Sumqayıt: Cənubi Qafqazın ikinci sənaye şəhəri

1604

Ölkə sənayesinin və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Sənaye sahələrinin inkişafı istiqamətində atılan addımlar, sənaye parklarının, məhəllələrinin yaradılması ilə bərabər, aqroparkların yaradılması kompleks şəkildə gələcək üçün planlaşdırılmış layihələrdir.

Sumqayıtın sənaye sahəsində keçmiş şöhrətini qaytarmaq məqsədilə, ölkə Prezidenti tərəfindən 2011-ci ildə ölkəmizdə ilk sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Ötən müddət ərzində bu parkda fəaliyyət göstərən rezidentlərin biznes fəaliyyətinin dəstəklənməsi, o cümlədən investisiya xərclərinin azaldılması üçün dövlət tərəfindən sənaye parkının infrastrukturunun yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilib, sənaye parkının rezidentlərinə 7 il müddətinə vergi və gömrük güzəştləri müəyyən edilib. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının əsas məqsədi Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi və innovativ sənaye sektorlarının inkişafı baxımından aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət aparma qabiliyyətinin artırılmasından ibarətdir.

Bu günlərdə Prezident İlham Əliyev Sumqayıta səfər edib. Cənab İlham Əliyev səfəri çərçivəsində şəhərin 70 illik yubiley tədbirində vurğuladı ki, Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir: “Bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. O ərazidə – yüz hektarla ölçülən ərazilərdə sənaye parkları yaradılıb – Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.”

Dövlət başçısının son illərdə Sumqayıta səfərləri zamanı açılışını etdiyi “SOCAR Polymer”, polipropilen və yüksək sıxlıqlı polietilen, Karbamid zavodları və digər müəssisələr hesabına minlərlə yeni iş yerləri yaradılıb. Hazırda Kimya Sənaye Parkında şüşə, yunəyirici və boyaq fabrikinin tikintisi başa çatmaq üzrədir. Artıq əminliklə demək olar ki, Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Son illərdə Sumqayıtın  iqtisadiyyatı sürətlə inkişaf edir, aparıcı sahələrdə müsbət irəliləyişlər təmin olunub, yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artıb.

Ölkə Prezidentinin Sumqayıt Kimya Sənaye Parkına göstərdiyi yüksək diqqət və dövlət tərəfindən görülən kompleks tədbirlər sənaye parkına yerli və xarici investorların marağını getdikcə artırır. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkına 6 dəfə səfər edib, 5 sənaye müəssisəsinin təməlqoyma, 12 sənaye müəssisəsinin isə açılış mərasimlərində iştirak edib. Hazırda Sumqayıt Kimya Sənaye Parkında investisiyalarının həcmi 3 milyard dollar olan 20 rezident qeydiyyata alınıb. Burada 13 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur və parkda 5 mindən artıq insan daimi işlə təmin edilib. Sevindirici haldır ki, işçilərin əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləridir.

Sənaye parklarının iqtisadi inkişafda və sənayedə əsas əhəmiyyətli rolu heç şübhəsiz ki, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılmasıdır. Azot gübrəsi, polimerlər, şpris, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar və ölkəmiz üçün ənənəvi olmayan bu kimi onlarla yeni məhsulun istehsalı sənaye parklarında həyata keçirilənədək, həmin məhsullar demək olar ki, 100 faiz həcmdə idxal olunurdu. Bu məhsullar üzrə idxalın əvəzlənməsi, eləcə də həmin məhsulların daha çox ixraca hesablanması və nəticədə ölkəmiz üçün yeni ixrac imkanlarının yaranması nəinki ölkədən valyuta çıxarılmasının qarşısını alır, əksinə, ölkəyə əlavə valyuta gəlməsinə zəmin yaradır ki, bu da nəticədə iqtisadiyyatın vacib amillərindən biri kimi milli valyutanın möhkəmlənməsinə öz töhfəsini verir. Bu gün sənaye parklarında dəyəri 100 milyonlarla dollar olan zavodlarda dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilir.

Digər əhəmiyyətli məsələ sənaye parklarının ölkənin xammal ixracatçısından hazır məhsul ixracatçısına çevrilməsindəki roludur. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən Karbamid zavodu və “SOCAR Polymer” layihələrinin icrası nəticəsində karbohidrogen ehtiyatlarına söykənən yeni məhsullar istehsal olunur ki, nəticədə neft və qaz xammal şəklində deyil, daha dəyərli məhsula çevrilərək ixrac edilir.

Məlumat üçün bildirək ki, bu günədək sənaye parklarında 2 milyard manata yaxın məhsul istehsal olunub, təqribən 400 milyon manatlıq məhsul ixrac edilib. Sənaye məhsullarının ixrac coğrafiyasında MDB ölkələrini, Türkiyə, Ukrayna, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Danimarka və Hollandiyanı misal göstərmək olar.

Statistik göstəricilərə nəzər saldıqda, 2018-ci ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 170, bu ilin 9 ayında 2,6 dəfə çox – yəni, 440 milyon manatlıq məhsul istehsal olunub. İxrac isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artaraq bu ilin 9 ayında 190 milyon manat təşkil edib. Həmçinin bu ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkına 600 milyon manat investisiya yatırılıb ki, bu da ölkə sənayesinin qeyri-neft sektoru üzrə investisiyalarının 50 faizini təşkil edir. Eyni zamanda, bu ilin 9 ayında 440 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 5,3 faiz olub. Bu il 190 milyon manatlıq ixracla Sumqayıt Kimya Sənaye Parkının ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 11 faiz olub.

Belə demək olar ki, ölkə Prezidentinin təşəbbüsü ilə  Sumqayıt şəhərində yaradılan Kimya Sənaye Parkı müsbət nəticələrini verməkdədir və ölkənin qeyri-neft sektoru üzrə makroiqtisadi göstəricilərinə birbaşa müsbət təsirini göstərir.

Orxan Vahidoğlu, “İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər