Sumqayıt şəhər Polis İdarəsinin rəisini dəyişmək niyə labüd idi?

6374

 

Ötən ayn sonlarında dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyası daxilində bir sıra dəyişikliklər edildi. Bu vaxta qədər Administrasiyanın Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutan Zeynal Nağdəliyev PA rəhbərinin müavini təyin edildi. Administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov da PA rəhbərinin müavini təyin edildi.

Başqa bir sərəncamla isə Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev Prezidentin Müdafiə Məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edildi. General-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilən M.Əliyev bundan öncə – 1993-2007-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, 2007-2011-ci illərdə isə ölkəmizin Tacikistandakı səfiri kimi çalışıb.

***

Bu arada Sumqayıt şəhər Polis İdarəsində də kadr dəyişiklikləri edildi. Daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi general-mayor Sahib Mirzəyev SŞPİ-nin rəisi vəzifəsinə təyin edildi. O, bu vəzifədə polkovnik Əkbər İsmayılovu əvəzlədi. Ə.İsmayılov isə Xətai Rayon Polis İdarəsinin  rəisi vəzifəsinə təyin olundu.

Xatırladaq ki, Əkbər İsmayılov bu vəzifəyə polkovnik Mehdi Hümbətovun əvəzinə 2009-cu ilin iyulunda təyin edilmişdi. M.Hümbətovun iş yeri isə Sumqayıtdan Kürdəmirə dəyişdirilmişdi, 2010-cu ilin fevralında isə Sumqayıtın eks-rəisi Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin şöbə rəisi təyin edildi.

Əkbər İsmayılova gəlincə isə, o Sumqaytdan öncə Nərimanov rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışmışdı.

***

Qeyd etmək yerinə düşər ki, Sumqayıta edilən təyinatlar arasında bu vaxta qədər general-mayor rütbəli rəis olmayıb.

Təyinatdan bir neçə gün sonra yeni rəisin «komanda»sını dəyişmək istiqamətində addımlar atdığı bildirilir. Hələlik rəsmilik qazanmasa da, bir neçə yüksək rütbəli idarə əməkdaşının əvəzlənəcəyi gözlənilir. Yeni rəisin öz «team»ində görmək istəmədiyi adlar bunlardır:

Həsən Əsədov – rəis müavini, polkovnik–leytenant

Xalid Quliyev – Cinayət-Axtarış Şöbəsinin rəisi, polkovnik-leytenant

Rauf Balaşov – Narkotiklərlə mübarizə Şöbəsinin rəisi, mayor

Hacıməhəmməd Yaqubov – İctimai təhlükəsizlik Şöbəsinin rəisi, polkovnik-leytenant

Namiq Rzayev – Maliyyə Şöbəsinin rəisi, mayor

Elman Səfərov – 4-cü bölmənin rəisi, polkovnik-leytenant

***

Nəhayət, istər Prezident Administrasiyası, istərsə də bəhs etdiyimiz Sumqayıt polisindəki kadr dəyişikliklərinin mahiyyəti barədə.

Prezident Administrasiyasında dəyişikliklər rəsmi şəkildə şərh olundu və bildirildi ki, PA rəhbərinin müavini təyin edilmiş şəxslər həm də əvvəlki vəzifələrində qalırlar və bu dəyişikliklər işlərin çoxluğu ilə əlaqədardır. Kadr islahatı ilə bağlı qeyri-rəsmi interpretasiya isə belə oldu ki, bu, qarşıdan gələn seçkilərə hesablanmış addımdır.

Bəs Sumqayıt şəhər Polis İdarəsində dəyişiklik niyə labüd idi?

a) Sumqayıt ölkənin ən kriminal üç şəhərindən biridir. Burada hüquq-mühafizə orqanlarının işi heç də asan deyil. Bu qədər gərgin rejimdə uzunmüddət səhvsiz işləməyi hər kəs bacarmır. Görünür, digər İdarə rəhbərlərinin 6-7 və bəzən daha çox sahibləndiyi kreslonu şəhər polis İdarəsinin rəislərinin cəmi 3 il qoruya bilməsi bundan irəli gəlir.

b) Narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərinə rəğmən şəhərdə narkomaniyanın və narkobiznesin sürətlə genişlənməsi də rəisləri vəzifələrini itirməyə sürükləyir.

c) Radikal dini qruplaşmaların ən aktiv olduğu şəhərlər sırasında bəlkə də ilk yerdə qərarlaşan Sumqayıtda işləmək M.Hümbətov kimi Ə.İsmayılov üçün də asan olmadı. Deməli, növbəti faktor dini qruplaşmalar və dini cərəyanlarla bağlıdır.

d) Müxalifət partiyalarının son 1 ildə ən fəal olduğu region Sumqayıtdır desək yəqin ki, yanılmarıq. Müxalif düşərgənin burada tez-tez toplantılar keçirməsi, icazəsiz aksiyalara cəhd göstərməsi polisin işini bir az da ağırlaşdırır. Bunlar azmış kimi müxalifətin yerli təşkilatlarının xarici diplomatları tez-tez şəhərə dəvət etməyə başlaması hüquq-mühafizə orqanlarının rəhbərliyində təkcə təcrübəli polis əməkdaşlarının yox, həm də çevik qərarlar qəbul edə bilən strateqlərin olmasını tələb edir. Bu faktor təkcə müxalifətin aktivləşmə meyllərinə qarşı hesablanmır, yuxarıda sadaladağımız bütün hallara qarşı durur.

c) Nəhayət, təbii olaraq polis əməkdaşlarının eyni yerdə uzunmüddətli fəaliyyəti arzuolunmaz hallar, əlaqələr və s. yaradır ki, bütün bunlar da peşəkər və şəffaf fəaliyyətə mane ola bilər. “168 saat”

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər