Saxta dərmanlar: sağlamlıq üçün potensial təhlükə - Həkim şərhi

233

Son günlər Baş Prokurorluğun mətbuat xidmətinin saxta dərman mafiyasına qarşı aparılan əməliyyat-istintaq tədbirləri haqqında yaydığı xəbər geniş müzakirə olunur. Onsuz da səhiyyə sistemindən narazı qalan vətəndaşın belə xəbərləri eşitdikcə həm dərmanlara qarşı, həm həkimlərə qarşı güvəni sarsılır. At izinin it izinə qarışdığı bir zamanda xəstə olmaq da çətindir, həkim işləmək də.

2017-ci ildə Dünya Səhiyyə Təşkilatı (WHO) saxta dərmanlar haqqında raport yayınlamışdı. Raportda başlıca qeydlərə nəzər salaq; 1)dünyanın istənilən regionunda saxta dərman var, 2)dünyada hər 10 dərmandan 1-i saxtadır, 3)antibiyotiklər və malyariya dərmanları ən çox saxtalaşdırılan dərmanlardır, 4) saxta dərmanların ticarət dövriyyəsi ildə 30 milyard dollardır, 5) internet üzərindən, apteklərdə satılan dərmanlarla yanaşı, hətta hospital və klinikalarda da saxta dərmanlar var, 6) saxta dərmanlar əsasən kasıb və aşağı gəlirli, geri qalmış və inkişaf etməkdə olan ölkələrdə yayılıb, 7) hər il yüz minlərlə uşaq saxta dərmanlar ucbatından pnevmoniya və malyariya xəstəliklərindən ölür. O raportda dünyanın siyasi xəritəsi var və 2013-2017-ci illərdə saxta dərman olan ölkələr göy rəngə boyanıb. Qonşularımız göy rəngdədir. Xəritədə Azərbaycan da göstərilib, amma rənglənməyib. Bu, iki mənaya gəlir; ya bizdə o tarixlərdə saxta dərman olmayıb, ya da məlumat Dünya Səhiyyə Təşkilatına ötürülməyib. Əlbəttə ki, ikinci variant doğrudur. Ümumiyyətlə, həmişə Dünya Səhiyyə Təşkilatının raportlarında Azərbaycana fikir vermişəm, ya statistika olduğundan az göstərilir, ya da “məlumat yoxdur” deyə qeyd edilir.
Saxta dərmanların içərisində təsiredici maddə ya yoxdur, ya normal dozasından azdır, ya da yanlış təsiredici maddə vardır. Son istifadə tarixi dəyişdirilmiş, yanlış paketlənmiş, istifadəsi haqqında məlumatları səhv olan dərmanlar da saxta dərmanlardır. Tərkibi əsasən qarğıdalı nişastası, kartof nişastası, ya da təbaşirdən ibarətdir. Bəzən öldürücü dozada toksik kimyəvi maddələr ehtiva edə bilir. Belə dərmanlar bəzən gigiyena qaydalarına əməl edilmədən, natəmiz mühitdə, qeyri-peşəkar personal tərəfindən istehsal edilir.

Bir həkimin dərmanın saxta olub-olmadığını müəyyənləşdirməyi çox qəliz məsələdir, hətta mümkün deyil. Ancaq xüsusi laboratoriyalarda yoxlayandan sonra dəqiq fikir yürütmək olar. Saxta dərmanları aşkar etmək dövlət üçün də çətindir. İndi istehsal prosesi o qədər mürəkkəb, qarmaqarışıqdır ki, məsələn, bir dərman Braziliyadan alınan təsiredici maddədən Almaniyada dərmana çevrilə, oradan Misirə göndərilib, Azərbaycan üçün xüsusi sifariş verilən paketlərə qoyularaq, Dubaya, ordan da Bakıya göndərilmiş ola bilər. Saxtakarlıq bu istehsal zəncirində hərhansı bir yerdə ola bilər. Saxtakarlığın qarşısını almaq üçün bu etapların hamısını gərək kontrol edə biləsən. Nəzarət eləmək üçün hər ölkənin müəyyən qədər işləyən bir mexanizması var.

Ən acınacaqlı məqam isə uşaqlara vurulan peyvəndlərlə əlaqəli olan idi məncə. Ölkəmizin baş pediatrı 26.04.2018-ci il tarixində açıqlama vermişdi: “…Kim deyirsə ki, dövlət xəstəxanalarında vurulan peyvəndlərin keyfiyyəti pisdir, özəl tibb müəssisələrində vurulanlar keyfiyyətlidir bu, çox xoşagəlməz fikirlərdir və əsassızdır. Özəl klinikalar bunu bilərək edir”. Üstündən 4 gün keçəndən sonra Baş Prokurorluq dərman mafiyası haqqında məlum xəbəri yaydı. Məlum oldu ki, adı keçən mafioz dərman şirkəti ölkənin 80%-ini, rayonların mərkəzi xəstəxanalarını peyvəndlə təmin edən əsas peyvənd inhisarçısı imiş.

Vüsal Vəliyev, kardioloq
vveliyev@hotmail.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər