Sumqayıt sahillərində çimmək qadağandır

925

Xəzərin Sumqayıt sahillərində dəniz suyunun fiziki-kimyəvi, kimyəvi və mikrobioloji tərkibini təhlil etmək məqsədi ilə növbəti monitorinq keçirilmişdir. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi monitorinqin nəticələrinə əsasən Sumqayıt sahillərində çimmək üçün qadağanı qüvvədə saxlamışdır. Mərkəzin direktoru Rafiq Abdullayev AzərTAc-ın müxbiri ilə söhbətində bildirmişdir ki, laboratoriyanın əməkdaşları sahil zonasının Corat və Hacı Zeynalabdın qəsəbələri arasında xüsusi ayrılmış 9 hissəsində dəniz suyundan nümunələr götürmüşlər. Şəhərdəki kimya müəssisələri uzun müddət işləmədiyindən, kimyəvi analiz göstəriciləri narahatlıq doğurmur. Lakin monitorinqlərin bakterioloji mənzərəsi heç də ürəkaçan deyildir. R.Abdullayev demişdir ki, Sumqayıt xeyli böyümüşdür. Şəhərdəki bütün kommunikasiya sistemləri və təmizləmə qurğuları vaxtilə 180 min nəfərə xidmət etmək üçün nəzərdə tutulmuşdu. İndi onlar gərgin iş rejiminə tab gətirmir. Məcburi köçkünlərin yerləşdirilməsi ilə əlaqədar, şəhərdə sakinlərin sayı təxminən 400 min nəfərə çatmışdır. Buna görə də obyektiv səbəblər üzündən, fiziki və mənəvi cəhətdən köhnəlmiş yeganə təmizləyici qurğu Xəzərə axıdılan çirkab suları səmərəli şəkildə neytrallaşdırmağa imkan vermir. Xatırladaq ki, iyulun əvvəlində Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi Xəzərin Novxanı-Sumqayıt sahəsində bir neçə modul təmizləyici qurğunu işə salmışdır. Lakin şəhər ərazisindən daxil olan kanalizasiya suları həmin sahədə dənizi çirkləndirməkdə davam edir, şimal küləyi əsəndə isə çirklənmə daha da artır. Mərkəzin apardığı analizlərin nəticələrinin qənaətbəxş olmamasını, yəni, bir neçə parametr üzrə göstəricilərin sağlamlıq üçün təhlükəli olmasını nəzərə alaraq, Sumqayıt çimərliklərində çimmək rəsmən qadağan edilmişdir.Mənbə: Azərbaycan qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər