Sumqayıt Dövlət Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə edilib

1336

Sumqayıt Dövlət Universitetində (SDU) Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparılıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, rektor, professor Elxan Hüseynov ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, son üç ildə SDU-nun tarixində ilk dəfə olaraq dissertasiya şurasının yaradılması və elmlər doktoru proqramı üzrə doktorant hazırlığının həyata keçirilməsi, fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığının genişləndirilməsi təmin olunub.

“Ali təhsil ocağımız bir çox xarici universitetlər arasında ikitərəfli və çoxtərəfli formatda müqavilələr imzalayıb və əməkdaşlıq əlaqələrini genişləndirib”, – deyən rektor Rusiya–Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində beynəlxalq konfrans, seminar, olimpiada, forum və yubiley tədbirləri keçirildiyini, qarşılıqlı səfərlərin reallaşdırıldığını, bir sıra nəşrlərin çap olunduğunu diqqətə çatdırıb. O, eyni zamanda, tələbələrin təkcə mübadilə proqramlarında deyil, bir sıra qabaqcıl universitetlərdə keçirilən konfrans və olimpiadalarda da fəal iştirak etdiyini vurğulayıb.

E.Hüseynov tədris prosesində qazanılan biliklərin təcrübədə tətbiqinin universitetin əsas hədəfi olduğunu bildirib və yeni əməkdaşlığın tələbələrin istehsalat təcrübəsinin təşkili, onların bacarıqlarının üzə çıxarılması, yeni nəsil peşəkarların yetişdirilməsi üçün bir stimul olacağına əminliyini ifadə edib.

Vergilər Nazirliyi Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışıb, bacarıqlı mütəxəssislərə önəm verildiyini diqqətə çatdırıb.

O, Tədris Mərkəzi ilə Sumqayıt Dövlət Universitetinin birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsini müsbət qiymətləndirib. F.Əmirbəyov iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat, magistrantların isə elmi-tədqiqat təcrübələrinin təşkili, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları işinin təşkili üzrə ödənişsiz əsasda təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, birgə tədbirlərin, o cümlədən ekskursiyaların, treninqlərin, seminar, dəyirmi masa, konfrans və forumların keçirilməsi, yeni ixtisaslar üçün nəzərdə tutulan dərslik, dərs vəsaiti, monoqrafiyaların hazırlanması və digər birgə əməkdaşlıq münasibətlərinin müəyyənləşdirilməsi məsələlərinin vacibliyini vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər