Sumqayıtda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

1794

Noyabrın 22-də Sumqayıt şəhərində ədliyyə işçiləri peşə bayramı gününü qeyd ediblər. Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, ədliyyə orqanlarının və məhkəmələrin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarından, bu sahədə əldə olunan uğurlardan və qarşısında duran vəzifələrdən danışılıb. Bildirilib ki, Sumqayıt şəhərində də bu istiqamətdə çox böyük işlər görülüb. Bu il Sentyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib. Kompleksdə 24 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 17 zal fəaliyyət göstərir. Məhkəmə zallarında proseslərə “Elektron məhkəmə” informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün “Femida” sistemi quraşdırılıb ki, bununla proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazılışı aparılır, məhkəmə sənədlərinin tərtibi asanlaşır, işlərə məsafədən videokonfrans formatında baxılması mümkün olur.

Tədbir iştirakçıları Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi ilə də tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər