“Sumqayıt” ES-də aparılan əsaslı təmir işləri yekunlaşır (VİDEO)

1369

Artıq estakada və yeni nasos stansiyasında işlər başa şatıb İqtisadiyyatın, kənd təsərrüfatının, sənayenin dinamik inkişafı, əhalinin sürətli artımı, yüzlərlə çoxmənzilli binaların, o cümlədən sosial, mədəni, iqtisadi və başqa irihəcmli layihələrin həyata keçirilməsi, ən əsası torpaqlarımızın işğaldan azad edilməsi və başqa səbəblər elektrik enerjisinə olan tələbatı günügündən artırır. Prezident İlham Əliyevin uzaqgörən enerji strategiyasının nəticəsidir ki, sürətli artıma baxmayaraq bu gün Azərbaycan regionun enerji mərkəzinə çevrilib və enerji təhlükəsizliyinə nail olunub.

Qeyd edək ki, 2003-cü ildən bəri 32 elektrik stansiyası tikilib ki, onların arasında ən böyüklərindən biri, ölkənin üçüncü böyük elektrik stansiyası olan 525 meqavatlıq “Sumqayıt” Elektrik Stansiyasıdır. 2009-cu ildə istifadəyə verilən “Sumqayıt” Elektrik Stansiyası 12 ildir istismar olunur. Lakin son illlərdə Xəzər Dənizində su səviyyəsinin 2 metrə qədər aşağı düşməsi soyutma suyunun götürülməsində ciddi problem yaratmaqla yanaşı, stansiyanın avadanlıqlarının da tədricən sıradan çıxmasına səbəb olmuşdu. Xüsusilə cənub küləkli havalarda dənizin daha da çəkilməsi soyuducu su sitemini və nəticədə elektrik stansiyasının tam dayanmasına gətirib çıxarırmaq təhlükəsi ilə üzləşdirdi. Digər tərəfdən “Sumqayıt” Elektrik Stansiyası təhvil veriləndə onun servis müqaviləsinə görə 10 ildən sonra əsaslı təmir edilməsi nəzərdə tutulmuşdu. Xəzər dənizində su səviyyəsinin düşmə tendensiyasının hələ də davam etməsini, stansiyanın avadanlıqlarının uzunmüddətli istismarını nəzərə alan “Azərenerji” ASC yaranmış vəziyyətdən çıxmaq, stansiyanı xilas etmək, dayanıqlı və etibarlı iş rejiminə nail olmaq məqsədilə təxirəsalınmaz irimiqyaslı işlərə başladı. Qabaqlayıcı tədbirlər olaraq dənizinin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakadanın, həmçinin yeni su nasos stansiyası tikilməsinə və paralel olaraq Elektrik Stansiyanın əsaslı təmirinə başlanıldı. Artıq estakadanın və nasos stansiyasının tikintisi başa çataraq istismara verilib. Bununla da stansiyanın soyuducu su təchizatının etibarlılığı təmin edilib və ən əsası stansiyanın fəaliyyətinin dayanmasının qarşısını alınıb.

Qeyd etmək lazımdır ki, yeni estakada üzərində tikilən və elektrik stansiyasını kaskad üsulla soyuducu su ilə təmin edən yeni nasosxana, istilik energetikası praktikasında ilk təcrübə sayılır və bu məhz Azərbaycanda həyata keçirildi. Paralel olaraq Elektrik Stansiyanın əsaslı təmiri yerinə yetirilib, əsas avadanlıqlar, 3 ədəd qenerator, qaz və buxar turbinləri və köməkçi sistemlər əsaslı təmir olunub və işə salınıb. Təmir qrafikinə uyğun olaraq Elektrik stansiyanın əsaslı təmiri tam şəkildə Novruz Bayramına qədər başa çatdırılacaq. Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı işləməsini təmin etməklə yanaşı, onun effektivliyinə də müsbət təsir göstərəcək. Belə ki, elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 3-5 qram azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət ediləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər