Sumqayıtda “Azərbaycan mədəniyyəti Milli Qurtuluşun işığında” mövzusunda konfrans keçirilib

1002
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti Milli Qurtuluşun işığında” mövzusunda konfrans keçirilib.
Konfransda YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov və partiya fəalları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan Ramiz Hüseynov bildirib ki, Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra şanlı tariximizin dönüş nöqtəsini təşkil etmişdir. Lakin yenicə müstəqilliyini əldə etmiş dövlətdə hakimiyyət böhranı respublikada anarxiyanı maksimal həddə çatdırmış, xaos hər yeri bürümüşdü. Ölkənin ən yeni tarixinə özbaşınalıq, hərc-mərclik dövrü kimi daxil olan 1991-1993-cü illər milli müstəqilliyimizin itirilməsi qorxusu olan bir dövr kimi də tarixə düşdü. Erməni təcavüzünün genişlənməsi, ölkənin cənubunda və şimalında tüğyan edən separatizm, beynəlxalq təcrid və s. müşaiyət olunan ağır və hərtərəfli böhran yalnız Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı. Bu, sözün əsl mənasında Azərbaycanın və onun müstəqilliyinin xilası demək idi. Beləliklə, Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Nəticə etibarı ilə ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır.
R.Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın tərəqqisi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması isə zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Heç şübhəsiz, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var.
Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluşdan zəfərə gedən dövrüdür. R.Əliyev qeyd edib ki, xalqımız həmişə öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Kökləri çox-çox qədim zamanlara gedib çıxan milli-mənəvi dəyərlərə malik xalqımızın mədəni həyatında XX əsrdə yeni dövr başlanmışdır. Bu dövr ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ona görə də ulu öndər hakimiyyətdə olduğu həm birinci, həm də ikinci dövrdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlamışdır. R.Əliyev bildirib ki, Ulu öndər hər zaman qeyd edirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
Tədbirdə, həmçinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbinin direktoru Vaqif Süleymanov, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Əməkdar Mədəniyyət İşçisi Yeganə Əhmədova, Sumqayıtın Tarixi Muzeyinin direktoru Aygün Zülfüqarlı, Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evinin əməkdaşı Elvin Əlizadə çıxış edərək Ümummilli liderə sonsuz məhəbbətlərini ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər