Sumqayıt Teatrının 50-ci mövsüm açılışı olub - FOTOLAR

217

25.09.2018 tarixində Sumqayıt Dövlət Dram Teatrının 50-ci mövsüm açılışı oldu.  Açılış mərasimində  çıxış edən direktor əməkdar artist Mübariz Həmidov teatrın keçdiyi 50 illik şərəfli yola nəzər salaraq növbəti mövsümdə reallaşacaq  layihələri  vurğuladı, 50 illik yubileylə bağlı  hazırlıq prosesindən  söz açdı.

Direktor Azərbaycan Respublikası Prezidentinin  mədəniyyətə, teatra qayğısının, həmçinin Şəhər İcra Hakimiyyətinin  başçısı Zakir Fərəcovun  bu sahəyə diqqətinin yeni yaradıcılıq uğurlarına rəvac verdiyini  bildirdi. Teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov nitqində  Sumqayıt Dövlət Dram Teatrının  vətənpərvərlik tərbiyəsində, maarifləndirmədə,  bədii-estetik zövqün formalaşmasında  önəmli rol  oynadığına diqqət  çəkdi.

Daha sonra 1937-ci il repressiya qurbanlarının, əsasən də  görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin taleyindən bəhs edən  (N.Muradoğlu) “Zülmətdə nur” tamaşası nümayiş etdirildi.

Səhnə əsərində  habelə, məşhur Azərbaycan ziyalıları- dövrünün tanınmış  şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının çəkdiyi repressiya əzablarından səhnələr də yer almışdır. Zamanın ağır durumuna, məhbus həyatının fiziki və mənəvi işgəncələrinə məruz qalan bu  insanlar son ana qədər öz işıqlı ideyalarına sadiq qalırlar.

Tamaşada ölüm hökmündən xoflanaraq şair dostlarını güdaza verən müxtəlif tiplər də mütəmadi olaraq ifşa predmetinə çevrilir. İnsan donuna girmiş iblis obrazı tamaşa boyu  qəhrəmanları qarabaqara izləyərək dramatizmi daha da artırır və Hüseyn Cavidin məşhur “İblis nədir?” sualını tamaşaçı üçün açıq saxlayır.

Tamaşa ulu öndər  Heydər Əliyevin Naxçıvanda Hüseyn Cavid məqbərəsi önündəki tarixi çıxışının səslənməsi ilə  sona yetir və zülmətdə nur kimi parlayanların ruhları səhnədə canlanır.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada  obrazları  əməkdar artistlər İzaməddin Bağırov, Rauf Ağakişiyev  İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Şəhla Məmmədova, Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Dağlar Rüstəmov, İlham Səfərli, İlahə Səfərova, Akif Mirzəyev, Rövşad İlyasov  və Rövşən Əsgərov canlandırır.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər