Sumqayıt Kimya Sənaye Parkının investisiya imkanlarının təqdimatı keçirilib

2613

İyunun 20-də Bakı Biznes Mərkəzində xarici ölkə səfirlikləri üçün Sumqayıt Kimya Sənaye Parkının (SKSP) investisiya imkanlarına dair təqdimat keçirilmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çin, Yaponiya, Hindistan və Koreya Respublikası səfirliklərinin nümayəndələri iştirak etmişlər.
İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, bu sahənin inkişafının intensivləşdirilməsi məqsədi ilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Sumqayıt Kimya Sənaye Parkının investisiya imkanlarına dair təqdimatla çıxış edən “SKSP” MMC-nin direktor müavini Zaur Məmmədov Sumqayıt Kimya Sənaye Parkına sərmayədarların cəlb edilməsi istiqamətində ardıcıl işlər aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Sumqayıt Kimya Sənaye Parkının işinin yüksək səviyyədə qurulması məqsədi ilə cəlb edilmiş xarici şirkət tərəfindən Azərbaycanın neft-kimya sektoru üzrə təhlillər aparılmış, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanmış, texniki tapşırığa uyğun olaraq Sənaye Parkının baş planı tərtib edilmiş, ərazidə nəzərdə tutulan infrastruktur şəbəkəsinin, sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanmışdır.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sahibkarlar üçün sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədi ilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən azad edilmişdir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər. Bildirilmişdir ki, Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı, lisenziyaların və icazələrin alınması, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər prosedurların sadələşdirilməsi məqsədi ilə “bir pəncərə” prinsipi tətbiq ediləcəkdir.
Yaradılmış əlverişli investisiya mühitinin nəticəsi olaraq, artıq Sumqayıt Kimya Sənaye Parkına 20 investisiya layihəsi təqdim olunmuşdur. Hazırda bu layihələr araşdırılır. Bununla belə, SKSP-nin investisiya cəlbediciliyi investisiya layihələrinin ciddi şəkildə artacağını söyləməyə tam əsas verir.

Ətrabə Rzayeva ( AzərTAc)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər