Rauf Ağakişiyev: “Səhnədən fərqli olaraq heç  vaxt  həyatda rol oynamamışam”.

1059

Rauf  Ağakişiyev- 50

Teatrı ikinci evi  bilən sənətkar  (Portret cizgiləri)

 Onunla etdiyim söhbət zamanı nə yaxşı təvözkar, istedadlı, gözü-könlü tox, sənətini ürəkdən sevən, Vətənə qəlbən bağlı, təəssübkeş insanlarımız var,- deyə düşündüm. O, sadəliyi və səmimiliyi ilə bütün söhbət zamanı diqqətimi çəkdi. Suallarımı  əhatəli, ətraflı cavablandırmaqla özünün bir daha istedadlı aktyor olmasını təsdiqlədi. Əlbəttə, bu təsdiq onun yaradıcılıq fəaliyyəti boyu həmişə özünü göstərib. Məhz oxucularımızı da onun haqqında müəyyən qədər məlumatlandırmaq, bugünki düşüncələri ilə baş-başa qoymaq məqsədilə apardığımız söhbət vaxtın xeyli keçməsini hiss etmədən axarınca davam edirdi. Bir qürur, bir fəxr hissi ilə, arada giley və təəsübkeşlik gizlədilmədən söhbətmizdə son fikir də elə bu oldu: nə yaxşı, yaxşı insanlarımız var. Bəli, elə söhbətimiz bu yaxşılar və yaxşılıqlarla əhatələndi. Keçək əsas mətləbə. Kimdir, bu yazımın qəhrəmanı?  Öncə qeyd edim ki, səhnədə bir çox əsas obrazlar yaradan, elə həyatda da müsbət keyfiyyətləri ilə onu tanıyanların hörmət və rəğbətini  qazanan aktyorumuz  Rauf  Fikrət  oğlu  Ağakişiyev haqqında hələ gələcəkdə daha çox yazılmasına ehtiyac duyulan sənətkardır, desəm səhv etmərəm. Bütün varlığı ilə peşəsinin vurğunu olan aktyor fəaliyyət göstərdiyi müddət ərzində teatr ictimaiyyətinin, tamaşaçılarının alqışına layiq olub, püxtələşib, sevilib, özünü sənətkar kimi doğruldub. Təsadüfi deyil ki, o, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən 2004-cü il dekabrın 24-də “Tərəqqi” medalı ilə təltif edilib, 2014-ci ildə  Əməkdar artist fəxri  adına,  bu  yaxınlarda  isə  Prezident  mükafatına  laiq  görülüb.

Söhbət əsnasında öyrəndim ki, o, 1972-ci il martın 26-da Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə  Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət  Universitetinin dram-kino aktyorluğu fakültəsinə daxil olub və həmin Universiteti 1997-ci ildə bitirərək, təyinatını  teatrın bədii rəhbəri və direktoru, Əməkdar incəsənət xadimi  Ağalar İdrisoğlunun təqdimatı ilə Hüseyn  Ərəblinski  adına Sumqayıt Dövlət Musiqili – Dram Teatrına  alıb. 1998-ci ildən Mədəniyyət Nazirliyi tərəfindən Dağıstan Respublikasının Dərbənd şəhərində yeni açılmaqda olan  Əziz Əliyev adına Azərbaycan Dövlət Dram Teatrına göndərilib. Həmin teatrın ilk pərdəsi açılışında mərhum Xalq artisti  Vaqif  Əsədovun quruluşunda Hidayət Orucovun “Məhəbbət yaşayır hələ” əsərində  Zəfər  obrazını oynayıb. İsi Məlikzadənin “Gəl qohum olaq” əsərində isə Ədalət rolunu  oynayıb.  İki ildən sonra doğma Sumqayıt teatrına qayıdıb. İndiyədək 100-ə yaxın obrazı səhnədə canlandıran aktyor Georgi Xuqayevin  ( tərcümə edəni Ağalar İdrisoğlu)  “Varlı ev” faciəsində Uari,   “Ailə” əsərində  Kavril, Mirzə  İbrahmovun “Yaxşı adam”əsərində Azər,  Ağalar İdrisoğlunun  “Şah İsmayıl” tarixi  faciəsində  Sərkərdə, Əbdürrəhim bəy Haqverdiyevin  və  Jan Küverin   “Xacə  şah” pyesində  Cəfərquluxan, Cabbarlı Cabbarlının “Almaz”ında  Hacı Əhməd, Nəcəf  bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”də  Qıdı kirvə, Altay  Məmmədovun “Həmyerlilər” tamaşasında Sığortaçı,  İsi Məlikzadənin “Gəl, qohum olaq”da  Ədalət, Əli Əmirlinin “Varlı qadın” da  Əmrayın, Abdulla Şaiqin “Qaraca qız”da Bəy, Aqşin  Babayevin  “Xilaskar” əsərində  Ədalət , Əvəz Mahmud Lələdağın “Qorxaq” tamaşasında Mahir, “Dağlarda tufan”ında  Kazım bəy, Teymur bəy, “Tələ”sində Səfərxan, Famil Süleymanovun “Qisas”ında Saleh bəy, Əyyub Qiyasın “Qarışqa  yuvası”nda İlqar, “Cəhənnəm  ekspresi” ndə  Zabit, Fatma  Həsənzadənin “Anası öpməyən  qız”da Hüseyn Hüsnüxor, Hafis Ataxanlının “Missiya”sında  Milli Qəhrəman Eyvazov , “Xəzinə” sində  Nizami və bir çox rolları  ilə tamaşaçı qəlbinə yol tapıb, həmişə  uzun sürən alqışlarlarla müşayiət olunub.

Kinofilmlərə və teleseriallara da dəvət alan aktyor  həmişə  maraqlı obrazlar canlandırır. Belə ki, Vahid  Mustafayevin “Seçilən” filmində, həmçinin Ramiz Fətəliyevin “Həqiqət anları”, rejissor Emil Babayevin “Cinayət və cəsa”sənədli filmində  ürəklə iştirak edib və maraqlı rollar yaradıb. Həmçinin istedadlı aktyor və  rejissor Şahmar  Qəriblinin  Lider televiziyasında yayımlanmış  “Özümüz bilərik” telelayihəsində rol alaraq xeyli tamaşaçı rəğbəti qazanıb.“Hörümçək toru”, “Uçurum”,”İmtahan”, “Həyat  varsa”, “İfşa -Çətin hədəf”  və  digər tele-seriallarda,  Xoşbəxt  Yusifzadə,  Polad  Həşimova və  şəhid həkimlərimizə həsr olunan “Şəfadan şəhadətə”  filmlərində və sairələrində  aparıcı rollara çəkilib Rauf Ağakişiyev.

O,  Azərbaycan Teatr Xadimləri İttifaqının və Yeni Azərbaycan  Partiyasının üzvüdür.

Rauf Ağakişiyev  qayğıkeş atadır, bir oğlu, bir qızı var. Qızı Bakı Dövlət Universitetinin  tarix fakültəsinin birinci kursunda oxuyur. Oğlu  məktəblidir.

Bəs Rauf Ağakişiyevi teatr sahəsinə bağlayan səbəb nə olub? Sualımıza cavab olaraq o, çox böyük hörmətlə tanınmış  yazıçı, rejissor, dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun adını çəkdi və  yaradıcılığında onun əhəmiyyətli rol oynadığını xüsusilə vurğuladı.  Məhz  Ağalar  müəllim mənə teatrı sevməyimə təkan olub, deyə ilk müəllimindən ağızdolusu danışdı Rauf Ağakişiyev.  Hələ  orta məktəbdə oxuyarkən  Ağalar  İdrisoğlunun  rejissorluğu  ilə Kərim Həsənovun  “Sehirli yaylıq” tamaşasına baxmış və sonra onun dəvətilə   “28 May”  mədəniyyət evində  yerləşən  Sumqayıt Gənclərinin Tənqid-Təbliğ  Teatrının  üzvü olmuş, o zamandan onun  məsləhət və tövsiyələrinə  əməl edərək teatr sənətinin incəliklərinə yiyələnmişdir. Ali məktəbdə isə  əsl sənət müəllimi tanınmış rejissor-pedaqoq  Nəsir Sadıqzadə  olub.  Xalq artisti  Həsənağa Turabovdan  da dərs alıb.

Hazırda həyatının əllinci baharını qarşılayan, yaradıcılığının otuz  illiyini qeyd edən Rauf Ağakişiyev  nəinki  Sumqayıtda, eləcə də paytaxtda peşəkar aktyor kimi tanınır və  yüksək  dəyləndirlir.

Dövlətmizin başçısı cənab İlham Əliyevin və  Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın  bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində  çalşan insanlara  böyük önəm vermələrini  və onların həmişə mükafatlandırılmasını  sevinclə və minnətdarlıqla qarşılayan aktyor daha  səylə  və məsuliyyətlə  çalışacağını xüsusi vurğuladı.

Bəli, yaxşılar və yaxşılıqlardan danışarkən Rauf Ağakişiyev Sumqayıt şəhərinin İcra Hakimiyyəti  başçısı Zakir  Fərəcovun göstərdiyi diqqət və qayğıdan da  razılıqla danışdı. Qeyd etdi ki, Zakir müəllimin əsl rəhbər, xeyirxah insan, cəfakeş ziyalı kimi teatrla həmişə  maraqlanması, aktyorların sosial-məişət problemlərini həll etməsi, onlara hərtərəfli dəstəyi kollektivin ürəyincədir.

Söhbətimizdə gileyə bir qədər yer verən aktyor ürəkağrısı ilə tamaşaçı qıtlığından da danışdı və  teatra tamaşaçı axınının zəifliyini bildirdi. 500 mindən çox əhalisi olan Sumqayıtın yeganə peşəkar  teatrının hazırda aşağı kateqoriya ilə işlədiyini təəsüflə  qeyd etdi.Teatr mənm ikinci evimdir, deyən Əməkdar artist  Rauf Ağakişiyev  arzuladı ki, çalışdığı sənət ocağının Ağalar İdrisoğlunun  rəhbərliyi dövründə -1989-97-ci illərdəki əvvəlki şöhrəti  özünə qaytarılsın, bütün aktyorarın maddi rifah halı yaxşılaşsın, hər biri layiqli dəyərini, qiymətini  alsın.

Əməkdar artist Rauf Ağakişiyev  həmçinin  pozitiv əhval-ruhiyyəsini gizlətmədi və gələcəyə  ümidlə baxdığını söylədi. Sumqayıt teatrının yetirmələrinin daha böyük paytaxt səhnələrində  əvəzsiz rollar canlandırmasının, xalqın sevmlisinə çevrilməsinin danılmaz fakt olduğunu xüsusi vurğuladı.

Müzəffər Ali Baş Komandanımızın sayəsində 44 günlük  Vətən  müharibsində tarixi  Qələbə  əldə etməyimizi sevinclə dilə gətirən aktyor şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə  şəfalar dilədi. Bildirdi ki, ailəsində Ordu sıralarında layqincə xidmət edəcək vətənpərvər  oğul  böyüdür.

Rauf Ağakişiyev eyni zamanda  əlavə elədi ki, “səhnədən fərqli olaraq heç vaxt həyatda rol oynamamışam. Səhnədə hər tipdə insan olmuşam, amma həyatda yalnız yaxşı insan olmağa çalışmışam. Rol oynayanda aktyor kimi heç bir çətinlik çəkməmişəm.Tamaşaçı sevgisi bu yaşıma qədərki ən böyük qazancımdır. Bu məhəbbəti qoruyub saxlamağa çalışıram”. Onu diqqətlə dinləyərək hiss etdik ki, Raufun həyat və  yaradıcılıq  gücünün sərfi, daha böyük uğurları hələ qarşıdadır. Və biz də  öz növbəmizdə sevimli aktyorumuza yeni-yeni nailiyyətlər, can sağlığı diləməklə, gələcək görüşlərədək, söylədik!

İlhamə   MƏHƏMMƏDQIZI,  Şairə-jurnalist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər