Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ

1516

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində dünyaya gəlib. Ailədə beş uşaq – üç qardaş, iki bacı olublar. Ondan başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. İlin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib ərinə baş çəkmək qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir neçə gün öz evində qonaq saxlayırlar. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq uşağı elə Ağcabədidə dünyaya gətirir. Bir aydan sonra isə Şirin xanımı Üzeyirlə birgə kəcavə ilə Şuşaya gətirirlər.

Üzeyir ilk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alır. Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən alıb. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını ilhamlandırıb. Onda Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı başında” adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşlarıyla birgə orda xorda oxumuşdu. İllər sonra həmin səhnəcikdən təsirlənərək böyük Füzulinin poeması əsasında nəinki Azərbaycanda, bütün Şərqdə operanın özülünü qoyur, “Leyli və Məcnun”u yazır. 1908-ci il yanvarın 12-də ilk nümayişində də operanın dirijoru elə Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.

Natəvana baş əyəndə…

Uşaqlığı da Şuşada keçib. “Çöl Qala” deyilən yerdə Üzeyirgilin evləri olub. Sonralar Şuşa qalası işğal olununa qədər ora Üzeyir bəyin ev muzeyi kimi fəaliyyət göstərəcəkdi. Hələlik isə balaca Üzeyir bu vaqeədən xəbərsiz uşaqlıq keçirir. Bir gün uşaqlarla birgə balaca Üzeyir də xan qızı Natəvanın bağına meyvə oğurluğuna gedir. Bu vaxt xan qızı həyətə düşür. Uşaqlar onu görüb yığdıqları almaları da götürüb qaçırlar, amma Üzeyir qaça bilmir. Qopartdığı iki almanı papağının altında gizlədən gələcək bəstəkar Natəvan xanım ona yaxınlaşanda baş əyib salam verir. Buxara papaq yerə düşür, elə almalar da. Natəvan bunu görüb soruşur:

– Siz burda nə edirsiniz?

– Alma yığırdıq.

– Məni tanıyırsınız?

– Bəli, siz xan qızı Natəvansınız, həm də şairəsiniz.

Sonra Üzeyir Natəvanın bir neçə qəzəlini əzbərdən deyir. Bu təbii ki, Natəvanın xoşuna gəlir və onun başını sığallayıb – sən qoçaq, ağıllı oğlansan, gələcəyin parlaq olacaq – deyir.

İlk qazanc yolu

13 yaşında Üzeyir hekayələr yazmağa başlayır və onları “Kitabi-məzhəkə” adı altında toplayır. Sonra kitaba illüstrasiyalar çəkir, onu özü cildləyir. O kitabları 15 qəpikdən satan Üzeyir həmin pulla ailəsinə köməklik edirdi.

İllər keçdikdən sonra Üzeyir bəyin xanımı tərəfdən qohumu, sonralar onun ev muzeyinin direktoru olmuş Ramazan Xəlilov həmin kitabdan birini Şuşadan tapdırıb Üzeyir bəyə doğum günü hədiyyəsi kimi verir. Əhvalat belə olur. Ramazan Xəlilov “Üzeyir bəyi hansı hədiyyə ilə təəccübləndirmək olar?” – deyə çox düşünür və tapır. Şuşaya gedib orda qocaman zərgər Yemiş əmini tapır və ondan şuşalıların evindən o kitabı tapıb çıxartmağı xahiş edir. Xahiş yerinə yetirilir və Ramazan müəllim həmin kitabı Üzeyir bəyin iş otağındakı siyirməsinə qoyur.

Ramazan müəllim xatirələrində yazır ki, Üzeyir bəyin bir adəti vardı: “Hər səhər əl-üzünü yuyub iş otağına keçərdi, yarım stəkan çaydan və bir neçə qullab siqaretdən sonra işləyərdi. Yalnız ondan sonra səhər yeməyi üçün qonaq otağına keçərdi. Siqaretini götürmək üçün siyirməni açanda “Kitabi-məzhəkə”ni görür. “Bunu ancaq Ramazan edər” – xanımı Məleykəyə söyləyir və gözləri dolur. O hədiyyə həqiqətən Üzeyir bəy üçün qiymətli idi”.

Həmin kitab muzeyin fonduna daxil edilməmişdi. Ramazan Xəlilovun şəxsi arxivində saxlanılırdı.

Yeri gəlmişkən, Ramazan Xəlilov Tiflisdə yaşayan vaxtlarda Bakıda Üzeyir bəyin ev muzeyi yaradılır və Heydər Əliyev onu Bakıya gətirtdirib – “Səni bu muzeyə ömürlük direktor təyin edirəm”, – deyib. Ramazan Xəlilov ömrünün sonuna qədər Üzeyir bəyin ev muzeyinə rəhbərlik edib. Onun şəxsi arxivi Üzeyir bəyin ev muzeyi qədər zəngin olub. Muzey darısqal olduğundan onları muzeyə daşımayıb. Arxivin bir hissəsi ölümündən sonra oğlu tərəfindən, bir hissəsi isə oğlunun muzeydən oğurluq etməsi adı ilə həbs olunmasından sonra müsadirə edilərək muzeyə verilib.

İlk sevgi və sonsuzluq

14 yaşında Üzeyir Qori müəllimlər seminariyasına oxumağa gedir. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alır. Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir, ripka, violonçel və baritonda çalmağı öyrənir, xalq mahnı nümunələrini nota köçürür. 1904-cü ildə-seminariyanı bitirdikdən sonra Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.

Üzeyir bəy Qori müəllimlər seminariyasında oxuduğu illərdə çox şey qazanır. Həyat yoldaşı, ilk və yeganə sevgisi, tatar qızı Məleykə xanımla da orda tanış olur. Məleykə xanımın qardaşı Əli Terequlov Üzeyir bəylə bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri evlərinə aparar, teatrlara, Tiflisin gəzməli-görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi.

Evlənirlər, Bakıda kirayədə yaşayırlar. Hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə 1915-ci ildə verilir. 1942-ci ilə qədər bu mənzildə yaşayırlar.

Məleykə xanıma görə övladları olmurdu. Amma Üzeyir bəy övlad naminə belə sevgili xanımından ayrılmağa razı olmayıb. Üzeyir bəyin həmyaşıdı, eyni gündə, ayda, ildə doğulduqları Müslüm Maqomayev (Qroznıda doğulub) Məleykə xanımın bacısı ilə ailə qurub. Azərbaycanın bu iki dahi şəxsiyyəti həm də bacanaq olublar.

Neçə dəfə ölümdən qurtulub

Üzeyir Hacıbəylinin istedadı, artıq dünyaya yayılmış şöhrəti ona qarşı qısqanclıqları günü-gündən artırır. Xeyirxahlar onu bir neçə dəfə ölümün pəncəsindən alıb. Bəli, belə bir insana ölüm istəyənlər də az olmayıb.

Hadrutda dərs dediyi vaxtlar erməni-müsəlman davasının orda vüsət aldığı 1905-ci ilə təsadüf edir. Kəndin ağsaqqalları ermənilərin Üzeyir bəyə qarşı qıcanan dişlərini görüb onu gizlincə kənddən çıxarıb Yevlağa, ordan da Bakıya yola salırlar.

Stalin Üzeyir bəyi çox sevirdi

1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür. Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, – deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözaydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim öz xatirələrində qeyd edib.

O vaxt sovet rəhbəri Stalin çoxsaylı repressiyalara imza atsa da, Üzeyir bəyi çox sevərmiş. Mircəfər Bağırovdan Üzeyir bəyə xüsusi salam göndərərmiş. 37-ci ildə yazılan “Koroğlu”, “Arşın mal alan” operalarını əzbərdən bilirmiş. Özü bu barədə Üzeyir bəyə deyib ki, hər iki operanızı çox sevirəm və əzbərdən bilirəm.

Niyə müharibənin qızğın vaxtı film çəkildi?

“Arşın mal alan” filminin 45-ci ildə, müharibənin qızğın vaxtı ekranlara çıxmasının səbəbi də erməniləri oğurluğu olub. Amerikada yaşayan erməni rejissoru bir film çəkir. Film bütünlüklə “Arşın mal alan”ın süjetidir, amma Üzeyir bəyin imzası yoxdur. Rejissor yalnız filmin şərq motivləri ilə çəkildiyinin yazıb. Bunu əvvəlcə Azərbaycan rəhbərliyi, onun vasitəsi ilə sovet rəhbərliyi bilir. SSRİ müəllif hüquqları ilə bağlı beynəlxalq konvensiyaya üzv olmadığından Üzeyir bəyin hüquqlarını qoruya bilmir. Stalin deyir bunun bir yolu var, təcili “Arşın mal alan” filmi çəkilib bütün dünyaya yayılsın. Beləliklə də film bütün dünyada məşhurlaşır.

1938-ci ildə Moskvada Azərbaycan incəsənəti günlərində “Koroğlu” operasına Stalin özü şəxsən üç dəfə tamaşa edir. Ondan sonra Üzeyir SSRİ bəstəkarları içərisində ilk olaraq xalq artisti adına layiq görülür. Belə bir dostluq şarjı çəkilir, başqa bəstəkarlar bir sıradadır, Üzeyir bəy isə öndə, onları arxasınca aparır.

O günlərdə Azərbaycan nümayəndə heyətinə şəxsən ziyafət verən Stalin Üzeyir bəyi başda-öz yanında əyləşdirir. Oradaca Stalin Üzeyir bəyin şərəfinə Əsgərin ariyasından bir parça oxuyur. Qardaşı Ceyhun barədə Üzeyir bəyə sual verən Stalin onun xaricdə yaşadığını bildiyini söyləyir, sonra – “Ona yazın gəlsin vətənə, biz onu işlə, evlə təmin edərik”, – deyir. “Koroğlu” operası barədə Üzeyir bəyə müsbət rəy deyən Stalin onu da qeyd edir ki, sizin gördüyünüz iş bütün sovet bəstəkarlarına örnək olmalıdır, Şərq musiqisi ilə Qərb musiqisinin sintezi bir örnəkdir.

Erməni fitnəsindən qazanılan xəstəlik

1939-cu ilin oktyabrında Stalinin göstərişi ilə Üzeyir bəy Bakıda musiqi festivalı keçirir. Festival müsabiqəsində qalib ola bilməyən ermənilər Molotova məktub yazıb Üzeyir bəyi millətçilikdə günahlandırırlar. Molotov məktubu Üzeyir bəyin özünə göndərir. Ona qədər belə bir hadisə olmuşdu. Ölkənin 59 tanınmış ziyalısının siyahısı “NKVD”-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Xəbər Mircəfər Bağırova çatır. Bağırov xəbər tutan kimi həmin siyahını məhv etmişdi. 1937-ci ilin qanlı repressiyaları vaxtı yenidən millətçi damğası, özü də günahsız yerə, vurulacağından qorxan Üzeyir bəy şəkərə tutulur.

Mircəfər Bağırov tabutunu götürüb

Pəhrizinə riayət olunsa da, səhhətinə ciddi nəzarət edilsə də, xəstəlik özünü göstərməyə başlayır. Və 1947-ci ildə Üzeyir bəyin vəziyyəti ağırlaşır. Dərhal xəstəxanaya yerləşdirirlər. “Leçkomissiya”da Osipyan soyadlı bir erməni bilərəkdən bəstəkara çox kəskin pəhriz yazır, eyni zamanda insulin vurur. İnsulin vurulanda isə pəhriz olmaz. Üzeyir bəy bir ayda 18 kiloqram arıqlayır. Bu isə ürəyinə təsir göstərir və ürək tutmaları başlayır. Üzeyir bəyi Stalinin göstərişilə Moskvaya, Kreml xəstəxanasına göndərirlər. Oranın həkimləri müayinə zamanı Bakıda düzgün müalicə aparılmadığını bildirirlər. Həkim onun üç ay yaşayacağını deyir. Üzeyir bəy ordan Mərdəkana – hökumət bağına gətirilir. Mircəfər Bağırovun Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, konsilium keçirilir ki, Üzeyir bəyə ciddi nəzarət olunsun. 1948-ci ilin sentyabrında Üzeyir Hacıbəylini öz evinə gətirirlər.

Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında evdə vəfat edir.

Şərqdə ilk operanın, ümumiyyətlə peşəkar musiqi sənətinin banisinin dəfninə demək olar ki, bütün Azərbaycan yığılır. Mircəfər Bağırov onun tabutunun altına çiynini verməyi özünə şərəf bilir.

İllər keçir, bir gün onun ölümünə səbəb olan erməni milləti Üzeyir bəyi də öz adlarına çıxırlar. Araşdırma vaxtı bir erməni bəstəkarının fikirləri çıxdı qarşıma. Erməni musiqiçisi Aram Xaçaturyan yazır: “Hacıbəyov sənəti indiyə qədər ölkəmizdə və xaricdə Şərq musiqisinin inkişafına xidmət edir. Üzeyir Hacıbəyov mənə müəllim və ilhamverici qüvvə olub. İlk sənət addımlarımı atanda bu ağıllı və nüfuzlu adam mənim sənət yönümü bəyəndi və mənə dayaq oldu”. Çox uzaqgörən fikridir, düşünülmüş şəkildə bircə kəlmə Azərbaycan bəstəkarı ifadəsi işlətmir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər