Sumqayıtda daha bir zavod işə başlayacaq- "350-400 nəfər daimi işlə təmin olunacaq"

1057

İlin sonuna kimi SOCAR-ın Sumqayıtdakı Karbamid zavodunda ammonyak (aralıq məhsul) istehsalına başlanılacaq. Fins.az xəbər verir ki, bu barədə eksklüziv açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. “Cari ilin sonuna qədər Karbamid zavodunda ammonyak istehsalına başlanılacaq. Gələn ildən zavodda karbamid istehsalı həyata keçiriləcək. Zavodun tam gücü ilə işə salınması isə gələn ilə planlaşdırılır”, – deyə İ.Əhmədov əlavə edib.

Qeyd edək ki, Karbamid zavodunda ümumi işlərin 99,9 faizi tamamlanıb. Hazırda zavodda sınaq-sazlama işləri aparılır. Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 350-400 nəfər daimi işlə təmin olunacaq. Ötən ilin yanvarında SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.

 Azot gübrəsi – karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarına ixrac ediləcək. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal olunacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. İstehsal üçün illik qaz sərfiyyatının gündəlik 1,32 milyon kubmetr, ümumilikdə isə 435 milyon kubmetr olması gözlənilir.

Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir. Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir. Karbamid zavodunun illik gəlirinin 140-150 milyon dollar olması planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər