"Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib" - ZAKİR FƏRƏCOV

554

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli liderinin anadan olmasının 96-cı ildönümündə bizlər Heydər Əliyevin əziz xatirəsini bir daha yad edir və illər ötdükcə onun şəxsiyyətinin əzəmətini, qoyub getdiyi tarixi irsin, ideyaların yüksək dəyərini daha dərindən anlayırıq.

Heydər Əliyevin ən böyük arzusu vətənini gözəl, abad və firavan görmək olub. Ona görə keçdiyi şərəfli ömür yolunu dövlətə və xalqa həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki, lakin bir-birindən tamamilə fərqli ictimai-siyasi mühitdə ölkəmiz yüksək zirvələrə qalxa bilmişdir.

1969-cu ilin iyul ayından Azərbaycana rəhbərliyə başlayan Heydər Əliyev qısa müddət ərzində müdrikliyi, qətiyyəti, uzaqgörənliyi və əsl liderlik keyfiyyətləri ilə respublikamızın keçmiş SSRİ-nin inkişaf edən ölkələrindən birinə çevrilməsinə nail olmuşdur. O dövrdə yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir. Sovet illərində respublikamızı bütün sahələrdə tənəzzüldən çıxaran ulu öndər daha sonra müasir Azərbaycan dövlətinin banisinə çevrilmişdir. Beləliklə, ulu öndər həmişə üzərinə düşmüş tarixi missiyaları böyük fədakarlıqla yerinə yetirmişdir.

Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Bu il şəhər statusu verilməsinin 70 yaşı tamam olan Sumqayıt ötən əsrin 40-cı illərinin sonunda salınsa da, məhz ulu öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində bu şəhərə yeni nəfəs verildi. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə Sumqayıtda əsas etibarı ilə metallurgiya və kimya müəssisələri var idi. Qısa müddətdə məhz Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Məsələn, 70-ci illərin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Zaqafqaziyada ilk dəfə olaraq Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı, “Superfosfat” zavodu yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə “Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı. 1974-cü ildə Sintetik Kauçuk Zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücü xeyli artırıldı. Ümumiyyətlə, 1969-1982-ci illərdə ulu öndərin rəhbərliyi altında Sumqayıtda bir çox müəssisələr istifadəyə verildi. Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu iplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını misal göstərmək olar.

1974-cü ildə Sumqayıtın yaradılmasının 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək, qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini vermişdi. Bundan sonra 1975-1976-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün ən yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Çexoslovakiya istehsalı olan EP-300 qurğusunun – layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi üçün Moskvaya müraciət etmişdi. Dahi rəhbər özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivi olduğunu yaxşı bilirdi. Lakin Kreml rəhbərləri həmin nadir kompleksin xaricdən alınması üçün külli miqdarda vəsait tələb edildiyini, buna isə guya SSRİ-nin imkanı olmadığını əsas gətirərək, Azərbaycanın müraciəti ilə bağlı heç bir tədbir görmürdü.

Belə olduqda hər zaman vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi məharətlə bacaran Heydər Əliyev respublikamızın neft-kimya sənayesini yeni inkişaf mərhələsinə qaldırmaq, bu sahənin ixrac məhsullarının daha yüksək keyfiyyətinə nail olmaq məqsədilə 70-ci illərin sonlarında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini N.Tixonovu respublikamıza dəvət etdi. Məhz bundan sonra çox keçmədən ittifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq, xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.

1969-1982-ci illərdə ulu öndərin rəhbərliyi altında Sumqayıtda digər sənaye və sosial müəssisələr də istifadəyə verilmişdi. Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu İplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyov adına “Kimyaçılar” mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.

70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng inşaat meydanına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalmışdılar. Həmin illərdə Sumqayıtda hər il 80 min kv.m. mənzil sahəsi tikilib istifadəyə verilmişdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz ümummilli liderin o dövrdəki məqsədyönlü siyasətinin bəhrələridir.

1970-1980-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Burada istehsal edilən məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar ulu öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq bu cür inkişaf edirdi. Ən əsası respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi. Adamlar yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər Birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı.

Heydər Əliyev daim Sumqayıtda çalışan sadə zəhmət adamlarının əməyini yüksək qiymətləndirir, onların keçmiş SSRİ-nin ən yüksək orden və medalları, müxtəlif fəxri adları ilə təltif edilməsinə nail olurdu. Şəhəri qurub-yaradan insanlar öz növbəsində əməyi daim uca tutan Heydər Əliyevə xüsusi rəğbət bəsləyir, onu özlərinin himayədarı kimi qəbul edirdilər.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də əvvəlki kimi Sumqayıta diqqət və qayğısını əsirgəmirdi. Bu qayğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrünə qədəm qoydu. 1993-cü il dekabrın 18-də ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmiş, şəhərdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix muzeyində olmuş, “Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdi. Ulu öndərin uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermişdi. Müstəqillik illərində Heydər Əliyev 6 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bütün bunlar ulu öndərin Sumqayıta və sumqayıtlılara diqqətinin təzahürü idi.

Məhz ümummilli liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıtın yeni ictimai-iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətləndi. Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başladı. Həmin vaxt ulu öndərin şəxsi dəstəyi ilə xarici investisiya cəlb edilməklə Sumqayıtda iri layihə həyata vəsiqə qazandı: kimya sənayesinin gələcək inkişafında əvəzsiz rol oynayacaq Buxar-generator qurğusu inşa edildi.

Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin, Politexnik Texnikumunun bazasında isə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının yaradılması şəhər təhsilinin həyatında əlamətdar hadisələrdir.

Ümummilli liderin qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, burada yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın, yeni iş yerləri açılsın, bununla da Sumqayıt yenidən seçilən bir şəhərə çevrilsin.

Sumqayıt bu gün ümummilli liderin ən layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Sumqayıt cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib. Regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü dövlət proqramlarının icrası Sumqayıt şəhərini də inkişaf yoluna çıxarıb. Nəticə etibarilə ötən 16 ildə ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılmışdır. Xüsusən iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illər Sumqayıt şəhərində yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, ixrac potensialı yüksəlmişdir.

Əminliklə deyə bilərik ki, Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, artıq Sumqayıtda onlarla sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.

Son dövrlərdə açılmış müəssisələrə misal olaraq “Azgüntex” Zavodunu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksini, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabrikini, “Gilan” Tekstil Parkını, Mis Emalı Zavodunu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabrikini, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələrini, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodunu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikini, Əlvan Metallar və Ferroərintilər Zavodunu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələrini, Məlumatların Emalı Mərkəzini, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodlarını, pestisidlər istehsalı zavodunu, polipropilen zavodunu misal göstərmək olar. 2018-ci ildə şəhərimizin sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir.

Bütövlükdə son 16 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Çünki Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Bu gün Sumqayıt Prezident İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin indiyədək Sumqayıta 23 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoymuş, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan vermişdir.

Bu ilin əvvəlindən Prezident İlham Əliyev iki dəfə Sumqayıta səfər edib. Cənab Prezidentin iştirakı ilə yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkında “SOCAR karbamid” zavodunun, fevralın 18-də isə “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı oldu. Bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verəcəkdir.

Sumqayıt müəyyən dövrlərdə əsl tikinti meydanını xatırladıb. Elə son illərdə Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada xoş ab-hava yaradıb. Əsaslı tikinti və quruculuq meydanına çevrilən Sumqayıt sanki yenidən yaradılıb. İlk olaraq şəhərin əsas giriş yolları olan Sülh və Sahil küçələri yenidən qurulub və abadlaşdırılıb.

Şəhərdə həyata keçirilən layihələrin bir qismi ulu öndər Heydər Əliyevin adını daşıyan parkda reallaşdırılmışdır. Parkda yenidənqurma işləri aparılmış, ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilmiş, əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə yeni yaşıllıq zolağı salınmış, rəngli fəvvarələr kompleksi, Bayraq Meydanı və uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur. Parkda sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi yaradılmış, önündə ulu öndərin ağ mərmərdən heykəli ucaldılmışdır. Müasir memarlıq üslubunda olan Uşaq İncəsənət Məktəbi və Şahmat Məktəbi də burada inşa olunmuşdur.

Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, burada iki fəvvarə və monitor quraşdırılmışdır.

Şəhər dəniz sahilində yerləşsə də burada heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı Bulvardır. İki il əvvəl Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.

Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, “Asan” Xidmət Mərkəzi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolunda Bayraq Meydanı, Paralimpiya və Olimpiya idman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, şəhər prokurorluğunun binası da Sumqayıtın yeni ünvanlarıdır. Bunlardan başqa son illərdə Sumqayıtın Tarix muzeyinin, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir.

Ümumilikdə, cənab İlham Əliyevin son illərdə imzaladığı sərəncamlarla şəhərimizə 66 milyon manatdan artıq pul ayrılıb. Bunun da nəticəsində Sumqayıtda genişmiqyaslı abadlıq və quruculuq işləri keçirilmiş, 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 367 lift yenisi ilə əvəz edilmiş, avtomobil yolları yenidən qurulmuşdur.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin inşası da şəhərimizin həyatında mühüm hadisələrdir.

Bu il Sumqayıtın şəhər statusu almasının 70-ci ili tamam olur. Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi ölkədə geniş qeyd ediləcək. Artıq şəhərimizdə bununla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə görülən işlərin nəticəsində Sumqayıt həm gözəlləşib, şan-şöhrəti artıb, həm də şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun onilliklər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Ona görə bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Çünki ulu öndər Heydər Əliyev Sumqayıtı belə görmək istəyirdi. Əlbəttə, cənab İlham Əliyevin qayğısı və diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir.

Şəhər ictimaiyyətinin hər bir nümayəndəsi inkişafın daha da geniş vüsət almasına töhfə verməyi ulu öndərin xatirəsinə ehtiram nümunəsi olaraq mənəvi borc sayır. Dövlətimizin başçısını əmin edirik ki, qarşımızda dayanan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışacağıq.

Zakir FƏRƏCOV,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər