Sərt karantin rejiminə gedilmir – insanlar virusa necə qalib gələcək?

540

İnfeksionist: “Son 20  gündə “Omikron”dan ölüm, ya da ağırlaşma halı müşahidə etməmişəm”

Yeri gəlmişkən, yazını hazırladğımız zaman açıqlanan son statistik məlumata əsasən, ölkəmizdə koronavirus infeksiyasına 7 474 yeni yoluxma faktı qeydə alınıb, 4 840 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 25 nəfər COVİD-19-dan dünyasını dəyişib. Göründüyü kimi, həm ölümlərin, həm də aktiv xəstə sayı çoxluq təşkil edir. Amma görünən odur ki, dünyada və ölkəmizdə yoluxmaların sayı nə qədər çox olsa da, qapanmalara gedilməyəcək.  Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının açıqlamasından da aydın görünür. Jurnalistlərə açıqlamasında o bildirib ki, COVİD-19-un “Omikron” ştamı ilə bağlı yoluxma sayında yüksək artım görünür və bununla bağlı görüləcək tədbirlər eynidir: “Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər. Bununla belə, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır. Qapanmaların lokal olaraq, lazım olduqda həyata keçirilməsini tövsiyə edirik”, – deyə Hande Harmançı bildirib.

Bir gün öncə Milli Məclisin deputatı, əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı da mediaya açıqlamasında bildirib ki, hətta yoluxma sayı 10 min də olsa, qapanma olmayacaq. Onun sözlərinə görə, bu ştamın yoluxduruculuq qabiliyyəti sürətlidir: “Hər kəs peyvəndlənib. Nə qədər çox yoluxma olsa da hamı qrip kimi keçirir. Kimdən soruşsanız ”Omikron” ştamını klassik formada keçirdiyini deyəcək. Düzdür, elə insan ola bilər ki, bir qədər ağır keçirsin. Lakin əvvəlki qriplər kimidir. Bu ştam koronavirus kimi deyil. Bunun yoluxduruculuq qabiliyyəti sürətlidir. Koronavirusdan dəfələrlə artıqdır. Bir saniyədə viruslu xəstə ilə təmasda olan kimi insan xəstələnir. Lakin xəstəlik ağır deyil”.

Vüqar Cavadzadə: Qida toksikoinfeksiyalarında infeksiya mənbəyi əsasən  insandır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son günlər yoluxma sayının yüksək olması əhali arasında müxtəlif sualları gündəmə gətirib. Əgər xəstələnənlərin sayı yeddi mini ötübsə, niyə sərt karantin haqqında qərarlar verilmir?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Yeni Müsavat” a qapanmaların olub-olmaması barədə bunları şərh edib: “Ölkədə ”Omikron”a yolxuma getdikcə artır. “Omikron” variantı yaranan gündən biz deyirdik ki, belə artım müşahidə olunacaq. Bu gözlənilən idi. Hazırda ölkəmizdə yoluxmalar artmaqda davam edir. Amma “Omikron” “Delta” variantından daha yüngül keçir. O zaman sərt karantin rejimi tətbiq edilir ki, xəstəxanalarda çarpayı fondunun sayı azalsın. “Omikron” variantında xəstəxanaya düşən xəstələrin sayı COVİD-19-dan dəfələrlə azdır. Əgər yoluxmalar kəskin artarsa, xəstəxanalar dolarsa, o zaman sərt karantin tətbiq edilə bilər. “Omikron” variantına yoluxan şəxslərin 90 faizi ev şəraitində müalicə olunur, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, sərt karantin rejiminin tətbiqi lazımsızdır. Hər dəfə sərt karantin, qapanmalar tətbiq edilib, amma bu qaydalar aradan qaldırılandan sonra sürətlə artım müşahidə edilib. Amma bütün bunlara arxayın olmamalıyıq. O səbəbdən də əvvəlki kimi qızıl qaydalardan yenə istifadə edilməlidir, maska taxmalıyıq, qapalı məkanlarda az olmalıyıq, xəstə şəxslərdən uzaq olmalıyıq. Yenə də əl gigiyenasına fikir verməli, qızdırma olduğu halda özümüzü təcrid etməliyik”.

İnfeksionist evdə müalicə zamanı diqqət olunmalı məqamlara da toxunub: “İnsanlar kortəbii şəkildə dərmanlar qəbul edirlər. ”Omikron” variantında çoxlu dərman qəbul edilməsinə ehtiyac yoxdur. Əgər hərarət 37.4-37.5 dərəcədirsə, antibiotiklərdən istifadə edilməməlidir. Əgər  37.8 və ya 38-dirsə, hərarətsalıcı dərman qəbul etmək olar. Təəssüf ki, hələ də insanlar antiviral dərmanları qəbul edilər. Bu gün dünyada koronavirusa qarşı hər hansı antiviral dərman yoxdur, bunların faydası da yoxdur. Sadəcə olaraq, bol maye, vitaminlər qəbul etmək lazımdır”. Həkim onu da əlavə edib ki, son 20  gündə “Omikron”dan ölüm, ya da ağırlaşma halını müşahidə etməyib.

Pediatr Aytən İsmayılzadə Mehriban Əliyevaya müraciət etdi- » Yenixeber.org  - Oxu, xəbərin olsun

Qeyd edək ki, əhali arasında daha bir narahat doğuran məsələ də var. Süd verən analar “Omikron”a yoluxarsa, bu, uşağa zərər bilərmi? Pediatr Aytən İsmayılzadə bizimlə söhbətdə məsələ ilə bağlı bunları deyib: “Bizə də bununla bağlı çox sual verilir. Ana COVİD-ə yoluxub, müalicə alır, süd verə bilərmi?

Süd verə bilər. Virus ana südü ilə keçmir. Gigiyenasına diqqət etməklə, maska taxmaqla süd verməyə  davam edə bilər. Əgər ana ciddi müalicə almırsa, sadəcə, vitaminlər və yüngül antibiotiklərlə müalicə alırsa, yenə də süd verməyə davam etsin. Lakin ağır  antibiotiklər (“Ofloksasin” sırası), antivirus dərmanlar (“Favipiravir”, “Remidesevir”) təyin edilmişsə, süd verməyə fasilə  verməli olacaq. Çünki bu dərmanların südlə körpəyə keçməsini istəmirik. Bu zaman anaya, daha doğrusu, körpəyə süd bankı kömək edəcək. Bu epidemiya dövründə hər bir süd verən ananın belə bir bankının olması vacibdir. Çünki ana COVİD olursa, uşağa da keçməsi  mümkündür. Uşaq üçün isə  xəstəlik zamanı ana südü immunitetin əsas sütunudur. Xəstəlik olduqda əmizdirməyə əks göstəriş yoxdursa belə süddə azalma olur. Çünki orqanizm birinci özünü düşünərək süd əmələgəlməni azaldır. Ana süd azaldığı üçün də  stress keçirər və süd bir az da azala bilər. Yenə də belə olanda süd bankı köməyimizə gələcək. Süd bankı yaratmağa elə  uşaq doğulan ilk vaxtlardan başlaya  bilərsiniz. Yəni nə vaxtsa diş həkiminə gedəcəksiz, ya uzaq olsun, bir xəstəlik olacağını gözləmək lazim deyil. Normal hesab etdiyimiz südün ay yarıma azalması vaxtı da süd bankı körpəyə və sizə  kömək edəcək. Unutmayaq ki, dondurucuda olan ana südü 3-6 ay muddətində istifadə edilə bilər. Onu da qeyd edim ki, süd verirəm deyib lazım olan müalicədən imtina etməsinlər. Ana sağlamlığı hər şeydən vacibdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər