SDU-da “Şəhid taleyi” filminin təqdimatı keçirildi

630
Oktyabrın 19-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı, şəhid Məhəmməd Nadir İlqar oğlu Rzayevin xatirəsinə həsr olunmuş “Şəhid taleyi” filminin təqdimatı keçirildi.
Təqdimatda Millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Emin Hacıyev, SDU-nun professor-müəllim və tələbə heyəti, şəhid ailələri, qazilər iştirak etdilər.
Əvvəlcə Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək tədbir iştirakçılarını salamladı və vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun və layihə rəhbəri, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyevin birgə təşəbbüsünün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında kitablar yazılır, filmlər çəkilir. Şəhidlərin qəhrəmanlıqlarla zəngin həyat yolları hər kəs üçün bir örnəkdir. Bu gün bizim qarşımızda duran ən müqəddəs vəzifələrdən biri odur ki, bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşərək Azərbaycanı daha qüdrətli, daha güclü dövlətə çevirək. Bu hədəfimizə nail olsaq, təbii ki, şəhidlərimizin də ruhu şad olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev çıxış edərək şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə çəkilən filmin əhəmiyyətindən danışdı. Bildirdi ki, Vətən uğrunda son damla qanına qədər döyüşərək müqəddəs zirvəyə ucalan, Azərbaycan xalqının qürur yeri olan şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaq.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova çıxış edərək qeyd etdi ki, tariximizi öz qanları ilə yazan Müzəffər Azərbaycan Ordusunun əsgərləri Ali Baş Komandan, Böyük Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən Müharibəsində işğal altında olan torpaqlarımızı düşməndən azad etdilər. Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, bu müharibə də qurbanlarsız ötüşmədi. Neçə-neçə qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli, millət vəkili Emin Hacıyev çıxışlarında Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir yumruğu ətrafında birləşən müzəffər ordumuzun 44 günə qazandığı Zəfər tariximizdən, torpaqlarımızı düşmən təcavüzündən azad edən Vətən müharibəsi şəhidlərinin və qazilərinin qəhrəmanlıqlarından bəhs etdilər.
Şəhid Məhəmməd Nadir Rzayevin nənəsi Sürəyya Rzayeva çıxış edərək  bildirdi ki, Nadir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ön cəbhəyə gedərək Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşmüş, oktyabrın 15-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Nadir Rzayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Sürəyya xanım onu da qeyd etdi ki, o, əmisi Nadirin şəhid olduğu 1994-cü ildə dünyaya göz açmış, Rzayevlər ailəsi yeni oğul övladına onun adını yaşatsın  deyə Nadirin adını vermişdilər. Amma Nadir adını daşıdığı əmisinin ömrünü yaşadı. Gənc Nadir əmisi kimi Füzuli rayonunda vətən uğrunda şəhid oldu. Bəlkə də bu taleyin yazısı, bəlkə də düşmənin qatil əli idi.
Sürəyya Rzayeva çıxışının sonunda dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonra Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Şəhid Ailələrinə Qayğı Cəmiyyəti”nin təşkilatçılığı ilə şəhid Məhəmməd Nadir Rzayevin xatirəsinə həsr edilmiş “Şəhid taleyi” filmi təqdim olundu.
 Təqdimatdan sonra vətənə, şəhidlərə və bayrağa həsr olunmuş şeirlər söyləndi, “Xudayar təsnifi” səsləndirildi.
Tədbirdə çıxış edənlər şəhid Məhəmməd Nadir Rzayevin döyüş yolundan, qəhrəmanlığından söz açdılar, belə igid övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər