SUMQAYIT TİBBİ SƏNAYENİN MƏRKƏZİNƏ ÇEVRİLİR

4488

Son illərdə ölkəmizdə aparılan davamlı iqtisadi islahatlar, dövlət proqramları, genişmiqyaslı müasir infrastruktur layihələri, investisiya mühitinin yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi, yeni sənaye şəhərciklərinin yaradılması nəticəsində ölkəmizdə güclü sənaye sektorunun formalaşdırılması üçün əlverişli şərait yaradıb.

Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönələn ardıcıl iqtisadi siyasət nəticədə sənaye artımında qeyri-neft sənayesinin çəkisi ildən-ilə armış, iqtisadiyyatın neftdən asılılığı nəzərəçarpacaq dərəcədə aradan qaldırılmışdır.

Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının ötən illər ərzində sürətli inkişafında əsas rolu sənaye sektoru oynamışdır.

İqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində də mühüm naliyyətlər əldə olunmuşdur. Sumqayıtda müasir sənaye infrastrukturunun yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlmişdir.  Xüsusən son illər ərzində Sumqayıt şəhərində yeni sənaye sahələrinin yaradılması həm də tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artırmışdır.

Həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Sumqayıtda hazırda onlarla müasir texnologiya əsasında işləyən sənaye müəssisələri fəaliyyət göstərir. Sumqayıt sənaye şəhəri kimi inkişafı, bu sahədə əldə olunmuş uğurlar şəhərin ümumi inkişafa mühüm təkan vermişdir

Şəhərin iqtisadi inkişafı statistik rəqəmlərdə də özünü aydın şəkildə göstərir:

  • ümumi məhsul buraxılışı 2003-ci illə müqayisədə 2018-ci ildə 12,5 dəfə artıb;
  • sənaye məhsulunun həcmi 2003-ci illə müqayisədə 2018-ci ildə 10 dəfə artıb;
  • orta aylıq əmək haqqı 2003-ci illə müqayisədə 2018-ci ildə 6,1 dəfə artıb;
  • yerli büdcə xərcləri 2003-ci ildə dotasiya (25,0 milyon manat) ilə birlikdə 36,0 milyon manat olubsa, 2018-ci ildə yerli büdcə xərcləri dotasiyasiz 45,0 milyon manat  təşkil edib və ya  2003-ci illə müqayisədə  4,1 dəfədən cox  artıb;
  • 2003-2018-ci il ərzində  infratruktur layihələrinə 3 milyard manatdan çox investisiya qoyulub;

Sumqayıt şəhərinin inkişafını 2019-cu ilin rəqəmlərində də görə bilərik. Belə ki, ötən il sənaye müəssisələrində 1 milyard 885 milyon manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Sumqayıt şəhərindəki mövcud potensial yeni sənaye sahəsinin – tibbi sənayenin inkişafına təkan vermiş oldu

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrildi.  Ötən illərdə də bu sahədə müəyyən işlər görülsə də son baş verən hadisələr bu sahənin inkişafını daha da sürətləndirdi.

Sözsüz ki, uzunmüddətli sənayeləşmə siyasəti, əldə olunmuş uğurlar, mövcud sənaye potensialı imkan verdi ki, koronavirusla mübarizədə istifadə olunacaq tibbi vasitələrin istehsalı məhz ölkəmizdə həyata keçirilsin. Bu baxımdan Sumqayıt şəhərindəki mövcud potensial yeni sənaye sahəsinin – tibbi sənayenin inkişafına təkan vermiş oldu.

Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq bildirmişdir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək: “Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək”.

Ölkəmizdə ilk dəfə olaraq Sumqayıtda tibbi maska istehsalına başlanıldı

Qısa müddət ərzində məhz Sumqayıt şəhərində tibbi maska istehsalı müəssisəsinin açılışı baş tutdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında müəssisənin açılışında iştirak etdi.

Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu.

“Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edildi və ona Sənaye Parkının rezidenti statusu verildi. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırıldı. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilir. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldilmişdir.

Prezident İlham Əliyev müəssisənin açılışı zamanı çıxışında ölkəmizin tibbi maska istehsalına başlamasını əlamətdar hadisə adlandırdı: “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək”.

Prezident çıxışında bildirdi: “Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür”.

Beləliklə, tibbi maska istehsalına başlanılması əhalinin sağlamlığının qorunması ilə yanaşı  həm də tibbi sənayenin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə ikinci istehsalat sahəsi də Sumqayıtda fəaliyyətə başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak etdilər.

Tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsalına başlanıldı.  Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. Burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq.

Sumqayıtda qoruyucu kombinezonların istehsalına başlanıldı

Müəssisədə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Prezident İlham Əliyev müəssisənin açılışı zamanı vurğuladı:

“Tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi, nəzərdə də tutulmurdu. Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək qısa müddət ərzində bizim üçün lazım olan – həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlamışdır. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır.”

Hazırda isə dünyanın ən inkişaf etmiş ölkələri belə tibbi maskaya olan tələbatı idxal hesabına ödəməyə çalışırlar. Belə bir şəraitdə yerli istehsalın qurulması həm dövlətin, həm də milli sahibkarlığın uğuru kimi dəyərləndirmək lazımdır.

Dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olundu

Pandemiya ilə əlaqədar olaraq spirtə tələbat kəskin armışdır. Tələbat nəzərə nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olundu.

Sözügedən istehsalatın işə salınması EP – 300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. “Azərikimya” İB-nin emal prosesində məqsədli məhsulların son məhsula çevrilməsi zəncirində öz yerini tutan MİPS (Mütləqləşmiş İzo Propil Spirti) istehsalatının fəaliyyətinin bərpa olunması qərarı izopropil spirtinə yerli və xarici bazarlarda tələbatın kəskin artması ilə bağlıdır. Qurğuda həyata keçirilmiş fasiləsiz təmir-bərpa işlərindən sonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələr istismara verilib və dərhal son məhsulun istehsalına başlanıldı. Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq.

 “Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir. Dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə“universal təmizləyicilər”də istifadə edilir, həmçinin 70%-li tibbi kağız dəsmallara (salfetlər)hopdurularaq mikroblardan qorunma vasitəsi və s. kimi istifadə olunur.

Beləliklə Sumqayıt daha bir tibbi məhsulun istehsalına başlamaqla ölkəmizdə tibb sənayesinin inkişafına öz töhfəsini vermiş oldu.

Sumqayıtın daha bir müəssisəsi xarici xammaldan asılılığı aradan qaldırdı

Ölkəmizdə tibbi maska istehsalına başlanıldıqdan sonra xammala tələbat yaranmış oldu. Məhz bu tələbatı aradan qaldırmaq üçün də ölkəmizdə tibbi maskalar üçün xammal istehsalı zərurəti yaranmış oldu. Bu tələbatı aradan qaldırmaq üçün qısa müddət ərzində Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Polymer” MMC tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal istehsalına başladı. Xammal istehsalı daxili bazardakı tələbatı tam ödəmək gücünə malikdir və gələcəkdə xammalın xaricə idxal olunması da mümkündür. 

Sumqayıt daha bir ilkə imza atdı: elektron dezinfeksiya tunelinin istehsalına başlanıldı

Pandemiya təlabata uyğun olaraq yeni məhsulların istehsalını şərtləndirdi. Yenə də ölkəmizdə ilk dəfə olaraq məhz Sumqayıtda elektron dezinfeksiya tunelinin istehsalına başlanıldı.

Ölkəmizdə qeyri-neft sektoru sahəsində qabaqcıl şirkətlərdən olan Sumqayıt Texnologiyalar Parkı və ölkəmizin ilk və tək Ağıllı ev və Bina idarəetmə sistemləri istehsalçısı olan SmartHome şirkəti Elektron Dezinfeksiya Tuneli istehsalına start verdilər. “Elsmart” brendi altında istehsal  olunan  bu məhsulun elektron sistemi və beyni SmartHome,  konstruksiyası və gövdəsi isə STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.

Tam avtomatlaşdırılmış rejimdə çalışan Dezinfeksiya Tuneli imkan verir ki, insanın üzəri heç bir toxunma olmadan tam dezinfeksiya edilsin. Dezinfeksiya məhlulu  buxar şəklində püskürdüldüyü üçün insanın geyimi üçün heç bir təhlükə törətmir. Buxar formasında olmasına baxmayaraq geyimlərdəki bakteriya və virusları  təmizləməyə kifayət edir. Onu da qeyd edək ki, tunelin insan sağlamlığı üçün zərərli təsiri yoxdur.
Sistemə 50-200  litr arası çənlərin quraşdırılması mümkündür.  Dezinfeksiya Tunelinə quraşdırılan 200 litrlik məhlul ilə  təqribən  6500-7000 insanın dezinfeksiya olunması mümkündür.  İstifadə olunan məhlul xüsusi tərkibə malikdir və Türkiyədə keçirilən testlər vasitəsilə Koronavirusu öldürməsi təsdiq olunub.
Dezinfeksiya Tunellərindən yalnız pandemiya dövrü  üçün deyil,  həmçinin  mövsümi bakteriya və virusların  profilaktikası, habelə gələcəkdə yaranacaq  yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər.  Yeni məhsul məktəblərin, xəstəxanaların,  ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmiryol vağzallarının, metroların girişlərində və insanların kütləvi hərəkət etdiyi digər  məkanlarda quraşdırıla bilər.

Hazırda STP-nin Elektrik Avadanlıqları Zavodu gündə  25-30 ədəd məhsul istehsal etməyi nəzərdə tutur. Müəssisədə quraşdırılmış ən son avadanlıqlar sifarişlər artdıqca istehsal həcminin də artırılmasına imkan verir.

Bəli, bütün bunlar başlanğıcdır. Sözsüz ki, ölkəmiz bu müəssisələrin fəaliyyətə başlaması ilə kifayətlənməyəcək, tibbi sənayenin inkişafı ilə bağlı mövcud potensial dəyərləndirilərək yeni istehsal sahələrinin yaradılması üçün də addımlar atılacaq.  Hər halda Sumqayıt sənayenin digər sahələrində olduğu kimi tibbi sənaye sahəsində də ilkin mərhələdə öz potensialını göstərdi. Qısa müddət ərzində atılmış bu addımlar, bir daha göstərdi ki, tibbi sənayenin inkişafı üçün xüsusilə Sumqayıt şəhərində geniş potensial mövcuddur. İnanırıq ki, investorlar bu potensialı dəyərləndirəcək, gələcəkdə Sumqayıt şəhərində yeni  tibbi məhsulların istehsalı ilə bağlı layihələrin reallaşmasının şahidi olacağıq.

 Eyvaz QOCAYEV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər