Sumqayıt Tibb Kollecinin yaradılmasının 50 illik yubileyi qeyd olunub – FOTOLAR

2853

Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, kollecin müəllim və tələbələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə təhsil ocağının yarım əsrlik tarixindən və bu günündən bəhs edən sənədli filmi izləyiblər.

Səhiyyə nazirinin müavini Elsəvər Ağayev kollecin kollektivini yubiley münasibətilə təbrik edib, bu təhsil müəssisəsinin Sumqayıt şəhərində səhiyyənin inkişafı və formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Nazir müavini qeyd edib ki, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir. Ölkə rəhbərliyinin apardığı sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində çoxsaylı məqsədyönlü layihələr həyata keçirilir. Sumqayıt şəhərində də səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb, ciddi naliyyətlər əldə olunub. Bu il cənab Prezident 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzalayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayaraq Sumqayıt Tibb Kollecinin 50 illik yubiley münasibəti ilə kollektivi təbrik edib, təhsil müəssisəsinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib.

Şəhər rəhbəri Sumqayıt Tibb Kollecinin şəhərdə səhiyyə sahəsində kadr potensialının gücləndirilməsinə mühüm töhvə verdiyini vurğulayıb, kollecin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Z.Fərəcov qeyd edib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət alıb.

Kollecin direktoru, Tibb elmləri doktoru, Respublikanın Əməkdar həkimi Rəfayıl Eyvazov çıxış edərək, kollecin fəaliyyəti haqqında geniş məlumat verib.

Bildirilib ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyətə başlayıb. 1969-cu ildə Ümumilli Lider Heydər Əliyevin respublika üçün gördüyü məqsədyönlü işlərdən biri də Sumqayıt şəhəri və ona yaxın rayonlarda əhalinin orta tibb işlərçilərinə olan ehtiyacını ödəmək məqsədi ilə yaratdığı Sumqayıt Tibb Məktəbi olub. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə, 10 müəllimlə fəaliyyətə başlayıb. Həmin dövrdən hal-hazıra kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.

Qeyd olunub ki, 1969-cu ildən fəaliyyət göstərən Sumqayıt Tibb Məktəbi prezident İlham Əliyevin sərəncamı ilə təhsildə aparılan islahatlarla əlaqədar olaraq 2010-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb.

Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və kollecin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılıb, əyani vəsaitlərlə təhciz olunub müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, müasir tələblərə cavab verən yeməkxana, avtonom istilik sistemi yaradılıb. Kollec bir neçə dəfə cari və əsaslı təmir olunub.

Bildirilib ki, kolleci bitirən məzunların işlə təmin olunmasına daima nəzarət olunur. Demək olar ki, məzunların əksəriyyəti kolleci bitirən kimi işlə təmin olunurlar. Hal-hazırda Sumqayıt şəhərinin tibb müəssisələrində 1671 məzun fəaliyyət göstərir.

Çıxışlardan sonra Sumqayıt Tibb Kollecinin bir qrup müəllim və tələbələri Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər