Sumqayıt son 4 ildə intensiv və dinamik sosial-iqtisadi inkişaf fazasındadır

314

Son 4 il ərzində Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əhəmiyyətli sıçrayış və tərəqqi təmin edilibdir. Məlumdur ki, şəhər həyatının və onun inkişafının bir sıra göstəriciləri və indikatorları vardır. Bunların ən vacibləri şəhər əhalisinin rahat və komfort şəkildə yaşamasını təmin edən şəhər infrastrukturu ilə bağlıdır. Hamımızın yadındadır ki, bununla bağlı problemlər Sumqayıtda daim aktual olmuşdur. Bunlarla əlaqədar olaraq, şəhərin fasiləsiz şəkildə elektrik enerjisi, təbii qaz və su təchizatı ilə təmin olunmasına imkan verən infrastruktur yaradılmışdır və bu istiqamətlərdə işlər davam etdirilməkdədir.
1981-ci ildən Sumqayıtda yaşayıram və işləyirəm. Sumqayıtın inkişaf dövrünün çox hissəsi gözlərim önündə baş vermişdir. Dünyanın 50-dən çox ölkəsində olmuşam və Sumqayıt tipli çoxlu şəhərləri yaxşı tanıyıram, onlarda işgüzar ezamiyyətlərdə olmuşam, bu cür səfərlər son illərə də təsadüf etmişdir. Etiraf edim ki, yenilənmə, müasirləşmə, abadlaşma baxımından Sumqayıt qədər sürətlə gözəlləşən, insanların məmnunluğuna səbəb olan şəhər tapmaq o qədər də asan məsələ deyildir. Amma, bütün bunlar son 4 ildə – 2015-2019-cu illərdə daha sürətli xarakter almışdır və bu baxımdan, Sumqayıt son 4 ildə intensiv və dinamik sosial-iqtisadi inkişaf fazasına daxil olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin Sumqayıta daim strateji önəm verməsi, onun hər bir problemi ilə şəxsən maraqlanması, yerində tanış olması, şəhərə çoxsaylı səfərlər etməsi, lazımi tapşırıqlar verməsi, maliyyə vəsaitləri ayırması Sumqayıtın tikinti-quruculuq və abadlıq işlərinin xeyli sürətləndirilməsinə və şəhərdəki sosial-iqtisadi problemlərin köklü həllinə imkan vermişdir. Şübhəsiz, bütün bunları yüksək səviyyədə və zövqlə həyata keçirmək həlledici əhəmiyyət kəsb edir. Bu məsələlərdə şəhər rəhbərliyinin – Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun davamlı və səmərəli fəaliyyəti göz qabağındadır. Bu fəaliyyətdə bütün problemlərə, şəhərlə, şəhər təsərrüfatı ilə, eyni zamanda şəhər sakinləri ilə bağlı məsələlərə paralel və ən yüksək səviyyədə yanaşmalar diqqət çəkir. Maraqlıdır ki, görülən hər bir işdə yüksək zövq və peşəkarlıq vardır. Şəhərdə istismara verilən möhtəşəm Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası və s. bu kimi obyektlər şəhərin simasını tamamilə yeniləmişdir.
Sumqayıt bulvarının istifadəyə verilməsi isə tarixi hadisə kimi yadda qalmışdır. Ölkə rəhbərliyinin möcüzə adlandırdığı bu parkın uzunluğu 4,2 km, ərazisi isə 106 hektardır. Hazırda bulvarın ərazisi şimala doğru 1 km artırılır və burada yeni istirahət və əyləncə mərkəzləri və obyektləri istismara veriləcəkdir. Sumqayıt bulvarı şəhərin ekoloji-iqtisadi sisteminin dünya standartlarına qaldırılmasında önəmli addımdır. Şəhər bulvarının sorağı artıq dünyanın müxtəlif guşələrindən və beynəlxalq təşkilatlardan gəlir və bir neçə mükafata və prizlərə layiq görülmüşdür.
Sumayıt şəhərinin ümumi görünüşünün dəyişdirilməsi məqsədilə uzun illər öz görkəmini itirmiş çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənmiş, binaların fasadları zövqlə rənglənmiş və görkəmi dəyişdirilmişdir. Ümumilikdə, şəhərdə 900 binanın dam örtüyü yenidən qurulmuşdur. Uzun illər ərzində şəhər sakinlərini narahat edən lift təsərrüfatı modernizasiya olunmuş və 367 yeni liftlər quraşdırılmışdır.
Sumqayıt şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılması üçün xeyli işlər görülmüşdür və şəhər sakinlərinə müasir standartlara cavab verən avtobuslar xidmət göstərirlər. Şəhərin yol infrastrukturu əsasən yenilənmiş, yüksək zövqlə yeni yollar salınmış, şəhərdə asfaltsız ərazinin qalmaması hədəf kimi götürülmüşdür. Şəhərin əsas giriş qapısı dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Təkcə, son 3 il ərzində Sumqayıt şəhərində ümumilikdə 40 yaxın prospekt və küçədə asfalt örtüyü yenilənmiş və 3 milyon asfalt örtüyü salınmışdır. Hazırda şəhərin ətraf qəsəbələrində və yaşayış massivlərində asfaltlama işlərinə də diqqət artırılmışdır. “Yaşıl dərə” yaşayış massivinin asfaltlanma probleminin həll edilməsi buna misal ola bilər.
Şəhərin səhiyyə və təhsil sisteminin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir. Müasir yeni məktəb binası tikilir, şəhərin gözəl təhsil ənənəsinin gücləndirilməsi diqqət mərkəzindədir. Əksər məktəb və xəstəxanaların giriş hissələri asfaltlanmışdır.
Sumqayıt şəhərində mühüm məsələlərdən biri də nümunəvi məhəllələrin yaradılması və məhəllədaxili yolların yüksək səviyyədə təmiri ilə bağlıdır. Son 2 ildə, artıq 55 nümunəvi məhəllə yaradılmışdır. Burada sakinləri narahat edən hər bir məsələ öz həllini tapmaqdadır. Rahat və təmiz məhəllə, uşaqlar üçün istrahət məkanları, idman meydançaları yeni yaradılan nümunəvi məhəllələr üçün xarakterikidir. Haqlı olaraq, şəhər sakinləri Sumqayıt şəhərində son dövrlərdə görülən işlərdən öz razılıqlarını ifadə edirlər, ölkə və şəhər rəhbərliyinə minnətdarlığını bildirirlər.
Sumqayıt şəhərində sakinlərin sosial-müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluq problemlərinin həlli istiqamətlərində davamlı tədbirlər görülür. DOST layihəsi çərçivəsində 3090 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunur. Bu həm də həmin insanların sosial müdafiəsi və sosial-sığorta baxımından mühüm əhəmiyyət kəsb edir. Şəhər rəhbərliyi sakinlərlə daimi görüşlər keçirir və qəbullar təşkil edir, bunlar təkcə kabinetlərdə baş vermir, belə ki, şəhər başçısının həm də səyyar qəbulları daimi xarakter almışdır və bu cür qəbullar daha çox şəhər sakinlərinin problemlərini və istəklərini şəxsən dinləməyə, tanış olmağa, onların operativ olaraq həll edilməsinə imkan verir.
Sumqayıt şəhərində mədəniyyət obyektlərinin müasirləşdirilməsi və yenilərinin tikilməsi də diqqət mərkəzindədir. Şəhərin 70 illiyi ərəfəsində bir sıra müasir sosial obyektlərin istismara verilməsi nəzərdə tutulmuşdur. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrının yerində müasir yeni kinoteatr və özü də yüksək texnologiyalar əsaslı kinoteatr tikilməkdədir. Bundan əlavə, çoxfunksiyalı və müasir Sumqayıt Muğam Mərkəzinin inşası başa çatmaq üzrədir və bu şəhərin mədəni həyatında böyük hadisələrdən birinə çevriləcəkdir.
Sumqayıtda sosial-iqtisadi problemlərə və şəhərin inkişafına, şəhər sakinlərinin problemlərinə şəhər rəhbərliyi tərəfindən yanaşmalar kompleks və sistemli şəkildə aparılır. Problemlərin yaranmasına səbəb olan hallar operativ olaraq aradan qaldırılır, mövcud problemlərin isə kökündən həlli prioritetlik təşkil edir, çoxcəhətli inkişaf əsas götürülür, dünya standartları meyar kimi qəbul olunur. Bir sözlə, şəhərin sosial-iqtisadi inkişafı şəhər təsərrüfatının müasir standartlar səviyəsində inkişafı ön plana çəkilmişdir. Şəhər başdan-başa yaşıllıqlara və gül-çiçəklərə bürünmüşdür, son 4 ildə 100 hektardan çox sahə yaşıllaşdırılmış 300 mindən çox ağac əkilmişdir.
Sumqayıt rahat və abad, gözəl və yaraşıqlı bir şəhərə çev¬rilməklə, yaşayış və yaradıcılıq üçün insanlardan ötrü arzu¬olu¬nan bir şəhərə çevrilmiş və bu şəhərdə yaşamaq istəyənlərin sayı hər il artmaqdadır.

Şəfa Əliyev,  Sumqayıt Dövlət universitetinin  professoru, iqtisad elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər