Rövşən Almuradlı: “Meydan mənə dar gəlirdi…”

1170

“Xanların hərəsinə 2 min manatlıq paltar alıb geyindirdik…”

Ərk

Yaddaşım qələt eləmirsə, onun haqqında 15 il qabaq bir dəfə yazmışam. “Azadlıq” qəzetində. O vaxt təxminən belə başlamışdım: onu rejissordan başqa kimə desən, bənzətmək olar – traktorçuya, xarrata, dəyirmançıya, qəssaba… Amma Rövşən Almuradlı məhz REJİSSORdur. Həmin vaxt həyat yoldaşı Sara xanım xəbər göndərmişdi ki, sizə quzu kəsim, müşahidəniz nə qədər dəqiqdi, elə bil mən demişəm, siz də yazmısız. Rövşən əyin-başına fikir vermir, geyim-kecimi, səliqə-sahmanı heç vaxt yerində olmur və bu səbəbdən tez-tez qohum-əqrəbanın, yaxın qonşuların qınaq obyektinə çevrilirəm.

Rövşən elə həmin Rövşəndi – səliqəsizliyi və bir də ötkəm xarakteri ilə heç dəyişməyib. Amma çox kökəlib. Maşallah, fil boydadı. Bacıma ünüm çatsaydı, tapşırardım ki, hər axşam evə qayıdanda onun üçün üzərrik yandır, başına duz hərlə. Baxma da, ətraf pis gözlə, bəd nəzərlə doludu axı…

Zarafat öz yerində, amma içi aşıb-daşan, bir az həlim, bir az da dəlicəsinə üsyankar sənətçi dostumla o gün Azərbaycan kinosu və teatrının ayrı-ayrı tərəflərinə yenidən baxdıq…

Ədil İsgəndərovun himayəsində

“Bir az obrazlı alınsa da deyim ki, sənətə nağıllardan gəlmişəm. Məndən soruşanda ki, rejissor olmaq üçün ilk növbədə nə oxumaq lazımdır, cavabım belə olur – Azərbaycan nağıllarını. O nağıllarda ta nələr yoxdu? Çox zəngin bir xəzinə! Bizim nağıllar on min illərin dərinliklərindən süzülüb gəlir və bu, millətin təfəkkürüdü. Əslinə qalanda isə rejissorluq bir elimdir. İstedadı olan hər kəsin rejissor olması mümkün deyil. Tanrının verdiyi bir paydı – rejissor doğula bilərsən, amma… Bu, işin yalnız bir tərəfidir. İkinci tərəfi isə elmdir, öyrənməkdir. Hansısa ustadın yanında yoğurulmaq, bişməkdir.

Bu mənada, taleyimə həm də ona görə minnətdaram ki, məni Azərbaycan kino və teatr sənətinin bel sütunu, korifey sənətkarı Ədil İsgəndərovla rastlaşdırıb. Hələ tələbə ikən iki il onun laboratoriyasında bişmişəm. Ədil müəllim tədris teatrında işləyərkən onun sevimli tələbələrindən sayılırdım. Çox yaxın idik. O qədər yaxın ki, məşqlərdən sonra onu evinə qədər müşayiət eləməyə yalnız mənə icazə verərdi.

1976-80-ci illərdə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında işlədim. 23 yaşımda “Kral Lir”də Kral Lir, “Aydın”da Dövlət bəy, “Komsomol poeması”nda Bəxtiyar, “Hacı Qara”da Xəlil yüzbaşı kimi üst-üstə 20-dən artıq obraz yaratdım. Sonra iş yerimi Sumqayıt teatrına dəyişdim və 83-cü ilə qədər müxtəlif rollarda çıxış elədim”.

“Teatr uzaqvuran raketdir”

“Bununla belə, hiss eləyirdim ki, aktyor kimi meydan mənə dar gəlir-qaynayan içimi tam aça, kükrəyən potensialımı axıra qədər reallaşdıra bilmirəm. Rejissorluq məni ahənrüba kimi çəkirdi. 30 yaşımda SSRİ Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ali Rejissorluq Kurslarına təhsil almağa göndərildim. Moskvada iki il sənət dərsləri keçdim. Burda da bəxtim gətirmişdi. Müəllimim SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Moskva Akademik Satira Teatrının baş rejissoru Valentin Pluçek idi. Baş rejissor və pedaqoq kimi fəaliyyət göstərdiyi 35 il ərzində yanına hər iki ildən bir cəmi bircə tələbə götürürdü. Nə qədər qəribə olsa da, məni öz doğması kimi sevir, məşqlərə, iş prosesinə həddən artıq yaxın buraxmaqdan çəkinmirdi. Pluçek və Moskva teatr mühiti sənət dünyasının qapılarını qarşımda taybatay açmışdı. O illərdə Derjavin, Mironov, Arosyeva, Papanov, Runqe, Menqlet… kimi dünya şöhrətli aktyorlarla təmaslarımı ömür boyu xoş xatirə kimi yaşadacam.

Mən Moskvada teatrın necə böyük qüdrətə və qüvvətə malik silah olduğunu daha qabarıq hiss elədim. Artıq teatr məndən ötrü quşvuran sapand yox, qalaktikalararası uçan raket timsalında idi.

…Təhsilimi bitirəndən sonra yenidən Sumqayıta – bu dəfə artıq rejissor kimi – qayıtdım. Və bir-birinin ardınca Ə.Əylislinin “Vəzifə”, A.Şaiqin “Bir saatlıq xəlifəlik”, N.Hikmətin “Bayramın birinci günü”, M.Süleymanlının “Dəyirman” əsərlərini tamaşaya qoydum. Sonra Mingəçevir teatrına baş rejissor göndərildim. Deyim ki, həmin teatrda çalışdığım illəri yaradıcılığının daha gərgin və unudulmaz dövrü sayıram.

20 Yanvar hadisələrindən sonra daha Mingəçevirdə qala bilmədim və mənim sərgərdan həyatım başladı. Adda-budda Gəncədə, Şəkidə… tamaşalar hazırladım. Günlərin birində isə kinoya keçid elədim. İlk qısametrajlı bədii filmim “Hücum” oldu. 1993-95-də isə “Yük” bədii filmini başa gətirdim. Ümumiyyətlə, 2005-ə qədər 14 sənədli, bədii, televiziya filmini, 20-yə yaxın tamaşanı seyrçilərin mühakiməsinə verdim. 6 il əvvəl isə Azdramada səhnələşdirdiyim “Ölüləri qəbiristanlıqda basdırın” (İ.Şıxlı) əsəri böyük anşlaqla keçdi və həm teatr tənqidçiləri, həm də tamaşaçılar onu yüksək dəyərləndirdi.

Çəkilməyən “İblis”

– Rövşən bəy, axırıncı 15-20 ildə Azərbaycan kino və teatr sənətinin uğursuzluq zolağından çıxa bilməməsinin fərqindəsənmi? Düzdür, adda-budda filmlər çəkilir, hərdən uğurlu tamaşalar qoyulur. Amma…

– Azərbaycan teatrının bu hala düşməsinin ən böyük günahı rejissorların boynundadır. Rejissorluq liderlik deməkdir. Bizdə Tofiq Kazımovdan sonra sanki rejissorluğa qənim kəsildilər – kinoda və teatrda lider olmamalı, lider yetişməməli idi. Əslində teatr cəmiyyətin kiçik modeli, rejissor isə onun idarə edənidir. Tarixən cəmiyyətdəki inqilabi ideyaların, inqilabi düşüncə tərzinin ilk cücərtiləri də teatrda yaranıb. Teatr nə dünəndir, nə də sabah – teatr məhz bu gündür. Ədəbiyyat, təsviri sənət deyə bilər ki, bu gün yarananı, eybi yox, əlli il sonra da olsa, başa düşəcəklər. Amma teatrda belə olmur. Teatr məhz bu günlə bağlıdır, o, zaman və məkan çərçivəsindən kənara çıxmır. Teatr daim döyüşməli, ağrılı-acılı həqiqətləri deməyi bacarmalıdır. Əgər bunlar yoxdursa, deməli, teatr ölümə doğru gedir. Məşhur rus ədəbiyyatşünası Baxtinin belə bir sözü var: “Faciə və komediya əkiz bacılardı. Faciənin ölümdən başqa çıxış yolu yoxdur. Komediyanın isə heç bir çıxış yolu yoxdur, hətta ölüm də yoxdur. Çünki faciəni yaşayır, komediyanı isə oynayırlar”.

Teatr ədəbiyyatın daşıyıcısı deyil. Teatr hər bir əsəri tamaşaçının istədiyi dildə deyəndə, danışanda və çatdıranda teatr olur. Yəni istənilən rejissor öz Şeksprini, öz Cavidini, öz Cəfər Cabbarlısını hazırlamağı bacaranda yerində, məqamında olur.

– Sənin Hüseyn Cavidin yadigarı mərhum Turan xanıma bir borcun qaldı…

– Yarama toxunma, ağrıdır… O mənəvi borcu qaytara bilmədiyimə görə bu gün də əzab çəkirəm. Mən Turan xanımın xahişi ilə “İblis”in filim ssenarisini hazırlamışdım, o da çox bəyənmişdi. 2002-ci ildə Heydər Əliyev “İblis”in ekranlaşdırılması ilə bağlı sərəncam imzalamışdı. O vaxt məni təbrik eləyənlərin sayı-hesabı yox idi. Amma… Amması budur ki, üstündən neçə il keçməsinə baxmayaraq, “İblis”in çəkilməsi tilsimə düşüb…

“Cavad xan”da tarixi yalan yoxdur”

Rövşən Almuradlı 2007-də “Cavad xan” ikiseriyalı bədii filminin çəkilişlərinə başladı.

Bu yerdə ürəyimdən Rövşən bəyə ilişmək, onu yüngülcə sancmaq keçir:

– Səhv eləmirəmsə, o vaxt “Yük” filmini 50 min dollara başa gətirmişdin…

– Həə…

– Bəs “Cavad xan”ın çəkilişlərinə nə qədər vəsait xərcləndi?

– Eşitdiyimə görə, 1 milyon 700 min manat.

– Nə danışırsan? Denən ta pulu basıb yemişik də…

– Əstəğfürullah… Elə deyil. Tarixi filmlərdə masştab deyilən bir termin var. “Cavad
xan”da bizə hərəsindən min dənə olmaqla qılınc, qalxan və dəbilqə lazım oldu. Daxili
Qoşunların 1500 əsgəri 15 gün çəkilişlərdə bizə kömək elədi. Onların səhər, günorta və
axşam yeməkləri, çay və siqaretləri, nəqliyyat xərcləri… Üstəgəl, yüz nəfərlik texniki və
yaradıcı heyətin təxminən üç illik xərci. Yenə üstəgəl əlavə dəvət olunmuş yüzə yaxın
aktyorun geyimi, yeməyi, nəqliyyat xərci və s. Çəkilişdə iştirak eləyən xanların hər birinin
yalnız geyiminə iki min manatdan çox vəsait sərf olundu. Bilirsən, filimin yaxşı alınması
üçün ona yaxşı da pul qoyulmalıdır. Bizdə müasir, sanballı aparat yoxdur və məcbur qalıb
texnikanı da Tehrandan kirayəyə götürdük…

– Necə bilirsən, “Cavad xan” tutaq ki, Hollivudda çəkilsəydi, nə qədər xərc aparardı?

– Fantastik bir məbləğ alınardı. Azı bidəkindən yüz dəfə çox xərcləyərdilər…

– Səndən filmi çəkən yox, kənar rejissor kimi soruşuram – “Cavad xan” alındımı?

– Məncə, bu, yaşayacaq filmdir. Ümumiyyətlə, kino yaradıcılığında ortaya qoyulan məhsula uç cür yanaşma var: ua film “ölü” doğulur, ya diri doğulur, lakin qısaömürlü olur, ya da uzun illər ərzində daim canlı qalır. Mənə elə gəlir ki, “Cavad xan” uzunömürlü filmlərdən olacaq. Ən azı ona görə ki, bu əsərdə ruh var, deyilən sanballı və kəsərli söz var. Və yalan yoxdur – tarixi yalan.

– Bəs hanı “Cavad xan”? Niyə üzə çıxmır?

– Mən də səndən soruşuram: harda göstərək? Ölkədə elə bir abırlı kinoteatr varmı ki, bu filmi ekranına çıxaraq? “Cavad xan” televiziya estetikası üçün yox, geniş ekran üçün çəkilib. Sanballı kinoteatrın ekranı, mənim təsəvvürümdə, dünyaya açılan pəncərədir. Qaranlıq zalda əyləşmiş 500-600 tamaşaçı o pəncərəyə eyni vaxtda baxır – ekranda gördüklərinə gülür, coşur, hıçqırır, həmdərd, həmrəy olur. Bu, tamam ayrı bir estetikadır. Televiziya isə sırtıq qonaq kimidir, girib hamının evinə, qovub çıxara da bilmirsən. Yenə deyirəm: “Cavad xan” bu estetikaya hesablanmayıb.

– Sən həm də sənətdə eksperimenti sevən, gözlənilmədən əndirəbadi addımlar atmağı xoşlayan rejissorlardansan. Məsələn, “Yük”də üzdə olmayan, adı bilinməyən xeyli aktyoru çəkdin və qəribədir ki, film uğurlu alındı. Elə “Cavad xan”da da bu məsələdən yan keçməmisən…

– Şənə deyim ki, bu millət yaradıcı millətdir və törəməyi, artmağı da yaxşı bacarır. O ayrı söhbətdir ki, törədiyini axıra qədər qoruya bilir, yoxsa yox… “Cavad xan”da Bakı, Sumqayıt, Gəncə, Sumqayıt, Şəki teatrlarından geniş tamaşaçı kütləsinin yaxşı tanımadığı 40-a yaxın aktyor çəkildi. Hətta filmin iştirakçıları zarafat eləyirdilər ki, Cavad xan ayrı-ayrı xanları birləşdirib bir cəbhədə döyüşə bilmədi, Rövşən Almuradlı isə Azərbaycanın müxtəlif teatrlarının aktyorlarmı bir yerə toplamağı bacardı. Zöhrab, qoy burasını da deyim – mən elə aktyorlarla rastlaşdım ki, adam bu vaxta qədər belələrinin yaradıcı potensialından niyə istifadə olunmadığına görə yalnız acı təəssüf hissi keçirə bilər…

Yeri gəlib, qoy bu epizodu da danışım. Zaqatalada gecə çəkilişləri aparırdıq. Yerli əhali havanın necəliyindən asılı olmayaraq bizi səhərə qədər tək buraxmırdı. Axın-axın, özü də toya-bayrama gedirlərmiş kimi ən gözəl paltarlarını geyinib gəlirdilər. Bu, yalnız kinoya, çəkilişə baxmaq həvəsi deyildi. Bu daha çox Cavad xan adına eşq idi, Cavad xan ünvanına millətin ehtiramı idi. O səhnələri görməyə və yaşamağa dəyərdi…

Qazanc

– Film təxminən neçə vaxta başa gəldi?

– Üç ilə yaxın çəkdi…

– Bir igidin ömrüdü ki… Bəs qazancın nə oldu?

– Bir şeyi lap dəqiq bilirəm: bu filmə əlli il sonra baxan duyumlu tamaşaçı qürurla deyəcək – “Cavad xan”ı rejissor Rövşən Almuradlı çəkib. Bundan da böyük mükafat?! Qazanca qalanda … Bizdə belə ağır filmlər də rejissorun qazancı insult, infarkt, şəkərdən başqa heç nə olmur. Bu cür məşəqqətdən sonra Azərbaycan rejissoruna heç kəs villanın açarlarını bağışlamır, heç olmasa, onun üç illik rahat istirahət eləmək haqqını tanımır, dünyanı gəzib-dolaşmaq şansı isə sıfıra bərabərdir…

– Yenə Sumqayıtda onuncu mərtəbədəki kiçik mənzilində yaşayırsan?

– Həə…

– Allahın bir “06”-sı da ki yoxundu…

– Neynim?!

– Hər gün basırıq avtobuslarda Bakıya gəlib-getməkdən bezməmisən?

– …

Zöhrab ƏMİRXANLI, LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər