Sərcan Dəmirbağ: “Gecə həyatı futbolçularınızın inkişafına mane olur”

1118

Rauf Əliyevi Türkiyəyə aparmağa çalışacam

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə və Azərbaycan yığmaları arasında oktyabrın 11-də İstanbulda qarşılaşma Azərbaycanda olduğu kimi, qardaş ölkədə də maraqla izləndi. Amma bu təkcə Türkiyə KİV-lərinin oyuna göstərdiyi maraq deyildi. Belə ki, hələ qarşılaşmadan əvvəl bəzi türkiyəli menecerlərin yığma komandamızın oyununu izləyəcəyi və bəyəndikləri futbolçuların transferinə çalışacaqları barədə söz-söhbətlər gəzirdi. Hətta konkret “PMH Consulting” menecerlik şirkətinin nümayəndələrinin, eləcə də menecer Sercan Demirbağın futbolçularımıza maraqlandığı haqda söyləntilər vardı. Təbii ki, belə vəziyyətdə hansı oyunçularımızın maraq dairəsində olduğu maraq doğurmaya bilməzdi. Hər halda, məsələyə menecerlərin münasibəti maraqlı olardı. Bu məqsədlə müraciət etdiyimiz menecer Sərcan Dəmirbağ həm bu, həm də digər suallarımızı cavablandırdı.

– Yəqin ki, Türkiyə – Azərbaycan qarşılaşmasını izləmisiniz?
– Bəli, həmin oyunu izləmişəm.
– Komandamızın heyətində bəyəndiyiniz futbolçu oldumu?
– Oyun boyu diqqətim daha çox Ufuk Budakın üzərində idi. Müdafiəçi mənə xoş təsir bağışladı.
– Bu oyuna qədər hansısa azərbaycanlı oyunçunun oyununu izləmişdinizmi?
– Ufuk Budakı qeyd etdim. Bundan başqa, Rauf Əliyevin oyunu izləmişəm və onun oyununu çox bəyənirəm.
– Adını çəkdiyiniz oyunçuların Türkiyə Super Liqasına transferinə yardımçı olmağınız mümkündürmü?

– Mövsümün sonunda həm Ufuk Budakın, həm də Rauf Əliyevin Türkiyə Superliqasına transferinə çalışacam. Onların oyununu bəyənməyimlə yanaşı, gənc olmaları da önəmlidir. Hətta gələcəkdə başqa futbolçularınızın da transferinə vasitəçi olmağım mümkündür.
– Sizcə, azərbaycanlı oyunçuların ölkə xaricində duruş gətirə bilməməsi nə ilə əlaqədardır?
– Sizin ölkənin futbolda nisbətən geri qalması səbəb ola bilər. Məsələn, Türkiyədə kifayət qədər gənc və bacarıqlı oyunçu var. Legioner kimi isə əsasən aparıcı futbol ölkələrinin futbolçuları dəvət olunur. Amma mənim gətirəcəyim azəri oyunçuların uzun illər Superliqada duruş gətirəcəyinə inanıram.
– Sizcə, bu məsələdə legioner limitinin olmasının təsiri nə qədərdir?
– Məncə, legioner limitinin olması yaxşı futbolçu üçün əngəl deyil. Türkiyədə uzun müddət çıxış edən çox sayda yabancı oyunçu var. Yəni, səviyyəli oyunçularınızın ölkəmizdə duruş gətirmə ehtimalı böyükdür.
– Dediyinizdən belə anlaşılır ki, indiyə kimi Türkiyədə çıxış edən oyunçularımız o qədər də səviyyəli olmayıb.
– Əgər Türkiyədəki karyeraları qısa müddətli olubsa, deməli, elədir. Məsələn, indi ölkənizdə çıxış edən Jabanı çox bəyənirdim, amma o da burda uzun müddət qala bilmədi. Söz yox ki, bu, bir az da klublardan qaynaqlanır. Yəni oyunçular oynaya biləcəkləri klublara getməlidirlər.
– Sizcə, azərbaycanlı futbolçuların inkişafına nə mane olur?
– Ölkədə futboluna o qədər də marağın olmaması önəmli məsələdir. Birinci növbədə futbolun bütün ölkə ərazisində yayılmasına diqqət yetirilməlidir. Futbolçularınızın gecə həyatına meyilli olması da inkişafa mane olan amillərdən ola bilər.

– Türkiyəli oyunçuların klublarımıza transferində vasitəçi olmaq planlarınıza daxildirmi?
– Bəli, belə bir düşüncəm var. Keçən ildən bəzi oyunçuların Azərbaycana transferinə yardımçı olmağı düşünürəm
– Hansı türk oyunçunu ölkəmizə gətirməyi düşünürsünüz?
– Açığı, ad çəkmək istəmirəm. Hələ heç nə dəqiqləşmədiyindən bu barədə danışmaq hələ tezdir.
– Mövsümöncəsi “Qalatasaray”lı Ayhan Akmanın “Neftçi”yə transferi haqda söyləntilər vardı. Bəhs etdiyiniz futbolçu Ayhan Akman deyil ki?
– Yox, mən Ayhan Akmanı nəzərdə tutmuram. Mən həm daha gənc oyunçunun transferində maraqlıyam, həm də bəhs etdiyiniz oyunçunun meneceri var. Amma təbii ki, mən də klublarınıza Ayhan Akman səviyyəsində oyunçu gətirmək istərdim.
– Fikrinizcə, futbolçunun karyerası baxımından menecerlə işlməsinin nə dərəcədə əhəmiyyəti var?
– Əhəmiyyəti çox böyükdür. Oyunçunun hər şeyi ilə meneceri maraqlanır. Menecer onun ən yaxşı komandada və ən əlverişli şərtlər daxilində çıxış etməsinə səy göstərir.
– Bu günədək menecer olaraq etdiklərin özünü qane edirmi?
– Yaşım az olsa da, önəmli işlər gördüyümü düşünürəm. Sonuncu transfer dönəmində 300-ə yaxın oyunçu üçün müxtəlif klublarla transfer görüşməsi etmişəm. Türkiyədə demək ola ki, bütün komandalarla yaxşı əlaqələrim var.
– Menecer olaraq əsas hədəfin nədir?
– Türk futboluna faydalı olmaq ən böyük hədəfimdir. Bununla yanaşı, transferlərdə Avropa ilə Türkiyə arasında vasitəçi olmaq istəyirəm.

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər