Sumqayıt Təhsil Şöbəsinin müdiri, əslində, öz postunu niyə tərk etdi? – ARAŞDIRMA

2611

M.Əliyev barədə hansı məlumatlar yayılıb, şöbə müdiri bütün bunlar barədə özü nə deyir?

YENİ MÜDİR KİM OLACAQ?

 

Ötən ilin oktyabr ayında Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov vəzifəsindən azad edildi.  Köhnə şöbə müdirinin tez-tez icra başçısı tərəfindən tənqidə məruz qalması, şəhərin təhsil müəssisələrindəki vəziyyətin yeni başçını razı salmaması fonunda bu dəyişiklik real görünürdü. V.Bağırovun əvəzinə əvvəllər Gəncə şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmış Mahal Əliyev təyin edildi.

M.Əliyev işinə radikal islahatlarla başladı. Bir neçə məktəbə edilən gözlənilməz reydlər, monitorinqlər və kadr islahatları şəhərin təhsil sektorunda əməlli-başlı dinamizm yaratdı. Amma bu cür gedişlər şübhəsiz ki, M.Əliyevə qarşı müəyyən dairələrdə aqressiya da yaradırdı. Bir müddət sonra bu tədbirlər nisbətən səngidi və daha təmkinli mərhələsinə daxil oldu.

Ancaq buna qədər 2 məktəbin direktoru vəzifəsindən azad edilmiş, biri barədə təqdimat yazılmış, bir neçəsinə isə xəbərdarlıq edilmişdi.

…  Bayrama bircə gün qalmış, martın 18-də isə Mahal Əliyev özü də istefa barədə qərar qəbul etdi. Təhsil Şöbəsinin müdirinin istefa ərizəsi yazmasına səbəb kimi onun səhhətindəki problem göstərildi.

Təhsil Nazirliyindən də bu gedişə elə eyni cür aydınlıq gətirildi. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə: “Mən Mahal müəllimlə əlaqə saxladım, o bildirdi ki, səhhətindəki problemlə əlaqədar olaraq işdən azad olunması ilə bağlı ərizə yazıb”.

Bununla belə, həmişə olduğu kimi bu dəfə də rəsmi açıqlama ilə bərabər qeyri-rəsmi məlumatlar yayıldı. Həmin məlumatlardan birində Təhsil Şöbə müdirinin direktorlardan birini vəzifəsindən azad etməsinin ona baha başa gəldiyi söylənilirdisə, digərində rüşvət məsələsi gündəmə çəkilirdi. Hər halda, bütün bu və ya digər suallarımıza eks-müdir cavab verməyə razılıq verdi. Beləliklə, öncə Mahal Əliyevlə müsahibəmizi diqqətinizə çatdırırıq:

 

Vəzifənizdən getmənizlə bağlı qərarınız nə ilə bağlı oldu?

– Bu, ilk növbədə səhhətimdəki problemlərlə bağlıdır. Digər bir tərəfdən yaşı 65-ə çatmış müəllimlərə təqaüdə getməyi tövsiyyə edirdim, indi isə nümunə göstərdim. Göstərdim ki, 65 yaşın tamamına bir ay qalmış da getmək olar. İşdən öz xahişim – ərizəmlə çıxmışam.

– Sizin Təhsil şöbəsinin müdiri olduğunuz 5 ay ərzində Sumqayıtda hansı işlər görüldü?

– Bu dövr ərzində şəhərin təhsil müəssisələrində ciddi nizam-intizam yaratmağa nail olduq. İşə məsuliyyəti artırdıq, bu müddətdə bir sıra monitorinqlər, olimpiadalar və digər tədbirlər həyata keçirildi. Söz yox ki, Sumqayıtda təhsilin səviyyəsi yüksəkdir – bunu hər kəs bilir. Bu səviyyəni bir qədər də yüksəltmək üçün mən də müəyyən addımlar atdım.

– Bu 5 ay ərzində şəhərin təhsil müəssisələrini yəqin ki, yaxından tanıya bilmisiniz. Necə hesab edirsiniz, Sumqayıt məktəblərində ən ciddi çatışmazlıqlar nələrdən ibarətdir?

– Nisbətən intizam aşağı idi. Əlbəttə, bu, bütün məktəblərə adi deyil. Əksər müəssisələrdə hər şey çox yüksək səviyyədə idi. Ancaq bununla bərabər bəzi müəssislərdə intizamsızlıq var idi. Biz bu intizamsızlıq hallarına qarşı tədbirlər həyata keçrdik, bəzi məktəblərdə ciddi nöqsanlar var idi ki, biz onları aşkara çıxarıb yoluna qoya bildik. Ancaq təəssüf ki, onların bir qismi yarımçıq qaldı.

– İntizamsızlıq dedikdə müəllimlərin, yoxsa şagirdlərin nizam-intizam qaydalarından söhbət gedir?

– Həm şagirdlərin, həm də müəllimlərin. İntizam məktəbdə onun direktorundan başlayır. Gərək rəhbər özü tələbkar ola ki, müəllimdən də, şagirddən də, valideyndən də nəsə tələb edə bilər. Məktəb direktorunun intizamı azağı düşəndə bu bütün kollektivə, eləcə də valideynlərə və şagirdlərə də təsir edir.

Tez-tez mən məktəbdə reydlər keçirirdim. Müəyyənləşdirməyə çalışdırdım ki, məktəbdə vəziyyət necədir, neçə müəllim və şagird dərsə gecikir, tədris hansı səviyyədədir, müəllimlər dərs planlarını hazırlayırlarmı, hazırlıqlı gəlirlərmi? Yəqin Sumqayıt əhalisi də bilir ki, mən bu sahədə bir çox işlər gördüm.

– Bəs hansı məktəblərdən razı idiniz, hansılardan narazı?

– Sumqayıt məktəblərinin əksəriyyətindən razıydım. Şəhərdə təhsilin səviyyəsi olduqca yüksəkdir.

Xüsusilə yeni tipli məktəblərdən razılığımı bildirə bilərəm. Eyni zamanda, 14, 24, 26 saylı orta məktəblər barədə də xoş sözlər deyə bilərəm. Seçmək, ayırmaq istəmirəm, əksər məktəblərdə iş yüksək səviyyədə qurulmuşdur.

Narazı qaldığım məktəblərə gəldikdə isə, belələri də yox deyildi. Məsələn, 4 saylı orta məktəbdən narazı idim. Buna görə də həmin məktəbin direktorunu vəzifəsindən azad etdik. Eləcə də 35 saylı orta məktəbdən keçirdiyimiz reyd zamanı narazı qaldıq. Həmin məktəbin direktorunun da vəzifəsindən azad olunması barədə təqdimatı nazirliyə göndərmişik. İşdən azad olunma barədə qərarı isə nazir verir.

– Bu vəzifəyə təyin olunarkən 5 ay sonra işdən getməyi nəzərdə tuturdunuzmu?

– Yox, bunu bilsəm, bu vəzifəyə nə üçün gedirdim?! Mən hardan bilərdim ki, 5 ay sonra ürəyim sözümə baxmayacaq. Əvvəlki aylarda hər şey qaydasında idi, son 1 ayda isə səhhətim işləməyə imkan vermirdi. Müayinələrdən sonra məlum oldu ki, bir müddət müalicə olunmalıyam. Ömrü boyu dövlətə, dövlətçiliyə xidmət etmişəm, bu gün də dövlətimizin əsgəriyəm, əgər sağlamlığım imkan versə, hara desələr, orada da işləməyə hazıram.

 

***

Qeyd etdiyimiz ki, Mahal Əliyevin belə tezliklə vəzifəsindən getməsi ciddi suallara səbəb olub. Məsələ ilə bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, təhsil şöbəsinin müdirinin vəzifəsini itirməsinə səbəb onun məktəblərdən böyük məbləğdə “haqq” tələb etməsi olub. Sitat: “O Sumqayıta gələn kimi məktəblərə rüşvət tələb etməyə başladı. Bunun səsi çıxmalıydı, çıxdı da. Dövlət yatmayıb ki. Məlumatlar lazımi strukturlara çatdı və M.Əliyevə öz ərizəsi ilə postunu tərk etməsi tapşırıldı”.

Məlumata görə, Təhsil Şöbəsinin şəhər məktəbləri arasında ən ciddi konfliktinin 35 saylı məktəblə, daha doğrusu, onun direktoru Nazim Yusifovla olub. N.Yusifova yaxın mənbələrdən “168 saat”a sızan məlumat isə bu cürdür: “Mahal Əliyev 35 saylı məktəbə gələrək, guya orada yoxlamalar aparıb. Ən yaxşı nəticə göstərən məktəblərdən olan bu məktəblə bağlı qərəzli qərarlar qəbul edib, məktəbin direktoruna şiddətli töhmət verib. Şəhər təhsil müəssisələrinin rəhbərlərinin toplantısında onlar arasında konflikt yaşanıb, M.Əliyev təhqiramiz ifadələr işlədib. Məktəbin direktoru Nazim Yusifov işdən getməsi barədə ərizə yazıb, təhsil şöbəsinin müdiri də onun haqqında nazirliyə təqdimat göndərib, ancaq hələ ki, nazirlik N.Yusifovun vəzifəsindən azad olunması barədə qərar qəbul etməyib”.

Nəhayət, təhsil şöbəsinin müdiri barədə söylənilən ən ilginc məlumat isə onun bir vaxtlar rüşvətə görə həbs olunması ilə bağlıdır. Mənbə bildirir: “Mahal Əliyev Bakıda ərəb-fars təmayüllü məktəb-liseyin direktoru olarkən rüşvətə görə həbs olunubmuş”. Bu hadisə mərhum Lidya Rəsulovanın təhsil naziri olduğu dövrdə vaş verib.

 

Təhsil Şöbəsinin yeni müdiri kim olacaq?

 

Hazırda ən qızğın müzakirə predmeti təhsil şöbəsinin müdiri vəzifəsinə kimin təyin olunacağı ilə bağlıdır. Bununla bağlı bir neçə ad çəkilir. “168 saat”ı məlumatlandıran mənbənin sözlərinə görə, bu vəzifəyə ən yaxın namizəd kimi xüsusilə 3 nəfərin adı hallanır: birincisi, hazırda bu vəzifəni icra edən şəhər təhsil şöbəsinin müdir müavini Vaqif Ələkbərov, ikincisi, Sumqayıt TET gimnaziyanın direktoru Nizami Əhmədovdur. Üçüncü namizəd isə qadındır. Onun adı açıqlanmasa da bildirilir ki, bu xanım elmlər namizədidir və hazırda Bakı təhsil sistemində çalışır.

 

Vüsal

P.S. Ötən ilin yekunları ilə bağlı keçirilən hesabat müşavirəsində təhsil şöbəsinin müdiri Mahal Əliyev hesabatla çıxış edərkən icra hakimiyyətinin başçısı Eldar Əzizovun bu sözlərini xatırlamağa dəyər: “Heç bir informasiya qapalı qalmır. Bəzi məktəblərdə müəllim və şagirdlərdən pul yığılması barədə xəbərlər gəlib çatır. Rüşvətxorluq və korrupsiya faktlarına görə heç kimə güzəşt olmayacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər