SUMQAYIT – yaşıl bir ada kimi...

3921

Sumqayıtın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Sumqayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir, gözəl bulvar salınıb… Ümumiyyətlə, indi Sumqayıtın müasir görkəmi çox müsbətdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


…Sumqayıtda bir “Şəhər bağı” vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi gün müəllim təəssüratlarımızı soruşdu və mən müşahidələrimi elə dolğun ifadə etdim ki, “əla” qiymət aldım. 

Sonralar səyyar botanika dərslərini keçmək üçün dəfələrlə “Şəhər bağı”na yollanmışdıq. Ancaq bütün bunlara baxmayaraq, sovet dövründə nəhəng kimya poliqonu sayılan Sumqayıt dünyanın ekoloji fəlakət zonası kimi tanınırdı ki, bu da onu sevənlərin ürəyini ağrıdırdı.
Bu əsrin əvvəllərində, şəhərin indiki rəhbəri Zakir Fərəcov ilk bələdiyyə sədri olan zaman əksər park və xiyabanlar kimi, həmin “Şəhər bağı” da xeyli genişləndirildi, abadlaşdırıldı və “Bələdiyyə parkı” kimi Sumqayıtın parklar siyahısına daxil edildi. İndi şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirlərinin tərkib hissəsi olaraq, bu parkda da müntəzəm işlər görülür. Ərazidəki fəvvarə yenidən qurulub, çoxsaylı palma və digər ağaclar əkilərək yaşıllıqlar daha da artırılıb.
Dövlətimizin başçısının bu il yanvarın 16-da  Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışı zamanı şəhərin ekoloji durumu barədə söylədiyi fikirlər gənclər şəhərində yaradılan gözəlliklərin, sağlam həyat şəraitinin ən yüksək səviyyədə təsdiqidir. Fərəh doğuran haldır ki, artıq Sumqayıt çiçəklənən şəhər adlandırılır. Burada özünəməxsus ekoloji standartlar formalaşır. Şəhərdə yaşıllaşdırma işləri müntəzəm aparılır. Son 5-6 ildə burada 1 milyona qədər yeni ağac əkilib. 16 hektardan artıq ərazini əhatə edən parklar, xiyabanlar salınıb və əvvəldən olanlar yenidən qurulur. Şəhərdə hər adambaşına düşən yaşıllıq sahəsi respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir.
Hazırda 70 illik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıtda dövrün ən möhtəşəm layihələri həyata vəsiqə alır. Gənclər şəhəri təkcə Qafqazın deyil, Avropanın sayılıb-seçilən şəhərlərindən birinə çevrilir. Qazanılan uğurların kökündə dövlət tərəfindən düzgün müəyyənləşdirilən davamlı sosial-iqtisadi siyasət durur. Bu gün Sumqayıt dotasiyasız yaşayan şəhərdir və durmadan böyüyür, gözəlləşir. Sumqayıt regional inkişaf proqramları üzrə reallaşdırılan tədbirlərin güzgüsüdür desək, mübaliğə etmiş olmarıq.
Sumqayıtın Park-bulvar kompleksi hər kəsi heyran qoyur. Bu ecazkar istirahət məkanı qısa müddətdə yaradılıb, özü də ən yüksək səviyyədə. Xəzərin ləpədöyənində bulvarın araya-ərsəyə gətirildiyi ərazinin sahəsi 106 hektar, uzunluğu  4,2 kilometrdir. Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi qürurverici haldır. Burada fərəh yaradan məqamlar çoxdur. Kölgəliklər, əlvan güllü çəmənliklər, kafelər, əyləncə attraksionları, yay estradası, idman zalları, velosipedçilər üçün hərəkət zolaqları, parkinqlər, yaşıllıqlar qoynunda nağıl qəhrəmanlarının heykəlləri və müxtəlif heyvan fiqurları bulvarı yaradanların yüksək zövqündən soraq verir. Qış-yay sürətli yeriş və qaçış həvəskarlarını bulvarda görmək olar. İnişil Madriddə və Parisdə keçirilən “Global Trade Leaders Club”un forumlarında Sumqayıt bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb.
Heydər Əliyev parkı 7,6 hektar ərazini tutur. Park müasir memarlıq üslubu, genişliyi, açıqlığı ilə seçilir.    Heydər Əliyev Mərkəzi, Poeziya evi, Şahmat məktəbi, Uşaq incəsənət məktəbi burada ucaldılıb. Əyləncə mərkəzləri, istirahət meydançaları və fəvvarələr parkın gözəlliyini artırır. Daimi qulluq olunan yaşıllıqlar göz oxşayır. Sakinlər buraya ilboyu həvəslə gəlib dincəlir, qayğı yüklərini azaldırlar.
Sumqayıtlılar mütəfəkkir şair İmadəddin Nəsiminin adını daşıyan mədəniyyət və istirahət parkını da könüllərinin dinclik tapdığı məkanlardan sayırlar. Yaşıl fəvvarələr kimi göyə “fışqıran” növbənöv ağaclar, həmişəyaşıl iynəyarpaqlılar böyük bir sahəni tutur. Burada o qədər nadir ağac növləri var ki, əsl dendrarini, açıq səma altında böyük bir nəbatat muzeyini xatırladır. Buraların dəniz qoxulu sərin mehi,   yaz-yay aylarında xüsusilə misilsiz olur. Şəhər stadionu, “Yaşıl teatr”, Rəsm qalereyası, Şəhidlər xiyabanı, “20 Yanvar” abidə kompleksi və “Xocalı” abidəsi də burada yerləşir. Parkda müxtəlif alabəzək quşlar da məskən salıb.
Lüdviqşafen parkı şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşir. Müasir səviyyədə yenidən qurulmuş bu istirahət məkanı Almaniyanın Sumqayıt şəhəri ilə qardaşlaşmış Lüdviqşafen şəhərinin şərəfinə salınıb.   Prezident İlham Əliyev 2017-ci ildə Sumqayıta səfəri zamanı bu parkda aparılmış əsaslı yenidənqurma işləri ilə də tanış olub. Həmin il növbəti dəfə Sumqayıta qonaq gələn Almaniya nümayəndə heyətinin üzvləri parkda saatlarca istirahət edib, idmançıların və özfəaliyyət kollektivlərinin çıxışlarını izləyiblər. Onların Sumqayıt şəhərinin rəhbərliyi ilə birlikdə parkda əkdikləri ağac tinglərinin hamısı indi artıq Günəşə boylanmaqdadır.
Lüdviqşafendəki Sumqayıtın Dostları Cəmiyyətinin fəxri sədri Volfqanq Lauyenştayn Sumqayıtın fəxri vətəndaşı adına layiq görülməsi ilə qürur duyur. Onun qənaətinə görə, Sumqayıt coğrafi relyef baxımından çox əlverişli bir məkandır. Həm müasir sənaye parkları, həm də istirahət parkları ilə dünyada tanınmağa layiq şəhərdir.
Cənab İlham Əliyev Sumqayıtın dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biri olduğunu dəfələrlə qeyd etmişdir: “Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır – gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir”.

Artıq bu yöndə konkret əməli tədbirlər həyata keçirilir. Sahildəki yeni “göydələn”lərin pəncərələrindən süzülən işıqlar bulvarın nur selinə qarışır, Xəzərin lacivərd dalğalarının səsi həzin musiqi sədaları kimi evlərə dolur. Neçə-neçə  yeni otel qonaqlarını qəbul etmək üçün hazırlanır.
Ətraf mühitin mühafizəsi Sumqayıtda daimi prioritet elan edilib. Bununla bağlı əhali arasında ekoloji maarifləndirmə işi gücləndirilib, təbiətə qayğı göstərilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilir. Şəhərətrafı zonalar, dəniz sahili boyu ərazilər tullantılardan təmizlənir və sağlam ekoloji mühit yaradılır. Bu tədbirlər həm də gənc nəsildə təbiətə sevgi, ekologiyaya diqqət və qayğının göstərilməsində xüsusi vərdişlər aşılayır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin baş mühəndisi Mübariz Süleymanov:
– Sevinirik ki, möhtərəm Prezidentimiz İlham Əliyev Sumqayıtın yaradılmasının 70 illiyinin geniş qeyd edilməsi haqqında müvafiq sərəncam imzalamışdır. Bu, ölkə rəhbərinin bizim doğma şəhərimizə xüsusi münasibətinin təzahürüdür. Elə bu il fevralın 18-də Sumqayıta gələn Azərbaycan rəhbəri şəhərdə quruculuq işlərinin davam etdirilməsi ilə bağlı yeni bir sərəncam imzalaması bizim işə məsuliyyətimizi ikiqat artırıb.
Abadlıq yürüşünün start mərhələsində şəhərin əsas giriş yolu sayılan “Sülh” küçəsində uğurla həyata keçirilən işlər xüsusi qeyd edilməlidir. Bura şəhər haqqında ilk təəssürat yaradan yerdir. Küçə 4,2 kilometr məsafədə hər iki tərəfə xeyli genişləndirilib, 100 min kvadratmetr sahəyə yaşıl ­örtük ­salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib. Ardınca şəhərin digər küçə və prospektlərində, meydanlarında, park və xiyabanlarında da genişmiqyaslı işlər görmüşük. Şəhərdə 10 mindən artıq palma əkilib. İndi Sumqayıtın giriş küçəsində Vaşinqton palmaları da diqqət çəkir ki, buna bəlkə də respublikamızın heç bir yerində rast gəlmək olmaz.
Son dövrün ən böyük yeniliyi isə xan çinarın Sumqayıta gətirilərək kütləvi surətdə əkilməsidir. Eyni zamanda, həddən artıq sayda alyandra və geran bəzək kolları, leylandra, Eldar şamı və primula ağac növləri Sumqayıtın “nazlı gözəlləri”nə çevrilib. Qızılgüllər barədə ayrıca danışmaq olar. Şəhərin elə bir guşəsi yoxdur ki, orada qızılgüllər ətir saçmasın. Ayrı-ayrı yerlərdə 100 minədək yerli və 150 mindən artıq Türkiyə mənşəli qəlboxşayan qızılgüllər əkilib. Bu güllər qardaş ölkədən Zakir müəllimin şəxsi təşəbbüsü ilə gətirilib. Ümumiyyətlə, üç ildə şəhərdə yüz minlərlə ağac və bəzək kolları əkilərək ümumi mənzərəyə əlavə rəng qatıb. Məqsədimiz budur ki, havamız daim saf və ətirli olsun, küçələrimiz cazibədar görünsün və yerli əhali də, qonaqlar da bu zənginlikdən zövq alsınlar. Turizm şəhəri olmağın başlıca şərtlərindən biri də budur.
Bəli, bu gün ətraf mühit şəraiti durmadan yaxşılaşan Sumqayıtın əsl turizm zonası kimi özünü göstərəcəyi vaxt uzaqda deyil.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri  

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər