SUMQAYIT ölkə iqtisadiyyatına mühüm töhfə verəcək - İLHAM ƏLİYEV: "Bir milyarddan çox dollar xaricə gedir ki, getməyə bilər, getməməlidir və getməyəcək"

2160

sumqayitxeber.com xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda idxal və ixracla bağlı mühüm məqamlaraq toxunub, bir çox sahələrlə bağlı rəqəmləri açıqlayıb.

Prezident qeyd edib ki, idxal və ixracla bağlı bir neçə söz demək istərdim ki, həm ictimaiyyət bilsin, həm də sahibkarlar bilsinlər ki, daxili tələbatı ödəmək və ixracımızı artırmaq üçün hansı sahələrə daha çox diqqət göstərilməlidir : “Qeyri-qida məhsulları üzrə. Dərman vasitələri – 211 milyon dollar dəyərində. Düzdür, biz onun hamısını Azərbaycanda istehsal edə bilmərik. Ancaq indi bir neçə dərman zavodu tikilir və idxaldan asılılıq müəyyən dərəcədə azalacaq.”

“Siqaret – 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər.”

“Layihə çərçivəsində 200 nəfər daimi iş yeri ilə təmin olunacaq”

sumqayitxeber.com əldə etdiyi məlumata görə  “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinə 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir. 2017-ci il dekabrın 15-də prezident İlham Əliyevin iştirakı ilə fabrikin əsası qoyulub. Şirkət Sumqayıt Kimya Sənaye Parkının 5,52 ha torpaq sahəsində tütün məmulatları fabriki inşa ediləcək. Fabrikdə beynəlxalq standartlara cavab verən siqaret istehsal ediləcək. Şirkət tərəfindən Sumqayıt Sənaye Parkının ərazisində Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulacaq fabrikdə bu ölkələrin standartlarına uyğun olaraq il ərzində 7 milyard ədəd ağır, yüngül və daha yüngül dərəcəli olmaqla üç növdə (Ənənəvi standart ölçülü – King Size formatlı siqaretlər, Müasir – Demi Slims formatlı siqaretlər və Super Slims -– Nano formatlı siqaretlər) filterli siqaretlər istehsal ediləcək ki, bu da ölkənin tütün məmulatlarına olan tələbatının 70 faizini ödəyəcək.  Layihə çərçivəsində 200 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Prezident vurğulayıb ki, Trikotaj məhsulları sahəsində  xaricə təxminən 100 milyon dollar gedir. Bizim fabriklərimiz, xammalımız var. Ona görə biz bu boşluğu doldurmalıyıq. Sabun-yuyucu vasitələr – 100 milyon dollarlıq idxal olunub. Yuyucu vasitələrin də, sabunun da istehsalı Azərbaycanda təşkil olunmalıdır. Bu, o qədər çətin məsələ deyil. Ona görə bu məsələyə mütləq baxmaq lazımdır.

“Bu zavodda isə 180 nəfər işlə təmin olunacaq “

Prezident şüşə və ondan hazırlanan məhsullarla bağlı təxminən 80 milyon dollar xaricə getdiyini vurğulayıb. Bu məsələ öz həllini tapacaq. Sumqayıt Kimya Sənaye Parkında müasir şüşə zavodu tikilir. Burada inşaatda istifadə olunan ən gözəl, müasir şüşələr istehsal ediləcək, xaricə ehtiyac olmayacaq. Bizim şüşə qablar zavodumuz da var. İndi orada yeni xətlər qurulacaq ki, özümüzü həm məişətdə, həm də tikintidə istifadə olunan şüşə ilə təmin edək.

Qeyd edək ki, 15 dekabr 2015-ci il tarixində Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoydu.   “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Almaniyanın bu sahədə böyük təcrübəsi olan “HORN Glass İndustries AG” şirkətinin texnologiyası əsasında yaradılacaq. Müəssisədə il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Zavodda istehsal ediləcək məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Burada 180 nəfər işlə təmin olunacaq.

Ölkə rəhbəri qeyd edib ki, gübrə məhsulları ilə bağlı 55 milyon dollar həcmində maliyyə xaricə maliyyə axını olur: “Karbamid zavodu işə düşəndən sonra bu məsələnin də həlli nəzərdə tutulur. Yəni, ancaq sadaladığım bu pozisiyalar üzrə təqribən bir milyarddan çox dollar xaricə gedir ki, getməyə bilər, getməməlidir və getməyəcək. Ona görə qeyd etdiyim bu məsələlər həm dövlət orqanları, həm özəl sektor tərəfindən icra edilməlidir. Bu il biz bunun icrası ilə bağlı fəal işləməliyik və beləliklə, idxal azalacaq, ixrac isə artacaq.”

“Bu işlərə 1800 nəfər cəlb edilib”

Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhərində inşa olunan SOCAR karbamid zavodunda ildə 650-660 min ton azot gübrəsi istehsal ediləcək. Hazırda layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir və bu işlərə 1800 nəfər cəlb edilib. Bu, Sənaye Parkında həyata keçirilən ən iri investisiya layihəsidir. “SumPlast” Məhdud Məsuliyyətli Cəmiyyəti sənayedə istifadə üçün polimerdən beynəlxalq standartlara cavab verən kisə və torbaların istehsalını həyata keçirəcək. Layihənin növbəti mərhələsində polipropilendən böyük ölçülü toxunma torbaların və konteynerlərin istehsalı planlaşdırılır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər