şəhərimizdə yeni Təcili tibbi yardım stansiyası fəaliyyətə başlayıb

973

«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodu ərazisində yaradılmış yeni Təcili tibbi yardım stansiyası bu günlərdə kimyaçıların ixtiyarına verilib.

Stansiyada qeydiyyat otağı, pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərəcək müayinə, müşahidə və reanimasiya otaqları, tibbi personal üçün nəzərdə tutulmuş xüsusi kabinetlər fəaliyyət göstərir. Müasir səhiyyə standartlarına uyğun şəkildə yaradılmış stansiya yeni tibb avadanlıqlar – kardiomonitor, süni tənəffüs, sorma aparatları və s. ilə təmin olunmuşdur. Bununla da kimyaçıların yeni tibb ocağı ağırlıq dərəcəsindən asılı olmayaraq, hər bir xəstəni tam müayinə etmək və lazımi təcili ilkin tibbi yardım göstərmək imkanına malikdir. Xəstələrin diaqnozu, göstərilən tibbi yardım, müalicə prosesinin müşahidəsi, təyin olunan dərman preparatları, həmçinin hər bir pasiyent haqqında fərdi tibbi-diaqnostik məlumatlar xüsusi kompüter sistemində yerləşdirilir və ARDNŞ-nin Mərkəzi Neftçilər Xəstəxanasının mərkəzləşdirilmiş kompüter sisteminin bazasına daxil edilir. Bu isə gələcəkdə MNX-ya müraciət edəcək hər bir kimyaçı haqqında müəyyən xəstəliklə bağlı əvvəlcədən ətraflı məlumatın olmasını təmin edir və növbəti mərhələdə müalicənin daha düzgün və uğurlu aparılmasında mühüm əhəmiyyət daşıyır. Təcili tibbi yardım stansiyasında həkim (kardioloq və reanimatoloqlar), tibb bacısı və ehtiyac olduqda təcili tibbi yardım göstərə biləcək sürücülərdən ibarət 4 briqada çalışır. Tibbi və xidmət personalı 3 ay ərzində Mərkəzi Neftçilər Xəstəxanasında müvafiq treninqlər keçərək ilkin təcili tibbi yardım göstərmək üçün lazımi təlimat almış, müvafiq təcrübə qazanmışdır. Stansiya fasiləsiz işləyir. ARDNŞ tərəfindən stansiyanın sərəncamına “Ford” markalı müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunmuş yeni «Ambulans» maşını ayrılmışdır. Gələcəkdə Etilen-polietilen zavodunun ərazisində Mərkəzi Neftçilər Xəstəxanasının şöbəsinin də açılması nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər