Sumqayıt teatrının keçmiş direktoru: “Teatrdan məni gözyaşları ilə yola salıblar”

1983

Azərbaycan Dövlət YUĞ Teatrının direktoru İslam Həsənovun “Report”a müsahibəsi.

– Bir müddət əvvəl Türkiyədə xəstəxanaya yerləşdirilmişdiniz. Hazırda səhhətiniz necədir?

– İflic olmuşdum. Müalicə olundum və indi bir qədər ayağımda və əlimdə problem qalıb. Yeriyə bilmirdim, Türkiyədən məni arabada gətirmişdilər. 11 gün xəstəxanada yatdım. İndi yaxşıyam. Həkimlər deyirlər vaxt lazımdır ki, keçsin. Türkiyədə tamaşanı oynadıq, hər şey yaxşı idi. Səhəri gün yeməkxanada soyuq şirə içdim və qəfil halım pisləşdi. Həm təzyiq, həm şəkərim var.

– YUĞ Teatrının direktou təyin olunmağınızı necə qarşıladınız?

– Təyinatım ilə bağlı Mədəniyyət Nazirliyə özüm müraciət etmişdim. Sağolsun nazir müraciətimi qəbul etdi. Qarşıdan Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi gəlirdi. Mənim də sağlamlığım imkan vermirdi ki, istədiyimi edim. 140 insan rəhbər olaraq gözünü mənə dikmişdi. Mən onların istədiyini verə bilməyəcəkdim. Sumqayıt Dövlət Dram Teatrı çox maraqlı teatrdır, bacarıqlı aktyorları var. “Otello” tamaşasının hazırlanması üçün Bolqarıstandan rejissor dəvət etmişdik, ancaq yarımçıq qaldı. Fikrim var həmin rejissoru YUĞ-a dəvət edim burada hazırlayaq. Çünki “Otello” 1930-cu ildən bu yana tam olaraq tamaşaya qoyulmayıb.

– Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik etdiyiniz dövrdə nəzərdə tutduğunuz bütün planları həyata keçirə bildinizmi?

– Tam olaraq yox. Çünki teatr təmirə bağlandı, vaxt məhdudiyyəti var idi. Mən çalışırdım ki, teatrın şöhrətini geri qaytarım. Teatrın baş rejissoru ilə mənim məqsədim yalnız teatrın inkişafı idi. Aktyorlara hər şəraiti yaratmışdıq ki, özlərini göstərə bilsinlər. Binanın yeni təmir olunması da bizə stimul verirdi.

– Kollektiv tərəfindən sevilmək hər direktora nəsib olmur. Adətən, teatrlarda narazılıqlar, intiriqalar olur…– Mən 2 teatrda işləmişəm, Lənkəran Dövlət Dram Teatrında və Sumqayıt Dövlət Dram Teatrında. Hər iki teatrdan məni gözyaşları ilə yola salıblar. Buna görə çox sevinirəm. YUĞ-da da çox yaxşı qarşılandım. Bura öz ənənəsi olan teatrdır. Yaradıcısı Vaqif İbrahimoğlu bura öz canını qoyub, yeni bir nəfəs gətirib. YUĞ-un dəsti-xətti tamam ayrıdır, mənə yad olsa da çalışıram doğmalaşdırım.

– Baş rejissor Mehriban Ələkbərzadə ilə əvvəllər tanışlığınız var idi?

– Biz tələbə vaxtı bir yerdə təhsil almışıq. Çox bacarıqlı, təcrübəli rejissordur. Bir-birimizi başa düşürük. Çalışacam bütün şəraiti yaradım ki, teatr irəli getsin.

– Gümrah Ömər YUĞ Teatrının baş rejissoru vəzifəsindən çıxanda narazılıq yaranmışdı…

– Yaradıcı insanlar tez inciyirlər. Onlarla ünsiyyət quranda ehtiyyatlı olmaq lazımdır. Şeksprin bir sözü var “Aktyorlardan qorxmaq lazımdır”. Çünki səhnə adamlarının ürəyi çox yumşaq olur. Özüm aktyorluğu bitirmişəm deyə, onları çox sevirəm və rejissorlara da böyük hörmətim var. YUĞ Teatrında aktyor-rejissor münasibətləri çox yaxşıdır. Digər teatrlarda, böyük səhnələrdə tamaşalarımızı nümayiş etdirməyə çalışırıq.

– Sanki YUĞ-un tanıdılması işləri bir qədər zəif görülür. Bu nə ilə bağlıdır? 

– YUĞ-un öz tamaşaçısı var. Çünki bura ənənəvi teatr deyil. Çalışırıq bu mədəniyyət ocağının ənənələrini davam elətdirək, ancaq yeni ruh da gətirək. Bizə uşaq tamaşaları ilə bağlı müraciətlər olunur. Bu barədə baş rejissor Mehriban Ələkbərzadə ilə artıq söhbətimiz olub. Çalışırıq əvvəllər mövcud olan standartlardan biraz kənara çıxaq. Bunun nəticəsində həm tamaşaçılar bizi tez-tez görəcəklər, həm də fəaliyyitimizlə gündəmdə qala biləcəyik.

– Teatrınız Türkiyənin Adana şəhərində keçiriləcək beynəlxalq festivala qatılacaq. Orada nümayiş etdirəcəyiniz tamaşa Çexovun əsəri əsasında hazırlanıb. Niyə Azərbaycan yazarlarının əsərlərinə müraciət etmədiniz?

– Festivala qatılmaq üçün biz özümüz müraciət etməmişik. Təşkilatçılar bu tamaşaya görə bizə dəvət göndəriblər. Səhnə əsərini teatrımızın saytında görüblər və bəyəniblər. Festival hər zaman aktyorlarda böyük əhval ruhiyyə yaradır.

– Teatra bina verilməsi ilə bağlı məsələ nə yerdədir?– Təbii ki, Mədəniyyət Nazirliyi bizə bina verməyi planlaşdırır. Fəaliyyətimizin daha da səmərəli olması üçün YUĞ Teatrının özünün ayrıca binasının olması çox vacibdir. Bir otaqda həm məşq edirik, həm də sənədləşdirmə işləri gedir. İşçilərin hamısının işə gəlib oturmağa yerləri yoxdur. Teatr buna görə də tam qüvvəsi ilə çalışa bilmir. Binamız olsa teatr bütün potensialını ortaya qoya biləcək və daha da səmərəli fəaliyyət göstərəcək.

– Bu, işçilərin əhvalına, yaradıcı prosesə necə təsir edir?

– Yaradıcı insanlar bir yerə toplaşanda onlar mütləq maraqlı işlər ortaya qoyurlar. Bizdə yaradıcılıq prosesi çox yüksək səviyyədədir. Həm tamaşalara hazırlaşırıq, həm də işə gəlib-gedirik ki, teatr kollektivi olaraq özümüzdə ruh düşkünlüyü yaratmayaq.

– YUĞ-da kadr dəyişiklikləri olacaqmı?

– Mən 20 ildir bu sahədəyəm və bu insanların hamısını tanıyıram. Kadr dəyişikliklərinə ehtiyac görmürəm. Teatrda işləyən hər bir insan fədaidir, xadiməsindən tutmuş aktyora qədər. Onlar teatrı sevdiyinə görə burada çalışırlar. Elə insanlar varki onaları qorumaq lazımdır. YUĞ-da elə aktyorlar var ki onlar ancaq burada özlərini göstərə bilirlər. Teatra yeni kadrlar dəvət etməyi düşünürəm.

– Yeni kadrların seçimi zamanı hansı meyarlara üstünlük verəcəksiz?

– Əsasən gənc aktyorları dəvət edəcəm və bunun üçün seçim olacaq. Əslində baş rejissorun razılığı ilə direktora aktyor təqdim olunmalıdır. Teatrda yaradıcılıq işləri tam olaraq baş rejissora verilməlidir. Mən də bu prosesi davam etdirəcəm. Baş rejissorun teatrda mövqeyi yüksək olmalıdır. Çünki teatrı yönəldən, istiqamət verən odur. O, şəxsiyyət kimi, yaradıcı insan kimi fərqlənməlididir, imkanları geniş olmalıdır.

– YUĞ-un tamaşalarının biletləri satılırmı?

– Demək olar ki, artıq 5 tamaşanın biletləri satılıb. Tamaşalarda maksimum 40-50 nəfər adam iştirak edə bilir. Açılış olduğu üçün dəvətnamələr də verilib. Hələ ki, işimizi qurmağa çalışırıq. Yeni administrator dəvət etmişəm teatra. O, işini qurmağa çalışır. Hər şey zamanla öz yerini tutacaq.

Foto: Elçin Ağayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər