Spirtli içki şəkərli diabeti müalicə edir?

3466

Günümüzdə ən çox rast gəlinən və uzun zamandır ki, tibb elminin birdəfəlik həllini tapa bilmədiyi xəstəliklərdən biri də şəkərli diabet, ümumiyyətlə endokren sistemin xəstəlikləridir. İnsan orqnizmində bir sıra endokren orqanlar var ki, onlar müvafiq hormonlar ifraz edir. Mədəaltı vəzi bu orqanlardan biridir və onun fəaliyyətində yaranan problem şəkərli diabet xəstəliyinə yol aça bilir. Həkim, endokroloq Sevinc Kazımova deyir ki, bu vəzinin ifraz etdiyi insulin hormonu orqanizmin qlükoza ilə təchiz olunmasında iştirak edir, qlükozanın daşınmasını təmin edir: “Gözümüzün görməsi, beynimizin işləməsi qlükozanın sərfiyyatı ilə bağlıdır, demək olar ki, qlükoza bütün orqanların hərəkiliyini təmin edir”.

Həkimlər endokren orqanlardan biri kimi qalxanvari vəzinin problemləri ilə də üzləşirlər. “Bu vəzin ifraz etdiyi hormonlar ürəyin keçiriciliyində, ritmin tənzimlənməsində, təzyiqin stabilliyində əsas rollardan birini oynayır. Bu vəzinin ifrazında yaranan problemlər ürəkdöyünməyə, əsəbiliyə, arıqlamaya və s. səbəb ola bilir” – deyə S.Kazımova qeyd edir.

Qalxanvari vəzinin xəstəliyinin səbəbinə gəldikdə isə hesab olunur ki, bu, daha çox yodun çatışmazlığından irəli gəlir və yod çatışmazlığı olan ərazilərdə bu qəbildən olan xəstəliklərə daha çox rast gəlinir. Endokroloq S.Kazımova deyir ki, qalxanvari vəzinin ifraz etdiyi T4 hormonunun tərkibi məhz yoddan ibarətdir.

Biz necə yaşayırıq ki, şəkər bizi tapır?

Endokroloq Sevinc Kazımova qeyd edir ki, tibbi ədəbiyyatlar şəkərli diabetin başlıca səbəbi kimi stress faktorunu göstərir. Düzgün qidalanmama da xəstəliyin başlıca səbəbləri sırasındadır.

Eyni zamanda həkimlər şəkərli diabet xəstəliyinin cavanlaşmasından da  narahatlıqlarını ifadə edirlər. “Əvvəllər ikinci tip şəkərli diabet 40 yaşından sonra tapılırdısa, indi 30 yaşlı insanda da onun əlamətlərinə rast gəlinir. Görünür, bu da insanlarımızın daha stresli həyat tərzindən, müharibə faktorundan asılı olan məsələdir. Xəstəliyə düzgün qidalanmama, eləcə də oturaq həyat tərzi keçirilməsi də səbəb olur. Təbii ki, xəstəliyin genetik olaraq keçməsi də istisna edilə bilməz” – deyə həkim S.Kazımova qeyd edir. Əgər orqanizmdə 50-60 vahid insulin ayrılırsa, bu bədəni təmin edə bilir. Endokroloq deyir ki, nəzərə alsaq ki, hər bir çörək parçasına iki vahid insulin gedir, bir çörəyin yarısı və bir qab bol kalorili yeməyi qəbul edən insana nə qədər insulin ifrazı lazım olduğunu görmək olar.

Gecə saatlarında niyə qidalanmaq olmaz?

Mütəxəssislər qeyd edir ki, şam yeməyini axşam saatlarında gecikdirmək olmaz. Endokroloq S.Kazımova hesab edir ki, bunu başa düşmək üçün heç həkim olmaq vacib deyil: “Elə məntiqlə fikirləşəndə də görürsən ki, yatmazdan 3-4 saat əvvəl qidalanmaq lazımdır. Gecə qidalandıqda qidanın orqanizmdə sorulmasında problem yaranır, həzm çətinləşir, bədəndə narahatlıq yaranır. Əgər kimsə gecə 2-3-ə qədər yatmırsa, onda əlbəttə, saat 23:00-da da qida qəbul etmək olar, amma yox əgər insan tutaq ki, 23:00-da yatacaqsa, o saat 19:00-da qidalansa və bir qədər yüngül qidalar qəbul etsə daha yaxşı olar”.

Şəkərli diabet xəstələri üçünsə gecə gec saatlarda və ağır qidalarla qidalanmaq xüsusilə yolverilməzdir.

Şəkərli diabet xəstələri nələrlə qidalanmalı?

Endokroloq S.Kazımova deyir ki, şəkərli diabet xəstələri üçün bir sıra qidaların qəbulu məsləhət görülmür. Bu sırada ilk növbədə bütün xəmir xörəklərinin adını çəkmək lazımıdır: “Əriştə, xəngəl, müxtəlif şirniyatlar, satışda olan şirin sular da məsləhət deyil. Bəzən xəstələr hesab edir ki, üzərinə “dietik” sözü yazılan içkilər onlar üçün heç bir təhlükə yaratmır. Ancaq yadda saxlamaq lazımdır ki, bu şirələr heç də dietik deyil və şəkərli diabet xəstələrinə mənfi təsir edir. Biz şəkər xəstələrinə düyü yeməyi də tövsiyə etmirik. Amma bunun əksinə olaraq paxlalı bitkilərlə qidalanma daha məqsədəuyğun hesab olunur. Bu sırada kələmi, pomidoru, xiyarı, kökü, bibəri də qeyd etmək olar”.

Ət məhsullarına gəldikdə isə yağsız dana, quzu və quş ətini qəbul etmək olar – ancaq sonuncunu dərisiz. Ancaq bu, o demək deyil ki, bu qidalar zərər vermir deyib, bolluca – artıqlaması ilə yemək olar. Həkim deyir ki, az-az, tez-tez yemək daha faydalıdır.

Bəs, doğrudanmı, spirtli içki şəkərli diabeti tənzimləyir? Həkimlərin bu streotipə münasibəti necədir? Dərhal xatırlatmaq yerinə düşər ki, əksər həkimlər şəkərli xəstələrə spirtli içkini qadağan etmir.

Endokroloq S.Kazımova bunu belə izah edir: “Bəzən passient gəlib deyir ki, mənə dedilər ki, “sən gündə 50 qram spirtli içki iç şəkərin normal olacaq”. Bu qəbulolunmaz bir şeydir. Ancaq təcrübəli həkimlər adətən spirtli içkiləri qadağan etmir. Bunun səbəbini soruşduqda isə belə izah olunur ki, insana nəyisə qadağan etmək çətindir. Spirtli içkidən imtina etmək çox çətindir, bunu yalnız olduqca iradəli insanlar bacara bilər. Odur ki, həkimlər içkini mütləq mənada qadağan etmirlər. Bu, daha çox psixoloji məsələdir. Biz adətən xəstələrə deyirik ki, 50-100 qramdan artıq içmək olmaz. Doğrudur, spirtli içki şəkəri aşağı salır, çünki qan durulaşır. Ancaq axı bu, müalicə üsulu ola bilməz – sən nə vaxta kimi içki qəbul edə bilərsən, axı beləliklə, digər orqanlar, xüsusilə də qaraciyər sıradan çıxır. Digər bir tərəfdən spirtli içki qəbul olunduğu halda şəkər aşağı düşür, amma iki gün sonra iki-üç dəfə qalxmış olur, çünki içkinin müalicəvi xarakteri yoxdur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər