Sumqayıtda bu məktəbin komandası Ümumrespublika birinciliyinin qalibi oldu-FOTOLAR

1295

FHN-in təşkil etdiyi Beynəlxalq yarışa və Ümumrespublika birinciliyinə yekun vurulub

29 iyun 2019-cu il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub.

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub. Sonra bədii hissə ilə davam edən tədbirdə qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Gürcüstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası, ikinci yerə Şamaxı, üçüncü yerə isə Ucar rayonunun komandaları layiq görülüb. Həmçinin, Bakı şəhəri 2 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar internat məktəbinin komandasıda təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər