Sumqayıta çəkilən yeni qaz xəttinin əhəmiyyəti -ŞƏRH

2203

Aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı olub.

Açılış mərasimində iştirak edən ölkə prezidenti İlham Əliyev bildirib ki, yeni qaz xətti şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır: “Bu gün Sumqayıt şəhərinin dayanıqlı qaz təchizatı işində çox əlamətdar bir gündür. Biz Sumqayıt şəhərinə yeni alternativ qaz xəttinin çəkilişini qeyd edirik. Bu münasibətlə bütün sumqayıtlıları təbrik etmək istəyirəm. Çünki bu, şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır və eyni zamanda şəhərin gələcək potensialını da nəzərə alır.

Bu vaxta qədər Sumqayıt bir xətt üzərində qazla təmin edilirdi. Əlbəttə ki, Sumqayıtda son illərdə yaradılmış sənaye müəssisələri, sənaye klasterləri əlavə həcm tələb edirdi. Bunu nəzərə alaraq yeni qaz kəmərinin tikintisi zəruri idi. Qaz kəmərinin uzunluğu 60 kilometrdir. Bu, böyük bir inşaat layihəsi olubdur. Qısa müddət ərzində bu kəmər istifadəyə verilir və bu gün artıq fəaliyyətə başlayır.

Bu, birinci növbədə əhalini təbii qazla təmin etmək işində önəmli addımdır. Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Əlbəttə ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yarada bilərdi, qəza nəticəsində müəyyən problemlər yarana bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, eyni zamanda ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcəkdir”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Musavat.coma-a açıqlamasında yeni layihənin Sumqayıt üçün faydalarından danışıb: “Cənab prezidentin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət Sumqayıt şəhərində də iqtisadi artımın böyüməsinə, eyni zamanda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verib.

Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Sözsüz ki, inkişaf özü ilə bərabər yeni infrastrukturun formalaşmasını, elektrik enerjisi, qaz və su təchizatı sahəsində keyfiyyətinin yüksəldilməsini zəruri edir.

Son illər ərzində Sumqayıtda yeni sənaye müəssisələrinin yaradılması, şəhərin inkişafı qaza olan tələbatı artırıb. Bu da xüsusən qış aylarında Sumqayıt şəhərinin qazla təminatında müəyyən problemlər yaradırdı. Bu baxımdan aprelin 24-də cənab Prezidentin iştirakı ilə Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı Sumqayıt şəhəri üçün mühüm əhəmiyyətə malikdir. Bu qaz kəmərinin istifadəyə verilməsi həm əhalinin, həm də şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin qaza olan tələbatını ödəmiş olacaq.

Açılan yeni magistral qaz kəməri Sumqayıtda yaradılan sənaye klasterinin və yeni sənaye müəssisələrinin dayanıqlı qaz təchizatının gücləndirilməsi üçün xüsusi önəm daşıyır. O cümlədən əhalinin qış aylarında kəsintisiz olaraq təbii qazla təmini üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi Sumqayıtın müasir sənaye şəhəri kimi daha da inkişafı üçün böyük imkanlar yaradacaq”.

Qaz ixracı idarəsinin rəisi Əkbər Hacıyev “Real” televiziyasına bildirib ki, qış aylarında Sumqayıtın qaz təchizatında problemlər olurdu: “Bu xəttin əsas məqsədi nəinki bu gün Sumqayıtda olan sənaye müəssisələrinə, gələcəkdə planlaşdırılan sənaye müəssisələrinə də qazın verilməsini təmin etməkdir. Bu kəmər açılacaq sənaye müəssisələri üçün tələbatı tamamilə yerinə yetirəcək. Bu xəttin vasitəsilə Bakıda Şimal Elektrik Stansiyasında hər hansı bir problem yaşanarsa, qaz təminatını həyata keçirmək mümkündür. Yəni bu, qeyd etdiyimiz xəttə alternativdir. İkinci tərəfdən də biz bu xətt vasitəsilə şimaldan alınan qaz xəttindən Mingəçevir Elektrik Stansiyasına da qaz ötürə biləcəyik”.

Qeyd edək ki, 60 kilometrlik və 1020 millimetr diametrlik bu qaz xəttinin inşasına 2019-cu ilin 2-ci yarısında başlanıldı.Tikintisi 15 aya planlaşdırılsa da, 6 aya yekunlaşaraq Mazdok-Qazməmməd magistral boru xəttinə birləşdirildi.

Layihəyə əsasən,kəmərin 44-cü kilometrində tikintisi nəzərdə tutulan Yaşma elektrik stansiyası və 60-cı kilometrində yeni metallurgiya üçün qol birləşmələri də quraşdırılıb.

Əli Rais,
Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər