Silaha sarılan ömür

1083

Müasir Azərbaycan tarixində ilk dəfə bu qədər uzun müddət sonra şəhid təltif olundu: 199 ay sonra

Deyirlər, azadlığa o adamlar daha çox layiq olurlar ki, hər gün onun uğrunda döyüşə gedirlər. Güləbirdli gənclər bax o adamlardan idi. Müharibə bütün xofu və dəhşəti ilə ölkəmizin üzərinə şığıyanda laçınlılar, güləbirdlilər də vətənin müdafiəsinə qalxdılar.

Əvvəlcədən məlum idi – müharibə iki şey diqtə edir: ölmək və öldürmək. Ölüm adlı şey isə mütləq son deməkdir və bir də ölüm üçün fərqi yoxdu sən kimsən, ya kim olmusan – oyun bitmişsə şahı da piyada ilə eyni qutuya qoyurlar…Amma indi ortada vətən, vətən və VƏTƏN var idi axı…

1969-cu il martrın 7-də Azad kişinin evində dördüncü oğlan uşağı dünyaya gəldi. Azad kişi atasının adını öz övladına qoymaq qərarına yalnız bu – dördüncü oğlan övladı dünyaya göz açanda gəldi. Bəlkə də bu təsadüf idi, bəlkə də yox. Doğrudur, praqmatik və elmi nöqteyi-nəzərdən yanaşaraq demək olar ki, adlar heç vaxt taleləri yazmır. Amma həyat bəzən bütün, bəli, bütün elmi postlatları alt-üst edir.

Azad kişinin atası Gəray İkinci Dünya müharibəsindən qatıtmayanlardan idi – nə öldüsünü bilən var idi, nə də qaldısını…Balaca Gəray isə indi doğulmuşdu – onu nə gözlədiyini də hələ heç kim bilmirdi, bilə bilməzdi…

Gəray böyüdü, məktəbə getdi, 1986-cı ildə öz doğma kəndi Güləbirddə orta məktəbi bitirib əsgəri xidmətə yola düşdü. 1987-89-cu illərdə keçmiş SSRİ-nin Petropavlovski, Semfropol, Sevestopol və Krım vilayətlərində hərbi xidmət keçən Gəray Məmmədov ordu sıralarından rabitəçi rota komandiri-starşina kimi təxris olundu.

80-ci illərin sonlarında Dağlıq Qarabağ və ətraf ərazilərdə başlanan narahatlıqlar tezliklə Ermənistanın uzun zamandır Azərbaycana qarşı planlaşdırdığı təcavüzü ilə nəticələndi.

Hərbi xidməti başa vurduqdan sonra Laçın rayon DİŞ-də polis starşinası kimi fəaliyyətə başlamış G.Məmmədov həmin vaxt düşmənə qarşı ilk silaha sarılanlardan oldu. Simasından qorxmazlıq, igidlik yağan Gəray adi bir polis nəfərinə yox, əsl hərbçiyə, döyüşçüyə, vətən fədaisinə çevrildi. Bir-birinin ardınca hərbi əməliyatlarda iştirak edən Gəray döyüş təcrübəsi qazanmaqla yanaşı həm də özünü fədakar döyüşçü kimi sübut etməkdə idi…

Döyüş yoldaşı Ramiz Əmirovun xatirələrindən:

–         Gəray daim axtarışda idi. O, bizimlə söhbətində həmişə deyirdi ki, mən ov tüfəngi ilə vuruşa bilmirəm. Ermənilər avtomatla döyüşür, biz isə ov tüfəngi ilə. Bir gün dedi ki, mən sabah posta gəlməyəcəm – gedirəm rayona polis sıralarına daxil olam. Əlimizdə heç olmasa bir avtomat silahı olsun. Düzünü deyim ki, yoldaşlarım buna şübhə yanaşdılar. Ancaq bir-iki gün sonra Gəray posta polis formasında, çiynində avtomatla gəldi. Elə həmin gündən Gəray Cicimli, Qazıdərəsi, Fərəcan, Güləbird və digər sərhəd kəndlərinin müdafiəsində düşmənə qarşı döyüşməyə başladı. Gərayın iştirak etdiyi döyüşlərdən biri xüsusilə yadımdadır: bizim kənd Ermənistanın bir çox kəndləri ilə həmsərhəd idi. Həmin yerlərdə kənd camaatı əkin işi ilə məşğul olurdu. Işlədiyimiz ərazi “Aralıq yalı” sayılırdı. Bu yer Təzə Xinzirək kəndi ilə yaxın məsafədə həmsərhəd idi…Bir gün günorta vaxtı ermənilər bizi güclü atəşə tutdular. Bizdə olan silahlar yalnız ov tüfəngləri idi, onlarla isə uzaq məsafəni vurmaq mümkün deyildi. Ermənilər isə əməlli-başlı hücuma keçmişdilər. Bu vaxt Gəray özünü bizə köməyə yetirdi. O, bizdən ayrılıb düşmənlə atışmağa başladı və onun fədakarlığı sayəsində qarşı tərəf geri çəkilməyə məcbur oldu.

… 25 may, 1992-ci il. Laçının işğalından ruhlanan erməni daşnaqları növbəti dəfə Güləbirdə həmlə edirlər. Həmin gün kənd ətrafında ağır döyüşlər gedir. Qüvvələr nisbətinin düşmənin xeyrinə olmasına baxmayaraq güləbirdli gənclər əsl dirəniş göstərərək erməniləri geri oturdurlar, Gərayın başçılıq etdiyi silahlı dəstə ermənilərin 20 əsgərini və iki tankını məhv edir…

Daha bir uğurlu döyüş 1992-ci il oktyabrın 12-də “Qız qəbri” istiqamətində olur. Erməni daşnaqları bu dəfə daha geniş çaplı əməlyyatla Güləbirdi almağı qət etmişdi. Bununla belə yenə Gəray və bir neçə döyüşçü yoldaşının döyüş təcrübəsi və uzaqgörənliyi düşmənin planlarını alt-üst edir. Gəray bir neçə döyüşçü dostu ilə düşmənin arxasına keçərək onlara ağır zərbə endirir. Döyüş zolağında 30-a qədər canlı qüvvəsini itirən qarşı tərəf əlacsız halda geri çəkilməyə məcbur olur.

1992-ci ilin iyun ayında Azərbaycan hərbçiləri Malxələf istiqamətində irimiqyaslı hücuma keçir. Gəray bu döyüşdə də fərqlənir, düşmənin xeyli canlı qüvvəsini məhv edir, “Xəlifə qəbri” deyilən yerdə olan düşmən postlarını qumbaratanla darmadağın edir. Həmin döyüşdə göstərdiyi igidliyə görə Gəraya pul mükafatı təqdim olunur, eyni zamanda Azərbaycan Televiziyasında onun haqqında xüsusi veriliş hazırlanır.

Döyüş yoldaşı Çingiz Məmmədovun gündəliyindən:

–         14.10.92. Səhər saat 10.00 olar. Kəndin körpüsünə gəlirik. Yenicə çatmışdıq ki, körpünün yuxarısındakı hündürlükdən 10-12 nəfər görünür. Biz də onlara tərəf çıxırıq – Rizvan, İnqilab, Ramiz, Qorxmaz ve Çingiz bir tərəfdən, Gəray isə tək bir tərəfdən. Ermənilərlə məsafəmiz lap daralanda güclü atışma başlayır. Gəray fədakarcasına irəliləyir, düşməndə əsl qorxu yaradırdı. Çox keçmir ki, ermənilər Türklər istiqamətində qaçmağa başlayır. Biz onların  olduğu yerə çıxırıq.

Yenə həmin gündəlikdən:

–         10.11.1992. Erməni tərəf yenə də qəflətən Güləbird kəndinə şimal hissədən hücuma keçir. Gəray sürətlə irəliləyən düşmən tankını qumbaratanla susdurur və onu qənimət kimi ələ keçirir. Düşmən bu hücumda da heç bir şeyə nail ola bilmir, xeyli sayda canlı qüvvə itirərək geri çəkilir. Gəray isə bu döyüşdə ayağından yaralanır.

…Həyat o qədər qəribədir ki! Bəzən “əlvida” deyib gedirsən, amma sonra yenə qayıdırsan, bəzənsə “hələlik” deyib heç vaxt qayıtmırsan. Gəray sonuncu dəfə atası Azad kişi ilə görüşərkən ona hələlik demişdi, tezliklə gələcəyinə söz vermişdi. Amma…

Amma… 1993-cü il avqustun 27-si Gəray üçün son gün oldu, o, qəhrəmancasına şəhid oldu, o vətən üçün yaşadı, vətən üçün öldü. O, şəhid oldu ki, VƏTƏN YAŞASIN! O, qəhrəmanıq sılnaməsi ilə xatirəyə döndü, əbədi bir xatirəyə…

2010-cu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Məmmədov Gəray Azad oğlu “İgidliyə görə” medalı ilə təltif olundu. Müasir Azərbaycanın tarixində şəhid Azərbacan oğlu ilk dəfə şəhid olmasından bu qədər uzun zaman sonra – 203 ay sonra mükafatlandırıldı. Bu, həm də onun göstəricisi idi ki, doğrudan da adətən deyildiyi kimi, heç kim unudulub, heç kim yaddan çıxmırmış…

Vüsal Mətləboğlu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər