Sumqayıtda keçirilən müəssisələrarası stolüstü tennis yarışları başa çatıb

1036

ARDNŞ-in təşkilatçılığı ilə «Azərikimya»nın inzibati binasında Sumqayıtın müəssisə, idarə və təşkilatlarının komandaları arasında stolüstü tennis üzrə şəhər turniri keçirilmişdir. 
17 komandanın iştirak etdiyi yarışlara start verilməzdən əvvəl son illər dünyada idman ölkəsi kimi tanınan respublikamızda dövlət tərəfindən Azərbaycanda idmanın inkişafına ölkə başçısı İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan, bunun bariz nümunəsi kimi 2012-ci ilin «İdman ili» elan olunmasından, bununla bağlı keçirilməkdə olan tədbirlərin idmanın kütləviliyinin artmasında və sağlamlığın qorunmasında əhəmiyyətindən, idmançıların gələcək məsul yarışlara, qələbələrə hazırlanmasında rolundan danışılmışdır.
Azərbaycanın hər zaman əzəmətlə səslənən, qürur və fərəh doğuran Dövlət himni səsləndirildikdən sonra komandalar arasında püşkatma mərasimi keçirilmişdir. Hər bir komandada 5 idmançı olmaqla Olimpiya sistemi üzrə keçirilən yarışlarda ARDNŞ-in «Azərikimya» İB və Sumqayıt şəhər Qaz İdarəsi də daxil olmaqla beş komandası, Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Təhsil şöbəsinin, «Bismak» QSK-nın, Sumqayıt Dövlət Universitetinin, «Azenko» ASC-nin komandaları, həmçinin «qonaqlar» – Qafqaz Universitetinin idmançıları və mətbuat nümayəndələri də ayrıca komanda kimi iştirak etmişlər.
Gərgin rəqabət və idman mübarizəsi şəraitində iki gün davam etmiş yarışlarda hər birinin tərkibində üç kişi və iki qadın tennisçinin olduğu komandalar maksimum fəallıq, qələbə əzmi nümayiş etdirmişlər. Finala kimi bütün yarışlarda daha yaxşı nəticələr göstərmiş Sumqayıt şəhər Təhsil şöbəsinin komandası 1-ci yeri tutaraq yarışların qalibi olmuşdur. Şəhər Yanğından Mühafizə İdarəsinin idmançıları 2-ci, «Azərikimya-1» və Etilen-polietilen zavodunun komandaları isə müvafiq olaraq 3 və 4-cü yerləri tutmuşlar.
Qalib komandalara «Azərikimya» İB Müşahidə Şurasının sədri Muxtar Babayev, Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Birlik Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov tərəfindən fəxri diplomlar və pul mükafatları təqdim edilmişdir.
Stolüstü tennis yarışları ARDNŞ-in Sumqayıtda «İdman ili» çərçivəsində keçirdiyi şəhər miqyaslı üçüncü tədbirdir. Yanvar ayında Sumqayıtın məktəb komandaları arasında futbol üzrə şəhər turniri, fevral ayında isə müəssisə və idarələrin idmançılarının fəal iştirakı ilə iki gün davam edən şahmat yarışları keçirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər