ola bilər ki, idmançı karyeramı başa vurum.

– Yarışa bir gün qalmış Avropa çempionatına qatılmağın medalların sayına təsir etdi?


– Əlbəttə, təsir etdi. Çempionata bir gün qalmış 5-6 kq çəki salmışdım. Həmin gün mənim üçün çox çətin keçdi. Ertəsi gün isə döyüşlərə çıxdım. Bu, doğrudan da öz sözünü dedi. Döyüşlərim istədiyim səviyyədə keçmədi. Lakin təcrübəm sayəsində finala yüksəldim. Yarımfinalda çox güclü rəqibim olan italiyalı karateçi Luici Busaya qalib gəldim. Finalda macarıstanlı Qabor Harşpatakiyə döyüş zamanı 2:0 önə keçdiyimdən, rahat idim. Nəticədə bu döyüşdən də qalib ayrılaraq, Azərbaycan xalqına sevinc bəxş etdim.

– Ötən il azarkeşi olduğunuz “Yuventus” klubunun dəvətə ilə İtaliyaya yollanacağınızı demişdiniz. Bu barədə yenilik var?

– 1994-cü ildən “Yuventus” azarkeşiyəm. Moskvada yaşayan köməkçimlə əlaqə qurmuşdular. Təqribən 1,5 il əvvəl onun vasitəsilə kluba dəvət almışdım. Mənə məlumat vermişdilər ki, çox tanınmış idmançı kimi “Yuventus”un akademiyasında olmağımı istəyirlər. Karateçi əlcəyini və ya kimononu klubun muzeyindən asacaqdılar. Klubu ziyarət edənlər isə şəkil çəkdirəcəkdilər. Həmin vaxt yarışlarım çox olduğundan, gedə bilməmişdim. Yenə də ümidimi üzmürəm. Təklif olarsa, əlbəttə, məmnuniyyətlə gedərəm.

– Bir ara Bakıda “Yuventus”un akademiyasını açılmışdı. Ora getmişdin?

– Getmişdim, italiyalı müəllimlərlə də tanış olmuşdum. Qardaşım oğlu Mahiri bir həftə müddətində özümlə ora aparıb-gətirdim, məşqlərdə iştirak etdi. Məşqlərdən həzz aldıq. Hər şey gözəl idi. Lakin akademiyanın fəaliyyəti çox davam etmədi. İnanıram ki, yenidən bərpa olunar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər