SON TƏBƏSSÜM…

241

Sovet dövrü idi, Tibb Universitetinin beşinci kursunda oxuyurdum. Qrup yoldaşım olan bir rusla yoldaşlıq edirdim. O, yerli idi. Bir gün son mühazirədən qayıdarkən  mənə dedi ki, getdiyimiz küçəyə yaxın bir yerdə qocalar evi var, anası orada işləyir. Əlavə etdi ki, anası bu gün növbətçidir, ona nəsə çatdırmalıdır. Birlikdə getməyi təklif etdi. Etiraz etmədim. Qocalar evində məni anası ilə tanış etdi. Onların söhbətinə mane olmamaq üçün aralandım. Həkim marağımdan qocalar olan palatalara baş çəkdim. Mən həyatda da, klinikalarda da çoxlu ahıl insanlar görmüşdüm və düşünürdüm ki, məni təəccübləndirmək mümkün deyil.
Qarşımda açılan mənzərələr və duyduqlarım məni sarsıtmışdı. Təfəkkürüm gördüklərinə etiraz edirdi. Həyata baxışım, dünyagörüşüm bütünlüklə alt-üst olmuşdu. Qocalar evində vəziyyətin bu dərəcədə dözülməz olacağını təsəvvür edə bilməzdim. İllərlə yataqdan dura bilməyən, məhdud personalın çatdırıb qulluq edə bilmədiyi ahıl insanlarla dolu bir məkan! Cavanlar burada işləmək istəmədiyindən personal da yaşlı idi, çox işlərə sadəcə gücləri çatmırdı, gördüyüm bir-iki kişi sanitar da ayıq deyildilər. Sifətlərindən başa düşdüm ki, bu hal onlarda daimidir.
Palatalardakı vəziyyəti, xüsusən də qoxunu sözlər təsvir etmək gücündə deyil!
Bu insanlar burada sadəcə ölümlərini gözləyirdi. Acınacaqlı vəziyyətə görə heç Əzrail də, deyəsən, bura ayaq basmaq istəmirdi!
Diqqətimi pəncərənin yanındakı çarpayıda uzanmış çox ahıl bir kişi cəlb etdi. Daha doğrusu, onun qızarmış gözləri.
Burada deyim ki, mən ikinci kursdan göz həkimi olmağı qərarlaşdırmışdım və imkan düşən kimi vaxtımı göz xəstəlikləri kafedrasında keçirirdim. Qocaya yaxınlaşıb onun gözlərinə baxdım. Personaldan öyrəndim ki, Pavel İvanoviç ( adı yadımda qalıb) müharibə veteranıdır, igidliyə görə çoxlu orden və medalları var. On beş ildən çoxdur ki, buradadır, heç kimi yoxdur. Yaşı doxsanı keçib, son beş ili yataqdan durmur.
Gözlərindəki vəziyyət belə idi: göz qapaqlarının gözlə təmasda olan hissəsi uzunmüddətli iltihabi proseslərdən deformasiyaya uğramış və adi halda gözdən əks istiqamətdə yönələn kirpiklər gözün içinə doğru yönəlmişdi. Bu kirpiklər gözü qıcıqlandıraraq ağrı doğururdu. Uzun müddət davam etmiş bu qıcıqlanmadan da gözlər qızarmışdı. Hər göz qırpımında narahatlıq yarandığından o, gözlərini yumulu saxlamağı üstün tuturdu. Hər dəfə gözünü açmağa məcbur olanda qeyd etdiyim hal təkrar olunurdu. Amma bu yazdıqlarımın qorxunc olmağına baxmayaraq, bu halın müalicəsi olduqca asandır. Sadəcə olaraq, gözə yönələn kirpikləri kökündən çıxarmaq lazım idi. Bunun üçün xüsusi kirpik maqqaşı, böyüdücü binokulyar (eyni zamanda iki göz üçün) lupa və dezinfeksiyaedici göz damcıları lazım idi.
Qocalar evini ağır hislərlə tərk edəndən sonra dostumdan bəhanə ilə ayrılıb, göz xəstəlikləri kafedrasına getdim. Personal məni yaxşı tanıyırdı. Mənə lazım olan hər şeyi xüsusi qabda götürüb, qocalar evinə qayıtdım. Orada fikrimi dostumun anasına çatdırdım. O, çox təəccüblənsə də, mənə etiraz etmədi. Mən Pavel İvanoviçin hər iki gözünü ona illərlə zülm edən əyri kirpiklərdən azad etdim.
İndi sonrakı hadisəni sizə nəql edirəm: Pavel İvanoviç hər dəfə gözlərini qırpdıqca anlayırdı ki, gözləri daha ağrımır. Kənardan bunu müşahidə etmək çox maraqlı idi. O əvvəl bunu başa düşə bilmirdi, yoxlamaq üçün gözlərini təkrar-təkrar qırpırdı. Müsbət halından yavaş-yavaş dirçəlirdi. Ağrının daha olmayacağına hələ də inanmayan Pavel İvanoviç gözlərini açıb mənə diqqətlə baxdı. Hə, mən  kirpiklərini çıxara-çıxara onu tərifləmişdim də! İgid əsgər olduğunu bildiyimi, onun qəhrəmanlıqları haqda eşitdiyimi ona demişdim. O, gözlərini daha da iri açıb, əllərinin ikisini də birdən mənə uzatdı. Elə mən də onun əllərini ikiəlli qarşıladım. Amma bir olay məni təəccübləndirdi: bu çox qoca, çəlimsiz, həyat əlamətləri tam zəifləmiş insan mənim əllərimi sıxırdı! Və bu onda alınırdı! O mənim əllərimi sıxır və… buraxmaq istəmirdi.
Bir müddətdən sonra o, əllərimi buraxıb, məmnuniyyətlə gözlərini qırpmağa davam etdi. Uzun illərin həsrətindən sonra nəhayət ki, aldığı məmnunluqdan üzündə təbəssüm əmələ gəldi. Bu mənim ömrümdə gördüyüm ən gözəl təbəssüm idi. Bu təbəssümə təəccübünü gizlədə bilməyən dostumun anası arxadan məni qucaqladı. Mən Pavel İvanoviçlə sağollaşıb palatadan çıxanda dostumun anası göz yaşlarını saxlaya bilmədi. “Doktor, çox sağ olun, – dedi, – bu, son on beş ildə onun üzündə gördüyüm ilk təbəssüm idi”.
Üç gündən sonra dostum mənə dedi ki, Pavel İvanoviç dünyasını dəyişib. Hamını təəccübləndirən də o olub ki, onun ruhunun tərk etdiyi çöhrəsində təbəssüm olub!

Statusman ( Hümbət Həsənoğlu)

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər