Sumqayıt Dövlət Kollecinin direktoru Mətanət Pirquliyeva: "Qız uşağı, gələcəyin anası mütləq təhsil almalıdır"

4856

Qlobal cəmiyyətdə gender bərabərliyinə baxış

Cəmiyyətimizin müxtəlif sahələrində qadın izi getdikcə şaxələnir və inkişaf edir. Həyatımızın ən müxtəlif sahələrində öz nümunəviliyi ilə seçilən xanımlarımızı cəmiyyətə təqdim etmək və daha yaxından tanıtmaqda televiziyalarımızın rolu daha böyükdür. Bu məqsədlə əməkdar jurnalist Mətanət Ağamirlinin təqdimatında Lider televiziyasında yayımlanan “Gender” proqramı öz dəsti-xətti ilə seçilir. Və bu proqramda fəaliyyəti işıqlandırılan xanımları oxucuların da ixtiyarına veririk.

Ziyalı Azərbaycan qadını, Sumqayıt Dövlət Universitetinin nəzdindəki Sumqayıt Dövlət Kollecinin direktoru, kimya elmləri üzrə fəlsəfə doktoru Mətanət Pirquliyeva isə cəmiyyətdə gender bərabərliyinə münasibətini belə bildirib:

“Bu gün Azərbaycanda qadınlarla bağlı aparılan siyasət çox uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, parlamentdə, bələdiyyələrdə, bir sıra ictimai işlərdə qadınlarımızın sayı ildən-ilə artır. Artıq Azərbaycan qadını mətbəx çərçivəsindən çıxaraq, həm maddi, həm mənəvi asılılığı aradan qaldıraraq, ziyalı bir xanıma çevrilib.

Dövlətimizin qanunlarında heç bir gender, cinsəl ayrı-seçkilik yoxdur. Yəni bu qadınlar cinsindən, dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara şamil edilən qanunlardır. Dövlət bu azadlıqları, hüquqları bütün vətəndaşlarına verir.

Qadın anadır, qadın övladı, gələcək nəsli dünyaya gətirəndir. İlk tərbiyəni övladına qadın verir. Yəni onu cəmiyyətin üzvünə çevirir. Onun savadlı, vətənpərvər, intellektli, düşüncəli bir vətəndaş kimi yetişməsində qadının rolu böyükdür.

Son dövrlərdə təhsil verənlərin əksəriyyətinin qadın olmasının həm müsbət, həm də mənfi cəhətləri vardır. Müsbət cəhəti odur ki, qadın olan yerdə təmizlik, gözəllik, zəriflik, mehribançılıq üstünlük təşkil edir. Amma mənə elə gəlir ki, kişi müəllimlərin sayı artsa, balans yerini tapsa, daha yaxşı olar.

 Biz gender bərabərliyindən, qadın hüquqlarından danışırıq. Amma elə ucqar rayonlarımız var ki, orada qızlarımızı təhsil almaq hüququndan məhrum edirlər. Hətta valideynlərin təhriki ilə onlar erkən nikaha da girirlər. Bax bunlar çox pis, mənfi hallardır.

Qız uşağı, gələcəyin anası mütləq təhsil almalıdır! Nəyə görə təhsil almalıdır?! Çünki o, cəmiyyətə övlad hazırlayır, cəmiyyətə üzv hazırlayır. Ona görə savadlı olmalıdır ki, o uşağa həm tərbiyə versin, həm vətən sevgisi aşılasın, həm mədəni olmağı öyrətsin. Özünü aparmaq qaydaları öyrətsin, intellektini yüksəltməyə istiqamət versin. Bax, bu mənada qadın işləməsə də, cəmiyyət üçün övlad hazırlayır, üzv hazırlayır deyə, onların oxuması lazımdır.

Hər bir uğurlu kişinin arxasında uğurlu qadın dayandığı kimi, hər bir uğurlu qadının arxasında da onu uğura həvəsləndirən, ona dəstək olan, dost kimi köməklik göstərən, sevincini, kədərini bölə bilən bir kişi dayanır.

Azərbaycan qadınının özəlliyi onun sadəliyində, gözəlliyində, vətənini, ailəsini sevməyində, fədakarlığındadır. Biz Azərbaycan qadınına fədakar deməklə onun zərif çiyinlərinə çox böyük yük qoymuş oluruq. Amma əslində Azərbaycan qadını fədakarlığı ilə bərabər həm də zərif, mədəni qadındır.

Müasir Azərbaycan qadının dünyaya təqdimatı deyəndə elə Birinci vitse-prezidentimiz Mehriban Əliyevanı və onun gördüyü işləri misal gətirə bilərik. Çünki Azərbaycanı təmsil edən, Azərbaycanda baş verən hadisələri dünya ölkələrinə çatdıran, Azərbaycan mədəni irsinin qorunmasında böyük fəallıq göstərən, əlbəttə ki, bizim birinci xanımımız Mehriban Əliyevadır.

Mehriban xanım Əliyevada Azərbaycan xanımına xas olan bütün xüsusiyyətlər öz əksini tapıb. O, xeyriyyəçi, maarifçi qadındır. Mehriban xanım hələ millət vəkili olarkən bir sıra xeyirxah işlər görüb. Bir sıra ölkələrdə məktəblərin tikilməsi, istifadəyə verilməsi, eyni zamanda Azərbaycanın ucqar rayonlarında yararsız vəziyyətdə olan məktəblərin təmir olunması, yenidən tikilməsi, yeni avadanlıqlarla təmin olunmasında, talassemiyalı xəstələrin müalicə olunmasında çox böyük şəfqət və mehribanlıq göstərib.

Mehriban xanımın fəaliyyəti haqqında çox söz söyləmək olar. Buna nə bir saat, nə bir gün sığar. Gərək oturub tarixi vərəqləyəsən. Bütün Azərbaycan qadınları Mehriban xanımı dəstəkləyir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər