“Şah”ın atası: Çempion olsa, deyəcəyəm ki, afərin, yaxşı oğlansan

1339

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat tacına iddialıların turnirində son tur keçiriləcək. Bu turda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun çempion olmaq şansı var.

Oxu.Az bunun üçün Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarovdan müsahibə alıb:

– Oğlunuzun bu gün çempion olmaq şanslarını necə dəyərləndirirsiniz?

– Onun qalib olma şansları yaxşıdır. Əslinə qalsa, çinli şahmatçı Dinq Lirenə uduzmamalı idi. O inanmırdı ki, Fabano Karuana da uduzacaq. Ona görə də çinli ilə görüşə qələbə üçün çıxmışdı. Halbuki onunla heç-heçə etsə də, kifayət edirdi. Bununla belə, yenə də qalib olmaq şansları yüksəkdir. İnanırıq ki, Şəhriyar bu işin öhdəsindən gələcək.

– Dinq Lirenə qalib gəlsəydi, çempionluq şansları da öz əlində olacaqdı. İndi isə çempion ola bilmək üçün Karuananın mütləq xal itirməsi lazım gələcək…

–Bəli. Bununla belə, o, reytinqinə görə dünya ikincisidir. Reytinq çox önəmlidir. Elə şahmatçılar olub ki, dünya çempionu olub, reytinqdə birincidir, amma Şəhriyar kimi yüksək səviyyədə qarşılanmayıb. Çünki onun çempionluq üçün həlledici oyunları çox olub.

Şəhriyarın Karuana ilə son oyunları ağır alınıb. İndi Şəhriyar daha ağıllı oynayır. Əvvəllər çox hücum edirdi, nəyin bahasına olur-olsun qalib gəlmək istəyirdi, vaxtı gözləmirdi. Belə şahmatçılar da həmişə dünyada sevilir.

– Bu dəqiqə şahmat tacı uğrunda görüşdə Maqnus Karlseni məğlub etməyə ən layiqli namizəd də məhz oğlunuzdur…

– Karuana çox oyunlarda Karlseni məğlub edib. Əksinə, son vaxtlar Şəhriyarın Karlsenlə oyunları alınmayıb. Ona görə də onunla oyunlarda əsəbləşirdi. Deyirdi ki, o kimdir ki, mən ona uduzuram, çətinlik çəkirəm?!

Əvvəllər Şəhriyar onu gözüyumulu məğlub edirdi. Amma sonradan Karlsen gücləndi. Bəlkə də, bu, Şəhriyarda psixoloji basqı yaradırdı. Amma Şəhriyar yaradıcı idmançıdır. Müsəlman aləmində yaxşı futbolçular, boksçular olub, amma şahmatçı olmayıb.

Bu baxımdan, o, bütün müsəlman aləmini təmsil edir. Biz də artıq dünyaya göstəririk ki, zehin, taktiki gedişat baxımından biz zəif deyilik, əksinə, güclüyük.

– O, bu gün Vladimir Kramniklə qarşılaşacaq. İlk dövrədə rusu məğlub edib. Ümumiyyətlə, onunla görüşləri necə alınır?

– Son vaxtlar Şəhriyar ondan üstündür. Kramnikin oyunlarına baxsanız, görərsiniz ki, o, iki saat yarımdan sonra zəif çıxış etməyə, heç-heçə etməyə başlayır. Onu da başa düşmək olar, artıq əlliyə yaxın yaşı var.

Şəhriyar istədiyi oyunçu ilə heç-heçə edə, əl sıxıb oyunu erkəndən tərk edə bilər. Ancaq o, bunu istəmir, həmişə qalib gəlməyə çalışır. İndi görək, onun fiziki yorğunluğu bu gün qalib gəlməyə imkan verəcəkmi? Oyunun əvvəllərində gücünü saxlaya bilsə, çox gediş edib az fikirləşsə, mənə elə gəlir ki, qalib gələr.

– Turnirdən əvvəl oğlunuzun təxminən belə bir açıqlaması vardı: “İçkini atdıqdan sonra uğurlarım çoxaldı”…

– Azaldıb (gülür). Şəhriyar içkini təmiz atsaydı, indi bu turnirdə birinci yerdə olardı.

– Yəqin ki, siz də bu amilə görə ona nöqsan tutursunuz…

– Son vaxtlar mənə qulaq asır. Əvvəllər çox cavanlıq edirdi, məni az dinləyirdi. İndi isə böyüyüb, ağsaqqal sözü eşidir. Şəhriyar qabaqkı kimi içmir. Amma yenə də köhnə vərdişindən geri qalan deyil (gülür). İndi də əlli faiz yeyib-içməyə vaxt ayırır.

– Siz niyə ona dəstək olmaq üçün Berlinə getməmisiniz?

– Çoxdandır ki, onunla yarışlara getmirəm. Getmək istəmirəm. Bilirsiniz niyə? Əslində, getmək lazım da deyil. O, öz dostları ilə sərbəst olmalıdır. Sərbəstlik daha yaxşıdır. Valideyn yanında olanda biz daha çox şey istəyirik. O da həddindən çox məsuliyyət hissi daşıyır.

Bütün bunlar ona təzyiq edir ki, bu da onun ziyanınadır. Ümumiyyətlə, hesab edirəm ki, şahmatçı yarışa öz dostları – köməkçiləri ilə getməlidir. Əlbəttə, əvvəllər onunla hər yerə gedirdim. İndi isə görürəm ki, o böyüyüb, yaxşı komandası, dostları var. Adicə mən zalda onun məşqinə gedib baxanda fikri məndə qalır. İstəyirəm ki, o, sərbəst olsun.

– Çempion olsa, onu ailədə hansısa sürpriz gözləyirmi?

– Nə sürpriz ola bilər ki? Vətənə xidmət hamımızın borcudur. Çempion olsa, deyəcəyəm ki, afərin oğlum, yaxşı oğlansan (gülür). Elə bu sevinc hər şeyə dəyər.

– Oyunları canlı izləyirsiniz? Yoxsa həyəcan keçirməmək üçün nəticələrə sonradan baxırsınız?

– Canlı izləyirəm. İstəyirəm ki, bu adam yorulmasın. Ona tapşırıram ki, axşamlar 2-3 km bayırda gəz, özünü zehni cəhətdən çox yorma. Yorğunluq oyunda öz səviyyəni göstərməyə imkan verməyə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər