Şəhriyar Məmmədyarovun dünya çempionluğu üçün qalan bir yolu

583

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun dünya çempionluğuna Namizədlər Turnirinə getmək üçün son bir yolu qalıb.

Oxu.Az-ın xəbərinə görə, Almaniyanın paytaxtı Berlində keçirilən Qran-pridə yarımfinalda Hikaru Nakamuraya (ABŞ) 1:3 hesabı ilə uduzan Şəhriyar bununla da ümumi turnir cədvəlində ilk iki pilləni tutmaq hüququndan məhrum olub.

Bu yarışdan Namizədlər Turnirinə vəsiqə qazananlar isə Nakamura və Rixard Rapport (Macarıstan) olub. Yarışda qazancı 20 min avro olan Məmmədyarov üç Qran-prinin nəticəsinə əsasən turnir cədvəlini yalnız yeddinci yerdə başa vura bilib.

İndi şahmatçımızın yalnız bir yolla Namizədlər Turnirinə getmək şansı qalıb. Belə ki, ötənilki Dünya Kubokunun finalçısı olmaqla Namizədlər Turnirinə vəsiqə qazanmış Rusiya şahmatçısı Sergey Karyakin sosial şəbəkə hesablarında ölkəsinin Ukraynaya qarşı müharibəsini dəstəklədiyi üçün martın 21-də altı aylıq diskvalifikasiya edilib. Bu səbəbdən də FIDE (Beynəlxalq Şahmat Federasiyası) mayın 1-də elan ediləcək reytinq cədvəlində üst sırada olan şahmatçını turnirə dəvət edəcək. Hazırda 10-cu sırada olan Şəhriyar bu bir ay ərzində Dinq Liren (Çin), Levon Aronyan, Vesli So (hər ikisi ABŞ) və Aniş Giri (Niderland) kimi şahmatçıları qabaqlamalıdır.

Qeyd edək ki, Hikaru Nakamura və Rixard Rapportdan başqa, Yan Nepomnyaşşi (FIDE – Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən bu ölkə adından çıxış edə bilmir), Teymur Rəcəbov (Azərbaycan), Yan-Kjıştof Duda (Polşa), Əlirza Firuzca (Fransa) və Fabiano Karuananın (ABŞ) Namizədlər Turnirində iştirakı bəllidir. 16 iyun – 5 iyul tarixlərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək Namizədlər Turnirinin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə həlledici görüşə vəsiqə qazanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər