Sumqayıtda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

2647

Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.

Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.

Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayında Aşıq Şəmşirin 125 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

Yubiley tədbirində  Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssissə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, Aşıq Şəmşirin ailə üzvləri iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədədbir iştirakçılarını salamlayaraq ölkəmizdə milli-mədəniyyətimizə olan diqqət və qayğıdan, ulu ozan səntinin görkəmli nümayəndələrindən biri olan Aşıq Şəmşir raflı məlumat verdi.

Qeyd olunub ki, Dədə Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olub. Sənətdə ilk dərsini də öz dövrünün tanınmış şairlərindən olan atası Ağdabanlı Qurbandan alıb.  Hələ yeniyetməlik illərindən böyük Aşıq Ələsgərin sazının-sözünün hikmətini mükəmməl şəkildə mənimsəyib. Bir sənətkar kimi saz-söz aləmində böyük ad-san qazanan Aşıq Şəmşir hələ gənclik illərindən dədəlik mərtəbəsinə ucalıb, hər yerdə ona Dədə Şəmşir deyə müraciət ediblər.

Vurğulanıb ki, Aşıq Şəmşirin sənətdəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib –  “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb, o dövrün ən yüksək dövlət mükafatlarından olan “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Ədibin doğma yurdu Kəlbəcərdən, həmçinin zəngin yaradıcılığından bəhs edən videoçarxın müşayiəti ilə keçən tədbirdə sazlı-sözlü qonaqlar Aşıq Şəmşirin şeirlərini səsləndirib, nəğmələrini oxuyublar.

Aşıq Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Millət vəkili Cavid Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Ümummilli lider Heydər Əliyevin xalqımızın  milli-mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Cavid Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyinin belə böyük təntənə ilə qeyd olunmasını ölkəmizdə mədəniyyətin inkişafına, aşıq sənətinə göstərilən böyük diqqətin təcəssümü kimi dəyərləndirib.
Sonda aşıqların ifasında ölməz sənətkarın qoşmaları səsləndirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər