"Sumqayıt" klubunun futbolçusu Əfran İsmayılov: "Həcc ziyarətində olduğum vaxt xəbərlər çatırdı ki, aləm bir-birinə dəyib" - MÜSAHİBƏ

1603

“Sumqayıt” klubunun futbolçusu Əfran İsmayılov “Report”un suallarını cavablandırıb.  30 yaşlı yarımmüdafiəçi əvvəlcə Həcc ziyarətindən danışıb…

– Bu, ən böyük arzularımdan biri idi. Çox şükür edirəm ki, həyata keçdi. Komanda ilə müqavilə imzalamamışdan öncə baş məşqçi Nazim Süleymanova da söyləmişdim ki, sənədlərim qaydasına düşsə və qismət olsa, gedəcəyəm. Bu işin alınacağı da son anda bilindi. Nəticədə ziyarətim gerçəkləşdi.

– Həcc ziyarətindən sonra “Sumqayıt”ın heyətindəki ilk oyununuz “Sabah”la yoxlama matçına təsadüf etdi. 2:1 hesabı ilə qalib gəldiyiniz görüşü necə dəyərləndirirsiniz?

– Premyer Liqada uzun fasilə yaranıb. Hər bir komanda istəyir ki, optimal formada qalsın. Hamı da yoldaşlıq görüşü keçirməyə çalışır. Bu da başadüşüləndir. Lakin bu oyuna da çox ciddi yanaşdıq və qələbə qazandıq. Yoxlama matçı olsa da, bu, qələbədir. Bundan sonra əhval-ruhiyyə daha yaxşı olur, komanda yavaş-yavaş öz oyununu tapır. İnanıram ki, daha da yaxşı olacaq.

– Əvvəlki “Sumqayıt”la hazırki komanda arasında nə fərq var? 

– Ötən mövsümkü “Sumqayıt”ın sistemi və oyunu tam başqa idi. O komandanın da çıxışı göz qabağında idi. Kollektiv topla yaxşı rəftar edirdi. Lakin son anda avrokuboklardan məhrum oldular. Yenə məqsəd dəyişməyib. Arzu edirik ki, avrokuboklara vəsiqə qazanaq. Bunun necə alınacağını isə zaman göstərəcək. Üzərimizə düşən vəzifə odur ki, işləyək, çalışaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Komanda gündən-günə artırır, daha yaxşı futbol oynayır. İnanıram ki, zamanla daha da yaxşı olacaq.

Komandanızın ilk 3 turdakı potensialını necə dəyərləndirirsiniz və Premyer Liqada hansı yerlərə iddia edə bilərsiniz? 

– Komandanın potensialı barədə danışmaq çətindir. Çünki çempionat yeni başlayıb, cəmi 3 tur arxada qalıb. Hər şey hələ qabaqdadır. Ümumi götürdükdə, “Sumqayıt” yaxşı və daha maraqlı futbol oynayır. “Qəbələ” kimi rəqiblə səfər oyununda 10 nəfərdə qalmağımıza baxmayaq, 1 xal qazanmaq böyük işdir. “Sabah” da çempionatda 6 xal toplayıb. Onlara qarşı da yaxşı oynadıq. İlk turda “Neftçi” ilə matça normal başlamışdıq. Mən də orada idim. Amma buraxdığımız birinci top və qırmızı vərəqədən sonra komanda “sındı”. Əsas odur ki, toparlana bildik və sonrakı 2 görüşdə 4 xal qazandıq. Çempionat uzun marafondur. Ümumi götürsək, yaxşı komandayıq.

– “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri bəlli olub. Sabiq klubunuzun şanslarını necə dəyərləndirirsiniz? 

– Əsas və sevindirici haldır ki, “Qarabağ” yenidən qrupa düşdü. Ölkədə olmadığım vaxt mənə də xəbərlər çatırdı ki, komandanın çıxışları ətrafında böyük rezonans yaranıb, aləm bir-birinə dəyib: Həm Rəşad Sadıqovun məsələsinə, həm də komandanın nəticələrinə görə. Burada ciddi bir şey görmürdüm. Mən arzulayırdım ki, komanda ən azı Avropa Liqasının qrup mərhələsinə düşsün. Artıq azarkeşlər “Qarabağ”ın daha yüksək nəticələrinə öyrəşib. Ən yaxşı qrup hansı idisə, “Qarabağ” ora düşdü. “Arsenal”ı hamı tanıyır. İngiltərə futbolu ilə ayaqlaşmaq çox çətindir. “Sportinq” də iddialı klubdur. Orada da yaxşı futbolçular yetişib. 3-cü rəqib isə Ukrayna təmsilçisi “Vorskla”dır. Qrupda nəticələrin necə olacağını zaman göstərəcək. Hesab edirəm ki, “Qarabağ”ın ən real xal ala biləcəyi komanda Ukrayna təmsilçisidir. Əsas odur ki, “Qarabağ” qrupa düşüb və komandanın qrupdan çıxacağına inanıram.

– Milli komandaya növbəti oyunlarda dəvət gözləyirsiniz? 

– Həccə getdiyimə görə bilirdim ki, formada olmayacam. Buna görə də “Sumqayıt” rəhbərliyinə məlumat vermişdim. Çempionatdakı son 2 oyunda çıxış etməmişəm. Bu, başa düşüləndir. Çalışacağam ki, növbəti oyunlarda milli komandadan mənə də dəvət gəlsin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər